Xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 20-si Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Görüşdə Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə zərf imzalanıb. Sənədin iki ölkə arasında diplomatik münasibətlərin inkişafının əlaməti olacağı bəyan edilib.
Görüşdən sonra keçirilən birgə brifinqdə danışan Elmar Məmmədyarov Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artırılması üçün geniş potensialın olduğunu deyib: “Bu gün keçirdiyimiz görüşdə bu və digər məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq. Ölkələrimiz arasında humanitar sahədə də əməkdaşlıq genişlənir”.
APA-nın məlumatına görə, nazir görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunun müzakirə olunduğunu qeyd edib: “Danışıqların son nəticələri barədə məlumat verdim. Moskvada intensiv və konkret mövzular ətrafında müzakirələr aparılıb. Sergey Lavrova bildirdim ki, məsələnin həllini irəli çəkməyə imkan verən bir sıra yanaşma var. Həmsədrlər də dəfələrlə qeyd ediblər ki, münaqişə zonasında mövcud vəziyyəti heç kəs qəbul etmir. Status-kvo qəbuledilməzdir və qeyri-sabitdir”.
Nazir deyib ki, köhnə və yeni ideyaların hamısı masa üzərindədir: “Biz bu ideyalardan tərəflər üçün məqbul olan vahid sənəd yaratmalıyıq. Problem asan olsaydı, çoxdan həll olunmuşdu. Biz müzakirələrdə aprel hadisələrini də yada saldıq. Vəziyyət qeyri-sabitdir və gərgin olaraq qalır. Dəfələrlə qeyd etmişik ki, siyasi iradə tələb edən addım atmalıyıq. Hansı addımlar atmalı olduğumuzu hamı bilir. Sadəcə hərəkətin sürəti zəifdir. Azərbaycan BMT qətnamələrinin icrasını tələb edir. Münaqişənin həlli üçün səylər üçqat artırılmalıdır”.
Elmar Məmmədyarov əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb olunur: “Mən bu qətnamələrin yerinə yetiriləcəyinə şübhə etmirəm. Biz bu istiqamətdə irəliləyirik”.
Sergey Lavrov deyib ki, həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin həlinə gətirən bir sıra istiqamətlər ətrafında fikir mübadiləsi aparıb: “Üç həmsədrdən biri olaraq hər iki tərəf üçün məqbul olan sülh yolu ilə həll istiqamətində çalışacağıq. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sənədlər paket sənədlər kimi tərtib olunub. Bu və digər elementi çıxarmaq mümkün olmur. Diplomatiya hər iki tərəf üçün məqbul olan variantı tapacaq”.