Noyabrın 15-i saat 23:48-də Ağdam ərazisində zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzi bəyan edib ki, ocağı 25 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6 bala yaxın, yaxınlıqdakı yaşayış məntəqələrində 5-3 bala qədər hiss olunub.
Noyabrın 16-sı saat 02:02-də isə Bərdə ərazisində zəlzələ olub. Bu zəlzələ episentrdə 3 bala qədər hiss edilib, ətraf yaşayış məntəqələrinə, habelə Ucar, Gəncə, Şəki, Zaqatala, Şəmkir və digər bölgələrə təsir edib.
Zəlzələnin Ermənistanı və Gürcüstanı da titrətdiyi bildirilir.
APA-nın məlumatına görə, Tərtər rayonunda bəzi evlərə ziyan dəyib, Qapanlı kəndində bir nəfər yüngül xəsarət alıb.
Zəlzələdən sonra Ağdam rayonunun bir neçə kəndində elektrik enerjisi kəsilib.
Bərdədə Meşəçilik adlanan ərazidə çiy kərpicdən tikilən bir evin uçduğu xəbər verilir.
Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli “Trend”ə deyib ki, Ağdamda baş verən zəlzələdən sonra kiçik təkanlar qeydə alınır, enerji boşalması baş verir. Onun sözlərinə görə, Ağdamdakı zəlzələ fəsadlar törədə bilən zəlzələ olmayıb: “Yerin 25 kilometr dərinliyində olan o gücdə zəlzələ dağıdıcı gücə malik deyil. Bizim Ağdamda olan seysmik stansiyamız elə düz episentrdə yerləşir. Stansiyada heç bir adi çat da əmələ gəlməyib. Normal tikililərlədə bu zəlzələ heç bir fəsadlar törədə bilməzdi. Kənd yerində zəif divar, tövlə tikirlər, onlarda çat əmələ gələ, lap divar tökülə də bilər. Amma normal tikililər üçün heç bir qorxu yoxdur”.
“Trend”ə açıqlama verən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov ilkin məlumata görə, 132 ev, 1 məktəb binasında çat yaranıb.
“Report”un Şirvan bürosunun məlumatına görə, Mingəçevir şəhərində zəlzələ zamanı 20 nəfər xəstəxanaya yerləşdirilib, yeniyetmə qızın qorxudan ayaqları tutulub. Zəlzələdən sonra Mingəçevir Şəhər Təcili Tibbi Yardım Stansiyası gücləndirlimiş iş rejiminə keçib. Xəstəxanaya yerləşdirilənlər əsasən həyəcan və qorxudan şok keçirənlər olub. Bir nəfər isə zəlzələ anında hündürmərtəbəli binanın 2-ci mərtəbəsindən özünü atıb və ağır bədən xəsarəti alıb. Xəstəxanaya çatdırlanlara ilkin tibbi yardım göstərilib.