“Azərbaycan uğurlu, sürətli, dayanıqlı inkişaf nümunəsi göstərir”. Noyabrın 10-u Gəncədə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşən prezident İlham Əliyev belə deyib.
Dövlət başçısı qeyd edib ki, son illər Gəncənin yeniləşməsi ilə bağlı çox addım atılıb: “Bu gün həm qədim, həm müasir Gəncə nəinki Azərbaycanın, regionun mərkəzlərindən biridir. Burada infrastrukturla bağlı bir çox layihə icra edilib. Qazlaşdırma 100 faiz səviyyəsindədir, elektrik enerjisi tam təmin edilir, içməli su layihəsi icra olunur. Bu layihə çox böyük vəsait tələb edən layihədir, texniki cəhətdən də o qədər asan layihə deyil. Onun icrası üçün əlavə addımlar atılacaq. Əminəm ki, 2019-cu ildə Gəncədə içməli su problemi də tamamilə aradan qaldırılacaq və sakinlər 24 saat təmiz içməli su ilə təmin olunacaq.
Yol infrastrukturunun təkmilləşdirilməsi, müasirləşməsi üçün addımlar atılıb, yenə də atılacaq. Bakı-Gəncə avtomagistralı dünyanın ən yüksək standartlarına cavab verir, dördzolaqlı gözəl, hamar, sürətli yoldur. Biz gələn ildən başlayaraq Gəncə-Gürcüstan sərhədi avtomobil yolunu da genişləndirəcəyik. Həm digər şəhərlərimizə, həm də sərhədə gedən bu yol indi ikizolaqlıdır, genişləndirildikdən sonra dördzolaqlı olacaq.
Bakı-Gəncə sürət qatarının işə salınması ilə bağlı məsələlərin araşdırılması üçün göstəriş verilib. Azərbaycan dünyanın ən müasir qatarlarını alır və bu proses davam etdiriləcək. Birinci sürət qatarları Bakı-Sumqayıt, Bakı-Gəncə qatarları olacaq. Dəmir yolunun yenidən qurulması prosesi uğurla gedir. Bakı-Böyük Kəsik dəmir yolu indi də tam istismardadır, ancaq o yolun keyfiyyətinin yaxşılaşdırılması nəticəsində qatarların sürəti təqribən 120 kilometrə bərabər olacaq. Beləliklə, Bakıdan Gəncəyə qatarla çox qısa müddət ərzində və çox komfortlu şəkildə gəlmək mümkün olacaq.
Növbəti illərdə biz bu günə qədər həllini tapmayan, ancaq həllini gözləyən məsələləri də həll edəcəyik, ilk növbədə iqtisadi inkişafla bağlı məsələləri. Gəncədə yeni müəssisələrin yaradılması nəzərdə tutulur, iş yerlərinin açılması istiqamətində böyük işlər görülür və iki önəmli obyektin də tikintisi nəzərdə tutulur.
Gəncə Dram Teatrının tikintisi ilə bağlı göstəriş verilib. Çox güman ki, gələn ildən başlayaraq teatrın tikintisi davam etdiriləcək, lazımi vəsait ayrılacaq. Müasir böyük idman sarayının tikintisi də nəzərdə tutulur”.
İlham Əliyev deyib ki, ölkədə səhiyyə, təhsil, mədəniyyət, sənaye, infrastruktur inkişaf edir: “Biz Gəncənin timsalında ölkəmizin ümumi inkişafını görürük. Sənaye istehsalı, iş yerlərinin, insanlar üçün şəraitin yaradılması, humanitar sahədəki fəaliyyətimiz – bütün bunlar hərtərəfli inkişaf deməkdir. Bu gün Azərbaycan cəmiyyəti bu inkişafdan bəhrələnir. Ölkəmizdə sabitlik, inkişaf təmin olunur.
Ölkəmizin çox böyük potensialı var – ilk növbədə insan kapitalı. Biz vəsaiti əsasən insan kapitalına yönəltmişik. Əlbəttə ki, iqtisadiyyatımızın dayağı olan enerji sektorunu, qeyri-neft sektorunu, kənd təsərrüfatını, sənaye istehsalını da inkişaf etdiririk. Ona görə bu gün dünya xəritəsinə baxanda, – əlbəttə, mən Azərbaycanı heç bir ölkə ilə müqayisə etmək istəmirəm, – görürük ki, doğrudan da Azərbaycan uğurlu, sürətli, dayanıqlı inkişaf nümunəsi göstərir. Bu, bizi çox sevindirir. Biz bu ili də yaxşı göstəricilərlə başa vuracağıq. Gələn il daha da uğurlu olacaq. Mən bu yaxınlarda qeyd etdim ki, bizim heç bir maliyyə problemimiz yoxdur. Əgər olsaydı biz sosial layihələrə bu qədər vəsait yönəldə bilməzdik”.