Xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-sı Moskvada ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, Rusiyadan olan həmsədri İqor Popov, ABŞ-dan olan həmsədri Endrü Skofer və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşiklə görüşüb.
AZƏRTAC-a danışan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, görüş konstruktiv və substantiv xarakter daşıyıb, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan bütün təkliflər üzrə konkret müzakirələr aparılıb: “Azərbaycan aparılmış müzakirələrdən razıdır. Görüş əsnasında təklif olunub ki, ATƏT-in xarici işlər nazirlərinin dekabrın 7-8-i Vyanada keçiriləcək toplantısı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüşsün. Azərbaycan bu təklifə razılığını bildirib”.
Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli və regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün substantiv, məntiqi və konkret danışıqları daim dəstəkləyir.
1988-ci ildən Ermənistan Dağlıq Qarabağ bölgəsini Azərbaycandan qoparmaq üçün təcavüzə başlayıb. 1991-ci ildə erməni separatçılar Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca alovlanan işğalçı müharibədə Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Ermənistanın nəzarətinə keçib.
1994-cü ildə elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir. Hazırda sülh danışıqları Madrid prinsipləri əsasında aparılır. Minsk qrupu həmsədrlərinin 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılması şərti ilə bölgənin yekun statusunun müəyyənləşməsini nəzərdə tutur.