Sərbəst necə toplaşmalı?
- 15 Noyabr 2017
- comments
- Səidə Hüseynova
- Posted in AktualTribuna
“Birinci dəfə deyil ki, heç vaxt toplaşmağımıza, tədbir keçirməyimizə imkan verməyiblər. Əvvəllər deyirdilər ki, bunun üçün icra hakimiyyətinə müraciət edib, icazə alın. Toplantı üçün müraciət edəndə isə rədd cavabı verirlər, deyirlər ki, toplaşmaq olmaz”.
Bunu Müsavat Partiyası Şəki şəhər təşkilatının sədri Bakıxan Qəribli deyir. Aparıcı müxalifət partiyalarından olan Müsavat Şəki şəhərində toplaşıb, anım tədbiri keçirmək istəyib, ancaq imkan verməyiblər.
“Mirzə Fətəli Axundovun (Azərbaycan klassiki) xatirəsinə həsr olunmuş tədbir keçirmək istəyirdik. Tədbirdən bir ay əvvəl icra hakimiyyətinə müraciət göndərdik. Tədbir planlaşdırılan gündən əvvəl cavab göndərdilər, rədd cavabı verdilər. Bu, bizim hüququmuzun pozulmasıdır. Konstitusiya, “Sərbəst toplaşmaq haqqında” qanun bizə bu hüququ verib. Ancaq kimdir buna baxan? Məhkəmə də bunlar deyəni deyir, qanuna, Konstitusiyaya baxan yoxdur”.
Müsavatçılar həm də əksər digər sahələrlə yanaşı, toplaşmaq zamanı, bu hüquqadan istifadə istəyi zamanı ayrı-seçkiliyə məruz qaldıqlarını deyirlər.
“Müxalifətçisənsə, hüququn, haqqın yoxdur. Bizim toplaşmağımıza imkan vermirlər, istəyirsən bayram elə, istəyirsən etiraz elə, toplaşmaq olmaz, vəssalam. Ancaq hakim partiya harda istəsə toplaşa bilər. Əslində toplamaga adam da tapmırlar. İnzibati yolla toplayırlar insanları, tədbir keçirirlər. Onlar üçün icazə proseduru da lazım deyil. YAP nə vaxt, harda istəsə toplana, tədbir keçirə bilər”, rayondakı qərargahı da əlindən alınan müsavatçılar deyirlər.
Onların deməsində görə, 15 ildən çoxdur ki, belə şərtlər altında çalışır, fəaliyyət göstərirlər. Sonuncu dəfə nə zaman kütləvi tədbir keçirdiklərini xatırlamırlar. Müsavatçilar, eləcə də rayondakı digər müxalif düşüncəli qruplar sonuncu dəfə kütləvi tədbirlərdə Bakıda, Milli Şuranın etiraz aksiyasında iştirak etdiklərini söyləyirlər.
Şəkidə fəaliyyət göstərən əsas partiya – hakim Yeni Azərbaycan Partiyasının rayon təşkilatının özünü təqdim etməyən nümayəndəsi sərbəst toplaşmaq hüququnun heç bir halda qanunsuz məhdudlaşdırılmadığını deyir.
“Biz il ərzində onlarla tədbir keçiririk. Hər addımımızı qanunlara hərmətlə atırıq, ona görə də heç bir müdaxilə, məhdudlaşdırma olmur. İnsanlar gəlirlər, həvəslə iştirak edirlər. Narazılqı edən bir qrup var, onlar təkcə bir şeydən deyil, hər şeydən narazılıq edirlər. Onlar yaxşı heç nəyi görümürlər”, hakim partiyanın rayon təşkilatından bildirirlər.
Yalnız Şəkidəmi? Ümumi mənzərə necədir?
Son zamanlar birləşmək, toplaşmaq azadlığı sahəsində araşdırmalar aparmış Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli deyir ki, Şəkidəki durum əslində, bütünlükdə ölkədəki durumu dolgun ifadə edir. O, 2017-ci ildə birləşmək və toplaşmaq azadlığı sahəsindəki gəlişmələri bölüşür.
“2017-ci ildə birləşmək və toplaşmaq azadlığının vəziyyəti ilə bağlı heç bir irəliləyiş olmadı. 2014-15-ci illərdə QHT-lər və qrantlar haqqında qanuna edilən dəyişikliklər müstəqil QHT-lərin xaricdən maliyyələşməsini və faktiki fəaliyyətini məhdudlaşdırıb. Bununla yanaşı 2017-ci il ərzində beynəlxalq QHT-lərin Azərbaycanda fəaliyyətinin bərpası ilə bağlı cəhdlər uğursuz olub. 2014-cü ildə Baş Prokurorluq tərəfindən müstəqil yerli və beynəlxalq təşkilatlara qarşı açılmış cinayət işi, QHT rəhbərlərinin bank hesablarının həbsi, vergi cəzaları və ölkədən çıxma qadağaları hələ də davam edir. Qanunsuz səyahət qadağası nəticəsində 60-dan artıq jurnalist, vəkil və vətəndaş cəmiyyəti fəalı beynəlxalq tədbirlərdə iştirak edə bilmir”.
