2018-ci il yanvarın 1-dən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual Məcəlləyə və İnzibati Prosessual Məcəlləyə dəyişikliklər qüvvəyə minir.
Yenilik məhkəmə çəkişmələrində nümayəndəlik institutunu məhdudlaşdırır. Ali Məhkəmədə nümayəndənin iştirakı tam yasaqlanır. Birinci instansiya və apellyasiya məhkəmələrində hüquqi şəxslərin adından prosessual hərəkətləri əsas iş yeri həmin orqan olan işçi həyata keçirə bilər. Fiziki şəxsin isə yalnız yaxın qohumuna qanuni nümayəndə kimi iştirak icazəsi veriləcək. Yaxın qohum dedikdə babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr nəzərdə tutulur.
Bəzi rəylərə görə, hüquqşünasların məhkəmələrə çıxmasına məhdudiyyət minlərlə şəxsin peşə fəaliyyətindən uzaqlaşdırılmasına xidmət edir və əhalinin böyük hissəsi etibarlı hüquqi yardım almaq haqqından faktiki məhrum olur, Vəkillər Kollegiyası üzvlərinin sayı az olduğundan ölkədə vəkil çatışmazlığı hiss ediləcək.
Novator.az bildirir ki, 2017-ci il sentyabr ayının 1-nə Azərbaycan əhalisinin sayı 9,9 milyon nəfərə yaxınlaşıb. Vəkillər Kollegiyasının 934 üzvü var. Orta hesabla 10 min nəfərə 1 vəkil düşür.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda bildirilir ki, ali hüquq təhsilli, hüquqşünas ixtisas üzrə 3 ildən az olmayaraq iş stajı olan və ya elmi, pedaqoji təhsil müəssisələrində hüquq sahəsində fəaliyyət göstərən, İxtisas Komissiyasında müvəffəqiyyətlə imtahan verən şəxs vəkil ola bilər.
Vəkillər Kollegiyasının müşaviri Vəfa Abdullayeva noyabrın 10-da Novator.az-a bildirib ki, quruma üzv olmaq üçün keçirilən imtahanlarda qəbul sayı ilə bağlı limit tətbiq edilmir: “İmtahan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun əsasında təşkil edilir. Hər dəfə qəbul sayı xüsusən test mərhələsini uğurla başa vura bilən hüquqşünasların sayından asılı olur. İkinci mərhələdə İxtisas Komissiyasının uyğun gördüyü namizədlərin qəbul edilməsi haqqında qərar verilir”.
Vəfa Abdullayeva bildirib ki, 2016-cı ildə Vəkillər Kollegiyasına üzv olmaq üçün sənəd qəbulu zamanı 1019 namizəd qeydə alınıb, bu da əvvəlki illərə nisbətən yüksək göstəricidir. Onun sözlərinə görə, nümayəndəliyi məhdudlaşdıran qanundan sonra vəkillərin sayının artırılması və ya imtahanların keçirilməsi zamanı hansısa yeniliyin tətbiqi müzakirə edilmir.
Novator.az qeyd edir ki, əgər 1019 namizədin hamısı Vəkillər Kollegiyasına üzv qəbul edilsə, onda orta hesabla ölkədə 5 min nəfərə 1 vəkil düşmüş olacaq. Başqa sözlə desək, hazırda orta hesabla 10 min nəfərə 1 vəkil düşürsə, onda 2 vəkil düşəcək.
Nümayəndəliyi məhdudlaşdıran qanuna etiraz olaraq Praktik Hüquqşünaslar Qrupu Bakıda mitinq keçirmək istəyir. Hüquqi nümayəndəlik təsisatının məhdudlaşdırılmasına qarşı çıxan bu qeyri-formal birlik vəkillik islahatına dair təkliflər paketi açıqlayıb. Təkliflər paketində keçid dövrü üçün bu istəklər yer alır:
– Peşə birliyi yenidən təsis edilsin, Vəkillər Kollegiyasına qurumun üzvü olmayan praktik hüquqşünasların avtomatik qeydiyyatını aparmaq səlahiyyəti verilsin, cari vəkillər və qeydiyyata alınmış praktik hüquqşünaslar yeni peşə birlikləri yaratsın, regional vəkillər şuraları təsis edilsin, Vəkillər Kollegiyasından vəkillər şuralarına keçid təmin edilsin;
– Vəkillər şuraları formalaşandan sonra istənilən növ nümayəndəlik, təmsilçilik üzərində peşə inhisarı vəkillərə verilsin, qeydiyyata alınmış praktik hüquqşünaslar üçün aralıq vəkillik statusu, vəkil assistenti statusu müəyyən edilsin.
Təkliflər paketində yeni dövr üçün vəkilliyə qəbul qaydaları da yer alır. Qeyd olunur ki, vəkillər şuraları təsis edildikdən və onun institutları formalaşdırıldıqdan sonra vəkilliyə qəbul üçün iki mərhələli yazılı imtahan olmalı, qəbul regional əsasla aparılmalı, vəkilliyə qəbulu regional vəkillər şurasının yanında müvəqqəti əsasla təsis edilmiş və yalnız vəkillərdən ibarət ixtisas komissiyası ildə iki dəfə keçirməlidir.