Noyabrın 10-da Gəncə şəhərinə gedən prezident İlham Əliyev Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, altımərtəbəli binada inzibati otaqlar, məşq, qrim, rejissor və istirahət otaqları, bufet yaradılıb. Burada 1200 nəfərlik konsert və 300 yerlik iclas zalları, 10 loja və 1 VİP loja tamaşaçıların ixtiyarına veriləcək.
Filarmoniyada kitab satışı da həyata keçiriləcək.
Binanın üçüncü mərtəbəsinin eyvanında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin və Arif Məlikovun heykəlləri qoyulub.
Ərazidə açıq havada yay konsert meydançası, baxış qülləsi, 500 avtomobil yerlik yeraltı dayanacaq və ümumi sahəsi 2 min kvadratmetr olan iki korpusdan ibarət ikimərtəbəli qalereya inşa edilib.
Prezident Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşüb, nitq söyləyib.
Həmin gün prezident “Majestic Palace” otelinin tikintisi ilə tanış olub. 104 yerlik otelin inşasına 2015-ci ilin aprelində başlanıb. Hazırda inşaat işlərinin son mərhələsi həyata keçirilir. Otelin binası 7 mərtəbəlidir. Burada 52 otaq yaradılacaq, 120 nəfərlik restoran, 20 yerlik iclas zalı olacaq.
İlham Əliyev “Gəncə Mall” Ticarət Mərkəzinə də baş çəkib. Səkkiz mərtəbədən ibarət mərkəzdə super-market fəaliyyət göstərir. Burada elektron məhsulları, məişət avadanlıqları, mebel, parfümeriya və ev aksesuarları mağazaları var. “Gəncə Mall”da həmçinin ayaqqabı, geyim, uşaq geyimləri, idman malları mağazaları fəaliyyət göstərir, aptek, kitab mağazası, müxtəlif restoranlar və “Cinema Plus” kinoteatrı yerləşir. Ticarət mərkəzində 800 nəfərin yeni iş yeri ilə təmin edilməsi nəzərdə tutulub.
İlham Əliyev İsmət Qayıbov adına Gəncə şəhər 1 saylı tam orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Binanın hər iki korpusu 4 mərtəbədən ibarətdir. Burada 80 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, 2 informatika otağı, kitabxana, 200 yerlik akt zalı, idman zalı və 100 yerlik bufet var. Məktəbdə 1157 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 109 müəllim məşğul olur.
Prezident Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün yeni inşa edilmiş 514 yerlik yataqxana kompleksinin açılışına da qatılıb. Ümumi ərazisi 13640 kvadratmetr olan kompleks dördü 7 mərtəbəli və biri 6 mərtəbəli olmaqla 5 korpusdan ibarətdir.
Həmin gün İlham Əliyev “Grand Qafqaz” Ticarət Kompleksinin açılışında iştirak edib. Ümumi ərazisi 20 hektar olan kompleksdə hər biri 44 min 100 kvadratmetrlik “modul” tipli beş “Yaşıl market” topdansatış mərkəzi inşa edilib. Burada kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması üçün ay ərzində min ton məhsul qəbuletmə imkanına malik, ümumi sahəsi 4 min 500 kvadratmetr olan anbar tikilib, 5 min 400 kvadratmetr sahədə soyutma sistemi quraşdırılıb. Kənd təsərrüfatı məhsullarının satışı üçün 9 min kvadratmetr sahədə 2 min 500, o cümlədən meyvə-tərəvəz məhsulları üçün 2 min, ət və süd məhsulları üçün 500 satış yeri yaradılıb.
“Bazar Store” MMC-nin “Grand Qafqaz” Ticarət Kompleksində iri və xırdabuynuzlu heyvanların və quşların kəsimi, həmçinin diri balıqların satışı üçün 3 min 500 ticarət obyekti tikilib. Burada 1,3 hektar ərazidə avtopark yaradılıb. Ticarət kompleksinin istifadəyə verilməsi nəticəsində 5 min nəfər yeni iş yeri ilə təmin ediləcək.
Noyabrın 10-u Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin, Əziz Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının açılışları da olub.
Prezident “Yeni Gəncə” yarımstansiyasının açılışında da iştirak edib.