Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynada qaçqın statusu almaq üçün məhkəməyə üz tutub.
Saakaşvili sığınacaq almaq üçün Miqrasiya Xidmətinin Kiyev vilayəti şöbəsinə oktyabrın 3-də müraciət edib, oktyabrın 24-də imtina cavabı alıb.
Novator.az-ın məlumatına görə, noyabrın 2-də Kiyev İnzibati Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edən Saakaşvili Miqrasiya Xidmətinin qərarını əsassız, qanunazidd saydığını vurğulayıb. Sabiq prezident hesab edir ki, imtina qərarı onu Gürcüstana mümkün qanunsuz ekstradisiya təhlükəsi ilə qarsı-qarşıya qoyur.
49 yaşlı Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. 2013-cü ildə ölkəsini tərk edib. Gürcüstanda onun haqqında bir neçə cinayət işi qaldırılıb.
2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkədə vətəndaşlıq alıb, həmin il Odessa vilayətinin qubernatoru təyin edilib.
2015-ci il dekabrın 4-də Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib. Buna əsas kimi Saakaşvilinin başqa ölkənin vətəndaşlığını qəbul etməsi göstərilib.
2016-cı il noyabrın 7-də Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonu korrupsionerləri himayə etməkdə günahlandıraraq Odessa qubernatoru vəzifəsindən istefa verib və noyabrın 10-da postundan azad edilib.
2017-ci il iyulun 25-də Pyotr Poroşenko Saakaşvilini vətəndaşlıqdan çıxarıb. Buna Saakaşvilinin vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərməsi əsas gətirilib.
Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılması ilə barışmır. O, Yeni Qüvvələr Hərəkatı yaradaraq Ukraynada növbədənkənar parlament seçkisinin keçirilməsini tələb edir.
Son vaxtlar paytaxt Kiyevdə, Ali Radanın önündə keçirilən aksiyalarda Saakaşvili və onun Yeni Qüvvələr Hərəkatının üzvləri də fəal olub. Aksiyalarda Poroşenkonun istefası şüarları səslənib.
Ukrayna hakimiyyətinin yüksək rəsmiləri Saakaşvilini hakimiyyəti güclə ələ keçirmək cəhdində ittiham edir.