Əli Həsənov: “Bu, dünya nizamı üçün böyük təhdid deməkdir”
- 20 Noyabr 2017
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Noyabrın 20-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin və Avropa Azərbaycanlıları Konqresinin təşkilati dəstəyi ilə “Avropa Azərbaycanlılarının Qarabağ Forumu” keçirilir.
Beynəlxalq forumda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Avropa Parlamentinin üzvləri, Avropa siyasətçiləri, ekspertlər, həmçinin Azərbaycanın Avropada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri iştirak edirlər.
Prezidentin köməkçisi Əli Həsənov forumun açılışında çıxış edib.
Forumun müasir dünyanı narahat edən çox aktual bir mövzuya həsr olunduğunu vurğulayan Əli Həsənov deyib ki, tədbirdə beynəlxalq terrorizmin və etnik separatizm kimi təhlükəli meyillərin doğurduğu böhranın həlli yollarının axtarılması ilə bağlı müzakirələrin aparılması mühüm əhəmiyyət daşıyır: “Qaçqın və miqrant problemlərinin, insan alveri və qaçaqmalçılığın, siyasi və iqtisadi sabitliyə, nəqliyyat-enerji təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərin aradan qaldırımasındakı çətinliklər hamımızı narahat edir. Müşahidələr göstərir ki, bu təhdidlərin içərisində etnik separatizm və onun mənfi təzahürləri xüsusi yer tutur”.
Əli Həsənov bildirib ki, müasir dövrdə dünyada etnik separatizm meyillərinin güclənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən mühüm amillərdən biridir: “Hazırda dünyada 220 milyon nəfərdən çox əhalini və 12,7 milyon kvadrat kilometr ərazini əhatə edən 50-dən çox əsas etnik separatizm ocağı mövcuddur. Etnik separatizmin nəticəsində yaranan münaqişələrin 20-sindən çoxu hərbi toqquşmalarla müşahidə olunur.
Etnik münaqişələrin yayılma coğrafiyası demək olar ki, dünyanın əksər bölgələrini əhatə edir. Avropada Böyük Britaniya ilə Şimali İrlandiya və Şotlandiya, Belçika ilə Flandriya və Valloniya, Fransa ilə Paris aqlomerasiyası və Korsika, İspaniya ilə basklar və Kataloniya, Serbiya ilə Kosovo, Asiyada İsraillə Fələstin, Hindistanla Kəşmir və Pəncab, Çinlə Tibet, Afrikada Nigeriya ilə Şimali Nigeriya, Sudanla Cənubi Sudan, Amerikada Kanada ilə Kvebek, Meksika ilə Çyapas və s. arasındakı etnik münaqişələr uzun illərdir davam edir”.
Əli Həsənov xatırladıb ki, soyuq müharibənin başa çatmasından sonra keçmiş SSRİ məkanında etnik separatizm meyillərinin yeni dalğası meydana gəlib: “Nəticədə Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Osetiya, Moldovada Dnestryanı münaqişələr regionun sabitliyini hər an poza biləcək potensial təhlükə mənbəyinə çevrilib. Bu münaqişələr beynəlxalq hüquqi prinsiplərin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı ciddi təhdidlərin yaranmasına gətirib çıxarır.
Bu gün BMT, ATƏT və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların etnik separatizmə qarşı qətiyyətli mübarizə aparması vacib məsələlərdən biridir. Əks halda etnik separatizm mənfi tendensiya kimi dünya ərazisinin böyük bir qismini millətlərarası münaqişələr meydanına çevirə bilər.
Təəssüf ki, hazırda beynəlxalq münasibətlər sistemində hökm sürən “ikili standartlar” siyasəti etnik separatçılığa qarşı qətiyyətli və prinsipial şəkildə mübarizə aparılmasına maneə törədir. Bəzi hallarda aparıcı beynəlxalq təşkilatlar etnik separatçılığın aradan qaldırılmasını nəzərdə tutan, təsirli mübarizə metodlarını və cinayətkarların cəzalandırılması mexanizmini özündə ehtiva edən hüquqi normalara bütün dünya dövlətlərinin əməl edib-etmədiyi məsələsinə biganə yanaşırlar. Bu isə BMT, ATƏT və Avropa Şurası kimi təşkilatların obyektivliyinə və prinsipiallığına kölgə salır. Ona görə də həmin qurumlar ikili standartlar mövqeyindən əl çəkməli və etnik münaqişələrin beynəlxalq hüquqi normalar çərçivəsində həlli üçün səylərini artırmalıdır”.
Azərbaycan prezidentinin köməkçisi qeyd edib ki, hazırda dini-irqi və milli dözümsüzlük, dağıdıcı separatizm kimi hallar insanları kütləvi şəkildə qaçqın və miqrant həyatı yaşamağa məcbur edir: “Bu sahədə mövcud olan problemlərin çətinliyini Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasətinə məruz qalmış Azərbaycan daha yaxından anlayır. Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti özünün dövlət müstəqilliyini elan etdiyi dövrdə erməni separatizmi ilə üz-üzə qaldı. Keçmiş SSRİ dövründə ermənilərin Azərbaycana qarşı separatçı hərəkətləri fəal fazadan nisbətən közərən münaqişə fazasına keçdi. Lakin SSRİ-nin süqutundan sonra Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürərək etnik separatizm və işğalçılıq siyasəti aparmağa başladı. Ermənistan silahlı qüvvələri 1992-ci ilin fevral ayında Xocalı şəhərinin azərbaycanlı əhalisinə qarşı soyqırımı törətdi. Ermənilərin etnik separatizm və ərazi iddiaları əsasında meydana gəlmiş Dağlıq Qarabağ münaqişəsinin nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olundu. Erməni separatçılarının Ermənistanın dəstəyi ilə Azərbaycanın ərazisində yaratdığı qondarma Dağlıq Qarabağ rejiminin fəaliyyəti beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Təəssüf ki, bu məsələyə münasibətdə BMT başda olmaqla beynəlxalq hüquqi prinsipləri təmin etmək missiyası yerinə yetirdiyini iddia edən təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri seyrçi mövqe tutmaqda davam edir.
Azərbaycanın mövqeyinə görə, bir dövlətin beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlətin yaradılması və bu məqsədə nail olmaq üçün milli, etnik zəmində parçalanmaya əl atılması yolverilməzdir. Azərbaycan dünya birliyini Dağlıq Qarabağ münaqişəsinin regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdarlıq edərək, qəti şəkildə praktik addımlar atmağa və Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırır. Hesab edirik ki, təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəldilmiş səyləri nəticəsiz qalacaq, etnik münaqişələrin miqyası daha da genişlənəcək ki, bu da dünya nizamı üçün böyük təhdid deməkdir.
Millətçilik və etnomədəni terrorizmlə bağlı məsələlər dini inancların, milli mədəniyyətlərin yanaşı yaşaması və etnik müxtəlifliyin təmin olunmasının perspektivləri haqqında daha ətraflı fikirləşməyi tələb edir. Təəssüf ki, bu məsələyə münasibətdə bəzən xoşagəlməz yanaşmalar da özünü göstərir. Hesab olunur ki, guya mədəniyyətlərarası dialoq və yaxud etnik müxtəliflik milli kimliyə xələl gətirən dağıdıcı proseslərə səbəb ola bilər, etnik qruplar və miqrantlar isə məskunlaşdıqları ölkələrdə ictimai-siyasi və kulturoloji xarakterli problemlər yaradar. Təbii ki, bu cür mövqe ilə razılaşmaq mümkün deyil. Çünki bəşəriyyətin mütərəqqi inkişafını sivilizasiyalararası dialoqsuz və etnik müxtəliflik olmadan təsəvvür etmək çox çətindir. Ona görə də həm sivil dünyada, həm də onun bir parçası olan Azərbaycanda bu gün mədəniyyətlərarası dialoq və etnik müxtəliflik cəmiyyətin sabit və dayanıqlı inkişafını təmin edən mühüm şərtlərdən biri kimi qiymətləndirilir”.
Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərindən, “Qonşuluq siyasəti” və “Şərq tərəfdaşlığı” proqramlarındakı iştirakından, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu kimi transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsindən söz açan Əli Həsənov vurğulayıb ki, ölkəmizin Xəzər hövzəsinin enerji resurslarının birgə istismarı və alternativ transmilli layihələr vasitəsilə Avropa bazarlarına ixracı sahəsində apardığı siyasət, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərin müasir tələblərə uyğun yenidən qurulması Avropa İttifaqı tərəfindən dəstəklənır: “2007-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış tərəfdaşlıq müqaviləsi “Cənub Qaz Dəhlizi”nin icrası istiqamətində mühüm addımlardan biri olub. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Trans-Anadolu qaz kəməri (TANAP) və TAP (Trans-Adriatik Qaz Boru Kəməri) kimi layihələr Avropa İttifaqının lazımi dəstəyini qazanıb və Avropa Komissiyasının ortaq maraqlara xidmət edən prioritet enerji təhlükəsizliyi layihələri sırasına daxil edilib. Xəzər hövzəsi və Orta Şərqin zəngin enerji ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan Cənub qaz dəhlizi layihəsi ilə bağlı Azərbaycanın gördüyü işlər Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycan yalnız Avropa İttifaqının enerji təminatı və təhlükəsizliyi baxımından, habelə “Qonşuluq siyasəti”nin əsas tərəfdaşlarından biri kimi deyil, həmçinin dünyanın müxtəlif bölgələrində – Əfqanıstanda, İraqda, Balkanlarda və s. həyata keçirdiyi sülhyaratma proseslərində birbaşa iştirakı, NATO-nun qeyri-hərbi ehtiyatlarla təchizatı, təhlükəsiz hava dəhlizinin təqdim olunması istiqamətində fəaliyyəti ilə Qərbin etibarlı tərəfdaşı hesab olunur”.
Əli Həsənov bildirib ki, hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar prosesi davam edir: “İnanıram ki, bu sənədin imzalanması tərəflər arasında siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər sahələrdə genişmiqyaslı əməkdaşlığın möhkəmlənməsi üçün əlverişli imkanlar yaradacaq.
Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi hələ də həllini tapmamış problemlər Azərbaycanın Avropa İttifaqı ilə yüksək səviyyədə tərəfdaşlıq münasibətlərinin inkişaf etməsinə maneçilik törədir. Münaqişə ilə bağlı BMT-nin, o cümlədən Avropa İttifaqının müvafiq qətnamələrinin tələblərinə baxmayaq, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. Hesab edirəm ki, Avropa İttifaqının işğalçı dövlətə qarşı sərt mövqedən çıxış etməsi bu qurumla Azərbaycan arasındakı strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirən növbəti mühüm faktorlardan biri ola bilər”.
Çıxışının sonunda Əli Həsənov deyib ki, milli-etnik qarşıdurmaların, dini dözümsüzlüyün, qaçqın və miqrant problemlərinin aradan qaldırılması, insanların sivil birgəyaşayış şəraitində yaşaması üçün mədəniyyətlərarası dialoqun və etnik müxtəlifliyin imkanlarından istifadə etmək zəruridir: “Bununla yanaşı, daim nəzərə alınmalıdır ki, bəşəriyyəti narahat edən qlobal problemlərin həllində ən mühüm vasitələrdən biri də dövlətlərarası siyasi, sosial-iqtisadi, mədəni və elmi-texnoloji qarşılıqlı əlaqələrin möhkəmləndirilməsidir”.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkələrin ərazi bütövlüyünün regional və qlobal səviyyədə pozulması halları, separatizm nəticəsində yaranmış münaqişələrin və separatçı meyillərin aradan qaldırılması yolları müzakirə olunub.
Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko forumdakı çıxışında dünyada baş verən dini-etnik münaqişələrdən bəhs edərək onlardan çıxış yolları barədə danışıb.
Forum işini Avropada separatizm mövzusuna həsr edilən əsas panel iclası ilə davam etdirir.
Tədbir çərçivəsində Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş ayrıca panel iclası da keçiriləcək.