Dövlət başçısı İlham Əliyevin 13 noyabr fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Agentlik qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin təhlilini, qida məhsullarının və onları qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi, ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Quruma prezidentin təyin etdiyi sədr rəhbərlik edir. Sədrin iki müavini var, onların da təyinatı prezidentin səlahiyyətidir.
Novator.az-ın məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyi Aparatının işçilərinin say həddi 75 ştat vahidi müəyyən olunub.
Fərmana əsasən, Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu yaradılır. İnstitut qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmalar aparacaq, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini həyata keçirəcək, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrini hazırlayacaq, qida məhsullarına dair digər beynəlxalq standartların könüllü tətbiqi, qida məhsullarının təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərəcək.