İspaniya Ali Məhkəməsi Kataloniya vilayəti parlamentinin keçmiş sədri Karme Forkadelin həbsinə qərar verib. Noyabrın 9-da verilən qərara əsasən, Karme Forkadel 150 min avro girovla azadlığa çıxa bilər.
Novator.az-ın məlumatına görə, vilayət parlamentinin rəhbərliyində olmuş 4 nəfərin 25 min dollar girovla azadlıqda qala biləcəyi bəyan olunub.
Keçmiş parlament üzvləri üsyan və qiyam təşkili, dövlət vəsaitini mənimsəmədə ittiham olunurlar.
Kataloniya vilayətində oktyabrın 1-də keçirilmiş qanunsuz referenduma qatılanların 90 faizindən çoxu bölgənin müstəqil dövlət elan olunmasına tərəfdar çıxıb. Bu nəticələri əsas tutan Kataloniya parlamenti oktyabrın 27-də müstəqillik qətnaməsi qəbul edib.
Oktyabrın 28-də rəsmi Madrid Kataloniya hökumətini və parlamentini buraxıb, idarəçilik səlahiyyətlərinin mərkəzi orqanlara ötürülməsi, dekabrın 21-də vilayətdə yeni parlament seçkisinin keçirilməsi barədə qərar çıxarılıb.
Prezident Karles Puçdemont da vəzifədən götürülüb, Kataloniyaya rəhbərlik baş nazirin birinci müavini Sorayya Saensə həvalə olunub.
Separatçıların lideri oktyabrın 30-da 4 nəfər müşaviri ilə birgə Belçikanın paytaxtı Brüsselə sığınıb.
Karles Puçdemonta, eləcə də onun hökumətində yer almış bəzi şəxslərə üsyan və qiyam təşkili, vəzifə səlahiyyətlərindən sui-istifadə, hakimiyyət orqanlarına tabe olmamaq, dövlət vəsaitini mənimsəmə ittihamları irəli sürülüb.
Noyabrın 2-də İspaniyanın Milli Məhkəmə Palatası Kataloniya hökumətinin üzvü olmuş 8 nəfər haqqında həbs qərarı çıxarıb. Onların arasında prezident Karles Puçdemontun müavini olmuş Oriol Junkeras da var. Karles Puçdemont və onunla Brüsseldə olan 4 müşavir isə beynəlxalq axtarışa verilib. Onlar noyabrın 5-də Brüsseldə polisə təslim olub, həmin gün sərbəst buraxılıblar. Məhkəmə onlara İspaniyaya təhvil verilmə məsələsi həll edilənə qədər Belçikadan getməmək şərti qoyub.