İspaniyanın Kataloniya vilayətinin keçmiş başçısı Karles Puçdemont 4 nəfər müşaviri ilə birlikdə sərbəst buraxılıb. Onlar noyabrın 5-də Belçikanın paytaxtı Brüsseldə polisə təslim olmuşdu. Novator.az-ın məlumatına görə, məhkəmə onlara İspaniyaya təhvil verilmə məsələsi həll edilənə qədər Belçikadan getməmək şərti qoyub. Bu məsələyə 15 gün ərzində aydınlıq gəlməlidir.
Kataloniya vilayətində oktyabrın 1-də keçirilmiş qanunsuz referenduma qatılanların 90 faizindən çoxu bölgənin müstəqil dövlət elan olunmasına tərəfdar çıxıb. Bu nəticələri əsas tutan Kataloniya parlamenti oktyabrın 27-də müstəqillik qətnaməsi qəbul edib.
Oktyabrın 28-də rəsmi Madrid Kataloniya hökumətini və parlamentini buraxıb, idarəçilik səlahiyyətlərinin mərkəzi orqanlara ötürülməsi, dekabrın 21-də vilayətdə yeni parlament seçkisinin keçirilməsi barədə qərar çıxarılıb.
Prezident Karles Puçdemont da vəzifədən götürülüb, Kataloniyaya rəhbərlik baş nazirin birinci müavini Sorayya Saensə həvalə olunub.
Separatçıların lideri oktyabrın 30-da 4 nəfər müşaviri ilə birgə Brüsselə sığınıb.
Karles Puçdemonta, eləcə də onun hökumətində yer almış bəzi şəxslərə üsyan və qiyam təşkili, vəzifə səlahiyyətlərindən sui-istifadə, hakimiyyət orqanlarına tabe olmamaq, dövlət vəsaitini mənimsəmə ittihamları irəli sürülüb.
Noyabrın 2-də İspaniyanın Milli Məhkəmə Palatası Kataloniya hökumətinin üzvü olmuş 8 nəfər haqqında həbs qərarı çıxarıb. Onların arasında prezident Karles Puçdemontun müavini olmuş Oriol Junkeras da var. Karles Puçdemont və onunla Brüsseldə olan 4 müşavir isə beynəlxalq axtarışa verilib.
1962-ci ildə doğulan Karles Puçdemont 2006-cı ildən professional siyasətlə məşğuldur. 2011-ci ildən Jirona şəhərinin meri postunu tutub.
2015-ci ildə bölgənin İspaniyadan ayrılmasının tərəfdarı olan “Birlikdə “hə” koalisiyasından Kataloniya parlamentinin deputatı seçilib. 2016-cı il yanvarın 10-da Kataloniya prezidenti postuna gətirilib.