Noyabrın 14-ü Ali Məhkəmədə keçmiş səhiyyə naziri Əli İnsanovun şikayəti üzrə proses keçirilib.
Novator.az bildirir ki, 1946-cı il təvəllüdlü Əli İnsanov səhiyyə naziri postunu 1993-2005-ci illərdə tutub. 2005-ci ilin oktyabr ayında həbs olunan Əli İnsanov iqtisadi cinayətlər ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
2016-cı il avqustun 24-də Əli İnsanova yeni cinayət işi qaldırılıb. İttihama görə, avqustun 23-də 13 saylı Cəzaçəkmə Müəssisəsində rejim qaydalarına baxış tədbirləri keçirilərkən Əli İnsanovda psixotrop maddə hesab edilən həblər, cəzaçəkmə müəssisələrində qadağan olunmuş güclü təsiredici dərman vasitəsi aşkar olunub, Penitensiar Xidmətin əməkdaşları protokol tərtib edərkən Əli İnsanov onlara mane olmağa cəhd göstərərək protokolu cırıb, ədliyyə zabitinə zor tətbiq edib və sağlamlığı üçün təhlükəli xəsarətlər yetirib.
Bu il aprelin 26-da Qaradağ Rayon Məhkəməsi Əli İnsanovu 7 il 5 gün müddətinə azadlıqdan məhrum edib və sabiq nazirin həbsi 2023-cü ilədək uzadılıb. Bakı Apellyasiya Məhkəməsi əvvəlki instansiyanın hökmünü qüvvədə saxlayıb.
Azadliq.org-un məlumatına görə, Ali Məhkəmədə noyabrın 14-də keçirilən prosesdə prokuror cinayət işinin materialları ilə tanış ola bilmədiyini deyərək məhkəmədən vaxt istəyib.
Əli İnsanovun vəkili etiraz etsə də, hakimlər kollegiyası prokurora tanışlıq üçün vaxt verib, amma möhlətin müddəti açıqlanmayıb.