O, əlavə edir ki, hakimiyyət müxalifət və müstəqil qrupların nümayişlərini məhdudlaşdırmaq üçün sərbəst toplaşmaq azadlığı haqqında qanunundan sui-istifadə edir.
“Azərbaycan qanunvericiliyi mitinq təşkilatçılarından yerli icra orqanını xəbərdarlıq edilməsini tələb edir. Yerli icra hakimiyyəti isə öz növbəsində yalnız təhlükəsizliyi təmin edə bilmədikdə və ya digər bir nümayişlə üst-üstə düşdükdə nümayişə icazə verməkdən imtina edə bilər. Lakin hakimiyyət 2006-cı ildən etibarən bütün müxalifət nümayişlərinə şəhərin mərkəzində qeyri-qanuni qadağa tətbiq edir. Müxalifətə Bakı şəhərinin kənarında, eyni zamanda polislərin sıx nəzarəti altında, nümayişçilərin polis tərəfindən fərdi qaydada yoxlanmasıyla icazə verir. Əlavə olaraq qorxu yaratmaq üçün iştirakçıların şəkli mülki geyimlilər və polis tərəfindən çəkilir. İcazəsiz nümayişlər isə polis tərəfindən bir çox hallarda zorakılıqla dağıdılır, dinc nümayişçilər, təşkilatçılar həbs edilirlər”, o, bildirir.
SMDT-nin bilgilərinə görə, hakim siyasi qüvvələr üçün hər hansı məhdudiyyət yoxdur. Ancaq müxaliflərə gəldikdə, yanaşma dəyişir. Məsələn mxaliflər 2017-ci ilin aprel, sentyabr və oktyabr aylarında 3 sanksiyalı mitinq keçiriblər. Ancaq bu tədbirlər də sanki həmin qüvvələrin gözünü qorxutmaq vasitəsinə çevrilib. Həmin aksiyalarda onlarla şəxs saxlanılıb, həbs edilib, müxtəlif basqılara məruz qalıb…
Hüquq müdafiəçisi Samir Kaızmlı Azərbaycanda, xüsusilə bölgələrdə sərbəst toplaşmaq və birləşmək azadlığınlın demək olar ki, tam məhdudlaşdırıldığını deyir.
“Bölgədəki fəalları davamlı olaraq hüquq mühafizə orqanlarının əməkdaşları izləyir. Müstəqil QHT-lərin, müxalif siyasi partiyalar açıq tədbirlər keçirməsinə heç bir şərait yaradılmır, imkan verilmir. Qapalı keçirilən tədbirlər haqda polis məlumat tutan kimi gəlib tədbirə müdaxilə edir, sonra tədbirdə iştirak edən yerli fəallara və tədbir keçirilən obyektin sahibinə təzyiqlər edilir. Ümumiyyətlə bölgələrdə obyektlərə belə tədbirlərin keçirilməməsinə yer verməmələri tapşırılıb. Kimin obyektində tədbir keçimək istəniləndə bu barədə obyekt sahibindən icra hakimiyyətinə və yerli hüquq mühafizə orqanlarına məlumat vermələri tələb olunur. Dəfələrlə olub ki, obyekt sahibi əvvəl tədbir keçirilməsinə razı olub, sonra isə imtina edib. Hazırda Bakıda QHT yaradıb fəaliyyət göstərmək çətindir. Belə halda bölgələrdə QHT yaradıb müsyəqil şəkildə fəaliyyət göstərmək çətindir”, hüquq müdafiəçisi deyir.
Rəsmilərin bu sahədə duruma münasibət tam əksinədir.
Azərbaycan parlamentinin vitse-spikeri Ziyafət Əsgərov payız sessiyasında Azərbaycanda bütün hüquqların yüksək səviyyədə təmin edildiyini qeyd edib. O, sərbəst toplaşmaq hüququnun təmini ilə bağlı da hansısa problemin olmadığını vurğulayıb.
Hüquq nə deyir, əslində necə olmalıdır?
Hüquqşunas Ramil Qarayev əslində, qanunların sərbəst toplaşmaq hüququnu kifayət qədər aydın ifadə etdiyini deyir.
“Azərbaycan Konstitusiyasının 49-cu maddəsi ümumilikdə bu azadlığa həsr olunub. Həmin maddə deyir ki, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azdalığı var. Hər kəs başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışa, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirə, piketlər düzənləyə bilər. Sərbəst toplaşmaq azadlığı “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla xüsusi tənzimlənir. Qanuna müvafiq olaraq toplantı təşkil edəcək olan insanlar müvafiq dövlət orqanını ən azı 5 gün qabaqcadan xəbərdar etməlidir. Başqa şərt budur ki, aksiyalar dövlət obyektlərindən ən azı 150-200 metr aralıda keçirilməlidir. İcazəli aksiya ilə beynəlxalq və ya dövlət əhəmiyyətli tədbirlər üst-üstə düşərsə, aksiya ləğv edilə bilər”, hüquqşunas deyir.
Onun sözlərinə görə, aksiya keçirmək istəyənlərin xəbərdarlıq məktubu sadəcə, məlumatlandırma xarakteri daşıyır. Bu məktubu alan dövlət qurumu aksiyanın təhlükəsizliyinə cavabdehlik daşımış olur. Müraciətin mənası da əslində elə budur – “biz toplanacağıq, bizim təhlükəsizliyimizin qaygısına qalın”.
Hüquşunas eləcə də, Azərbaycanın sərbəst toplaşmaq hüququ ilə bağlı beynəlxalq müqavilələrlə üzərinə öhdəliklər götürdüyünü vurğulayır.
“Avropa Konvensiyasının 11-ci maddəsində yığıncaqlar və birləşmək azadlığı öz əksini tapıb. Həmin maddəyə görə, hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla başqaları ilə birləşmək azadlığı hüququ var. Bundan başqa sərbəst toplaşmaq azadlığı bir sıra digər beynəlxalq aktlarda da öz əksini tapmışdır. 1948-ci ildə qəbul olunmuş “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 20-ci maddəsində hər bir insanın azad şəkildə dinc yığıncaqlar keçirmək hüququ təsbit olunub. Azərbaycan bu sənədlərin hamısına qoşulub”.
Durumu yaxşılaşdırmanın yolu nədir?
“Durumu yaxşılaşdırmaq üçün ilk növbədə bu pozuntular barədə yerli və beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, onları mümkün qədər məhkəmələr yolu ilə hüquqi müstəvidə mübahisələndirmək, işləri Avropa Məhkəməsinə aparmaq lazımdır”. Hüquq müdafiəçisi S.Kazımlı belə deyir.
Onun fikrincə, bu sferada baş verən bütün olayları qeydə almaq və sənədləşdirmək lazımdır.
“Eyni zamanda pozuntularla bağlı məsələləri rəsmi qaydada sənədləşdirmək üçün ombudsmana və rəsmi qurumlara müraciət etmək lazımdır. Həmçinin, belə pozuntularla bağlı hesabatları həm də ombudsmana, ölkə rəhbərliyinə göndırmək lazımdlr ki, onlar sonra “xəbərimiz yoxdur” deməsinlər”, S.Kazimli deyir.
Onun fikrincə, ümumilikdə siyasi hakimiyyət anlamalıdır ki, fundamental insan hüquq və azadlıqlarını boğmaq dövlətə zərbə vurur.
“Hökumət qanunlara əməl, hörmət etməlidir. Beynəlxalq qurumlar da hökumətin üzərinə götürdüyü öhdəliklərə əməl etməsini monitorinq etməli, öhdəliklərini davamlı onlara xatırlatmalıdır”, o, vurğulayır..
Toplaşmaq hüququ pozulanların çoxu çıxış yolunu məhkəmələrdə görür. Onlar yerli məhkəmələrin ədalətinə güvənmir, daha çox Avropa İnsan Haqları Məhkəməsinin ədalətli qərar verəcəyinə ümid edirlər.
Tədbir keçirmələrinə imkan verilməyən Şəki müsavatçıları da məhkəməyə müraciət edib. Onların təmsilçisi Elman Fəttah deyir ki, tədbir keçirmələrinə icazə verməməklə yerli icra hakimiyyəti onların sərbəst toplaşmaq hüququnu pozub.
“Biz əvvəlcə icra hakimiyyətinin toplantıya icazə verməməsindən Şəki şəhər İnzibati-İqtisad Məhkəməsinə şikayət etmişdik. Ancaq məhkəmə də heç bir əsaslandırma gətirmədən icra hakimiyyətinin partiyanın toplantısına icazə verməməsini qanuni saydı, iddiamızı təmin etmədi. Həmin qərardan Şəki Apellyasiya Məhkəməsinə şikayət etdik, ancaq həmin şikayətimizdə rədd edildi”, E.Fəttah bildirib.
O, yerli məhkəmələrdə icra hakimiyyəti əleyhinə qərarın çıxarılmasını mümkün saymır. Ona görə də əsas hədəflərinin Avropa Məhkəməsi olduğunu bildirir. Hesab edir ki, hüquq pozuntusu beynəlxalq məhkəmədə mütləq tanınacaq.
E.Fəttaha görə, belə qərarların çox olması sonucda ümumi problemli mənzərənin dəyişməsinə də təsir göstərə bilər.
Xalid Agaliyev