Noyabrın 13-də Milli Məclisin insan hüquqları; regional məsələlər; hüquq siyasəti və dövlət quruculuğu; mədəniyyət; gənclər və idman komitələrinin birgə iclası keçirilib. İclasda 2018-ci ilin dövlət büdcəsi layihəsi müzakirə olunub, həmçinin gələn il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında layihələrə baxılıb.
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova iclasda qeyd edib ki, gələn il Azərbaycanın turizm sektorunun 6,6 faiz artacağı proqnozlaşdırılır, İKT sektorunda isə 5,1 faiz artım nəzərdə tutulur.
AZƏRTAC-ın məlumatına görə, Sevinc Həsənova aqrar sektor üzrə 6,2 faiz artımın gözləndiyini vurğulayıb.
Maliyyə nazirinin müavini Azər Bayramov deyib ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 651 milyon manat proqnozlaşdırılır: “Bu, cari illə müqayisədə 4 milyon manat çoxdur. Gələn il rayon və şəhərlərin yerli xərcləri 424 milyon manat təşkil edəcək, bu da cari illə müqayisədə 3 milyon manat artıqdır. 2018-ci ildə yerli xərclərin tənzimlənməsi üçün ayrılan maliyyə yardımının yerli xərclərin tərkibində xüsusi çəkisi 10,1 faiz olacaq”.
Nazir müavini qeyd edib ki, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi, o cümlədən onların mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün büdcədən bütövlükdə 487 milyon manat nəzərdə tutulub: “Bu, cari illə müqayisədə 49,5 faiz və ya 161 milyon manat çoxdur”.
Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova deyib ki, məşğulluğun təmin olunması, sosial müdafiənin təşkili, təhsilə, səhiyyəyə, mədəniyyətə, yaradıcı sahələrə diqqət 2018-ci il büdcəsində də öz əksini tapır: “Həssas qruplara qayğı, xüsusilə ehtiyacı olan təbəqənin problemlərinin həlli ilə bağlı büdcə göstəricilərini nəzərə alsaq, vurğulamalıyıq ki, bu dəfə də Azərbaycan Respublikasının dövlət büdcəsi sosial yönümlü xarakterini saxlayır”.