“Neft o ölkələrə fəlakət gətirir”
- 08 Noyabr 2017
- comments
- Novator.az
- Posted in Xəbər
“Azərbaycan neftin vətənidir”. Prezident İlham Əliyev noyabrın 8-i Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə keçirilən mərasimdə belə deyib.
AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı qeyd edib ki, Azərbaycanda 2 milyardıncı ton neftin hasil olunması tarixi hadisədir: “Azərbaycan neftin vətənidir, Azərbaycanda bunu hər kəs bilir. İndi dünya ictimaiyyəti də bunu bilir ki, dünyada sənaye üsulu ilə ilk dəfə neft 1846-cı ildə Azərbaycanda çıxarılıb və o vaxt Azərbaycan dünya neftinin əsas hissəsini təmin edirdi. Tarixdə ilk dəfə olaraq XX əsrin ortalarında dənizdə də nefti Azərbaycan neftçiləri çıxarıb və bu da tarixi hadisədir.
Azərbaycan neftçiləri sovet dövründə Xəzərin bütün neft-qaz yataqlarının aşkar olunmasında əsas rol oynayıblar, Rusiya Federasiyasında yeni neft yataqlarının kəşfində onların rolu çox böyükdür. Təsadüfi deyil ki, “İkinci Bakı”, “Üçüncü Bakı” adlandırılan yerlər var, bu yerlər Azərbaycan neftçilərinin adı ilə bağlıdır. Neftçilərimiz xarici ölkələrdə də işləyirdi.
Azərbaycan dünyada neft ölkəsi kimi tanınır. Bu gün isə qaz ölkəsi kimi tanınır. Müstəqillik dövründə bu istiqamətdə çox önəmli addımlar atılıb. Sovet dövründə də Azərbaycan neftçiləri Sovet İttifaqının ümumi inkişafına çox böyük töhfələr veriblər. O vaxt Azərbaycan müttəfiq respublikalar arasında ikinci respublika idi ki, donor kimi tanınırdı. Yəni biz ümumittifaq büdcəsinə daha çox vəsait ayırırdıq, nəinki alırdıq. Əlbəttə ki, Azərbaycan neftçilərinin bu sahədə payı çox böyük idi.
1971-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Azərbaycanda 1 milyardıncı ton neftin hasilatının qeyd edildiyi təntənəli mərasim keçirilib. 1970-1980-ci illərdə Heydər Əliyev Azərbaycanın ümumi inkişafına çox böyük töhfə verib, o cümlədən neft sənayesinin inkişafı üçün çox böyük addımlar atılıb. O vaxt neft hasilatının artırılması, yeni qurğuların işə düşməsi, dərin özüllər zavodunun məhz Azərbaycanda tikilməsi, neftayırma zavodunun rekonstruksiyası və digər önəmli hadisələr Azərbaycanın neft potensialını böyük dərəcədə möhkəmləndirib. O illərdə yaradılmış potensial, xüsusilə dərin özüllər zavodunun fəaliyyəti bu gün də bizim neft potensialımızı gücləndirir. Əgər vaxtilə bu zavod Azərbaycanda yox, başqa bir yerdə tikilsəydi, o zaman bizim müstəqillik dövründə xarici tərəfdaşlarla işlərimiz ləng gedə bilərdi. Dərin özüllər zavodu bugünkü bizim neft strategiyamızın həyata keçirilməsində xüsusi rol oynayır”.
1994-cü ildə “Əsrin kontraktı”nın imzalanmasına toxunan prezident deyib: “O vaxt Azərbaycan gənc müstəqil dövlət idi, çox ağır çağırışlarla üz-üzə qalmışdı, iqtisadiyyat demək olar ki, tamamilə dağıdılmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi, inflyasiya min faizlərlə ölçülürdü, kütləvi işsizlik hökm sürürdü, yoxsulluq dərəcəsi artırdı. Belə bir vəziyyətdə Azərbaycana xarici sərmayəni gətirmək doğrudan da böyük müdriklik və uzaqgörənlik tələb edirdi və Heydər Əliyev neft strategiyası bu çağırışlara cavab verdi. Xarici tərəfdaşlarla 1994-cü ildə imzalanmış “Əsrin kontraktı” bizim üçün bir çıxış yolu idi, bizə bir güc verdi, nəfəs verdi, investisiya gətirdi.
Bu gün bu kontrakt qüvvədədir. Kontrakt nəticəsində Azərbaycana milyardlarla dollar sərmayə qoyulub. Kontraktın icrası nəticəsində minlərlə, on minlərlə Azərbaycan mütəxəssisi təlim alıb, təhsil alıb və bu gün konsorsiumun işçilərinin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Kontrakt nəticəsində Azərbaycanda böyük infrastruktur layihələri, böyük tikinti işləri icra edilib və ölkə iqtisadiyyatı milyardlarla, on milyardlarla dollar gəlir gətirib.
1994-cü il Azərbaycanın neft sənayesində dönüş nöqtəsi idi, “Əsrin kontraktı”nın tarixi əhəmiyyəti artıq həyatda özünü sübut etdi və eyni zamanda bu, bir yol açdı. Göstərdi ki, gənc müstəqil dövlət olan Azərbaycan xarici tərəfdaşlarla düzgün iş qura, öz milli maraqlarını müdafiə edə bilər. Beləliklə, bizə olan maraq artdı, maraq artdıqca ölkəmizə sərmayə qoyuluşu da artmağa başladı”.
Prezident qeyd edib ki, Azərbaycan dünyada neft və qaz hasil edən ölkə kimi tanınır: “Bizim dünyadakı rolumuz, gücümüz artır və bunun təməlində Heydər Əliyev neft strategiyası dayanır. 1990-cı illərdə neft sənayesi ilə bağlı bir çox tarixi hadisələr baş verdi. Mən xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsini qeyd etməliyəm. Ulu öndər Heydər Əliyev öz əlləri ilə bu kəmərin təməlini qoydu və 2006-cı ildə biz bu kəməri istifadəyə verdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşdü ki, bu gün bizim qaz ixracımızın əsas infrastruktur layihəsidir və bu kəmər əsasında bu gün Cənubi Qafqaz, Cənub Qaz Dəhlizi layihələri icra edilir. 1990-cı illərdə Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərlərinin biri təmir olundu, digəri yenidən tikildi. Yəni o vaxt neft infrastrukturunun əsası qoyuldu və 2000-ci illərdə də bu proses davam etdirildi.
Hazırda Bakıda ən müasir qazma qurğuları, platformalar inşa edilir. “Şahdəniz-2” üçün bütün tikinti işləri Azərbaycanda icra edilib. Azərbaycanın minlərlə, bəlkə də on minlərlə vətəndaşı bu işlərə cəlb edilib. Dünyanın ən böyük neft-qaz terminalı – Səngəçal terminalı da bizim böyük sərvətimizdir. Neft əməliyyatlarının aparılması üçün bizim gəmiqayırma zavodumuzda istənilən növ gəmilər istehsal olunur.
Bir sözlə, bu gün “Əsrin kontraktı”nın nəticələri sadəcə olaraq Neft Fonduna gələn gəlirlərlə ölçülmür. Bunun çox geniş və çox böyük təsiri olub və bu gün də var. Biz “qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və dünya miqyasında bu xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün bizim müstəqil ölkə kimi yaşamağımızda, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır. Bunu hər kəs bilməlidir”.
Dövlət başçısı deyib ki, Azərbaycan iqtisadi müstəqilliyini təmin edib: “İqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Əgər biz kimdənsə asılı olsaq, heç vaxt müstəqil siyasət apara bilmərik, heç vaxt öz prinsipial mövqeyimizi indiki qədər ifadə edə bilmərik. İqtisadi müstəqillik siyasi müstəqilliyə gətirib çıxardı ki, bu gün Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan nadir ölkələrdən biridir. İqtisadi müstəqillik isə neftçilərin zəhməti hesabına təmin edilir. Ona görə hər kəs bilməlidir ki, hələ uzun illər bundan sonra ölkəmizin neft-qaz sektoru bizim üçün əsas dayaq olacaq. Ona görə Azərbaycan dövləti və neftçilər bundan sonra da bütün səylərini qoymalıdırlar ki, biz bu sektoru inkişaf etdirək”.