ATƏT Daimi Şurasının noyabrın 9-u Vyanada keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Skofer (ABŞ), ATƏT sədrinin şəxsi nümayəndəsi və yüksək səviyyəli planlaşdırma qrupu rəhbərinin iştirak etdiyi iclasda danışıqlar prosesi və regionda vəziyyətlə bağlı məlumat verilib.
Azərbaycanın ATƏT yanında nümayəndə heyətinin adından yayılan bəyanatda qeyd olunub ki, Ermənistanın işğal olunmuş ərazilərdə demoqrafik, mədəni və fiziki xarakterli dəyişikliklərə dair qanunsuz əməlləri Yerevanın işğalçı mahiyyətini, baş vermiş faktın zorla qəbul etdirilməsinə və möhkəmləndirilməsinə yönəlmiş sistemli siyasətini nümayiş etdirir: “Təmas xətti boyunca silahlı təxribatlar da daxil olmaqla bu cür addımlar sülh səylərinə zərbə vurur. Biz ATƏT-ə üzvü olan dövlətləri beynəlxalq humanitar hüquq üzrə öhdəliklərini yerinə yetirməyə, onların fiziki və hüquqi şəxslərinin qeyri-qanuni iqtisadi fəaliyyətlərinin qarşısını almaq məqsədi ilə müvafiq hüquq normalarına əməl etməyə çağırırıq.
Biz həmçinin xatırlatmaq istəyirik ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in sənədləri və qərarları, Helsinki Yekun Aktının prinsipləri münaqişənin həlli üçün əsasdır. Ermənistan münaqişənin siyasi həllinin tapılmasında maraqlıdırsa, onda gərək bu dəqiq müddəalar əsasında münaqişənin həlli prosesində konstruktiv iştirak etsin”.
APA-nın məlumatına görə, nümayəndə heyəti münaqişənin həlli üçün mərhələli həll variantına alternativin olmadığını qeyd edib: “Bu yanaşmanın əsas konsepsiyası münaqişənin nəticələrinin aradan qaldırılması üçün yaradılıb. Xüsusən ilk olaraq erməni silahlı qüvvələrinin işğal edilən ərazilərdən çıxarılması nəzərdə tutulur, qalan siyasi məsələlər gələcəkdə Minsk konfransında müzakirələr üçün saxlanır. Bu yanaşma əsas istiqamətdir və hazırda danışıqlar masası üzərində olan təkliflərin əsasını təşkil edir.
Ermənilər başa düşməli və yadda saxlamalıdır ki, nə Azərbaycan, nə də beynəlxalq ictimaiyyət torpaqların işğalını və etnik təmizləməni qəbul edəcək. Azərbaycan Konstitusiyasına və beynəlxalq hüquqa zidd ola biləcək heç bir sülh sazişinə nail oluna bilməz. Azərbaycan torpaqlarının işğalı həll variantı deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək”.
1988-ci ildən Ermənistan Dağlıq Qarabağ bölgəsini Azərbaycandan qoparmaq üçün təcavüzə başlayıb. 1991-ci ildə erməni separatçılar Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca alovlanan işğalçı müharibədə Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Ermənistanın nəzarətinə keçib.
1994-cü ildə elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir. Hazırda sülh danışıqları Madrid prinsipləri əsasında aparılır. Minsk qrupu həmsədrlərinin 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılması şərti ilə bölgənin yekun statusunun müəyyənləşməsini nəzərdə tutur.