Novator.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hesabatına əsasən, bu ilin yanvar-sentyabr aylarında pensiya və müavinətlərə 2 milyard 524,5 milyon manat vəsait yönəldilib. Vəsaitin 97,3 faizini pensiya xərcləri təşkil edib.
2017-ci ilin doqquz ayı ərzində əhaliyə 67,7 milyon manat məbləğində müavinət ödənib, bunun 24,8 faizi hamiləliyə və doğuma görə, 25,1 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 14,7 faizi dəfn üçün, 35,4 faizi isə digər məqsədlər üçün müavinətlərə yönəldilib.
Oktyabrın 1-nə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 325,7 min nəfər pensiyaçı qeydiyyatda olub, bu da ölkə əhalisinin 13,6 faizidir. Onların 59,2 faizi yaşa, 29,4 faizi əlilliyə, 11,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Aylıq pensiyaların orta məbləği 203,7 manat təşkil edib.
Oktyabrın 1-nə 376,1 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə 24,8 min nəfər, əlilliyə görə 156,5 min nəfər, ailə başçısını itirməyə görə 41 min nəfər müavinət alıb. Sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı 72,3 min nəfər olub.
Əmək pensiyası almaq hüququ olmayan 54 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 354 nəfər qəyyumu aylıq müavinət alıb. Şəhid ailələrinin, müharibə əlillərinin, Çernobıl AES-də baş vermiş qəzanın ləğvində iştirak edərək I və II qrup əlil olmuş şəxslərin və müddətli hərbi xidmət qulluqçularının 8,8 min ailəsinə 16,1 min uşaq üçün aylıq müavinət verilib.
1022 nəfər bir yaşadək uşağa görə 1006 ailəyə və beşdən çox uşağı olan 3 min qadına 8,8 min uşaq üçün sosial müavinət ödənib.
2017-ci ilin doqquz ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 74763 nəfərə, o cümlədən 64064 uşağın doğulmasına görə, 4500 nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, 3785 nəfərə penitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərə və həyatını itirmiş 2414 nəfərin dəfni üçün birdəfəlik müavinətlər verib.
Oktyabrın 1-nə əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 428 nəfər zərərçəkən kompensasiya alıb.
Ölkədə 98,3 min aztəminatlı ailənin 404,6 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 36 manat təşkil edib.
Prezident təqaüdü almış şəxslərin sayı 59,3 min nəfər göstərilir.