Prezident İlham Əliyev parlamentin Cinayət Məcəlləsinə oktyabrın 20-də qəbul elədiyi dəyişiklikləri imzalayıb. Novator.az-ın məlumatına görə, yeniliklər azadlıqdan məhrumetmə sanksiyalarının azaldılmasını, alternativ cəzaların tətbiqini də nəzərdə tutur, bəzi əməllər dekriminallaşdırılır.
Sənədə əsasən, Azərbaycanda narkotik maddələrin istifadəsinə görə ilk dəfə tutulan şəxslərə güzəşt ediləcək. Həmin şəxslər məhkəmənin qərarı ilə dövlət hesabına stasionar müalicəyə cəlb olunacaq, sağalanda və tibbi xarakterli qərarlar ləğv olunanda cinayət məsuliyyətindən azad ediləcək.
Cinayət Məcəlləsinə dəyişikliklərə cəzaların icrası və qətimkan tədbirləri zamanı elektron nəzarət vasitələrinin tətbiq olunması, alternativ cəza tətbiqinin genişləndirilməsi, iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrumetməyə alternativ cəzaların əlavə olunması, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması, azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəzetmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azadetmə və şərti məhkumluq institutlarının daha geniş tətbiq edilməsi məsələləri daxildir.
Cinayət Məcəlləsinin 76-cı maddəsinə (Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə) yeni bənd əlavə olunub. Həmin bəndə əsasən, ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin şərti olaraq vaxtından əvvəl azad edilməsi zamanı onun cəza çəkdiyi dövrün son beş ili ərzində cəzanın çəkilməsi qaydalarına əməl edilməsi halları nəzərə alınacaq.
Cinayət Məcəlləsinin 57-ci maddəsində yeniliyə görə, məhkəmə ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkumun ən azı 25 il həbsdə olduğunu, cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq azadlıqdan məhrumetməni 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.
Qanun azadlığın məhdudlaşdırılması adlı yeni cəzanı rəsmiləşdirir. Bu cəza məhkumun yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir.
Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsə bu tələblər qoyulur: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; cəzanın icrasına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməmək, habelə həmin orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq.
Məhkəmə məhkum üçün bu vəzifələri müəyyən edə bilər: kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək.
Azadlığın məhdudlaşdırılması cəzasının şamil olunacağı cinayət əməlləri siyahısında ananın yeni doğduğu uşağı qəsdən öldürməsi; qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə; zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə; ehtiyatsızlıqdan adam öldürmə; adam oğurluğu; böhtan cinayətləri də var.
Qaçaqmalçılıq; xuliqanlıq; yanğın təhlükəsizliyi qaydalarını pozma; qanunsuz olaraq odlu silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə kimi əməllərə də azadlığın məhdudlaşdırılması cəzaları verilə bilər.
Qanundakı keçid müddəalarına əsasən, azadlığın məhdudlaşdırılması cəzası Cəzaların İcrası Məcəlləsində ediləcək dəyişikliklərlə eyni gündə rəsmiləşəcək.
Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etməyə dair müddəalar tibbi xarakterli məcburi tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin fəaliyyətə başladığı gündən qüvvədə olacaq.
Digər müddəalar 2017-ci il dekabrın 1-dən qüvvəyə minir.
Yeniliyə əsasən, cinayət hesab olunmayan əməllərə görə qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən şəxslər cəzadan azad olunurlar. Onlar, habelə yeni qanunla cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslər məhkumluğu olmayan hesab edilirlər.
Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkib qurtarmamış şəxslərin məhkum edildiyi cinayətə görə daha yüngül sanksiya tətbiq edilməsi nəzərdə tutulubsa, həmin şəxslərin cəza müddətləri azaldılır.
Cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işləri və materiallara cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılır.