Zirvədə Qarabağ çağırışı
- 02 Noyabr 2017
- comments
- Novator.az
- Posted in Xəbər
İranın paytaxtı Tehrana səfər edən prezident İlham Əliyev noyabrın 1-də rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Vladimir Putin deyib ki, iki ölkənin münasibətləri xüsusi xarakter daşıyır: “Bu, strateji tərəfdaşlıq xarakteridir. Azərbaycanla Rusiyanın nə qədər tellərlə bağlı olduğunu bilirik. İkitərəfli əlaqələrin inkişafı üzrə səylərimiz hədər getmir. Mən bu ilin ilk doqquz ayında əmtəə dövriyyəsinin artımını nəzərdə tuturam. Bu, demək olar ki, 62 faizdir. Biz digər istiqamətlərdə də işləyirik, regional problematika üzrə daim məsləhətləşirik”.
İlham Əliyev görüşlərin münasibətlərin inkişafına yeni impuls verdiyini vurğulayıb: “Çox şadıq ki, əmtəə dövriyyəsi müəyyən mürəkkəb proseslərdən sonra artır. Bu, biznes qurumları arasında böyük qarşılıqlı marağın olduğunu göstərir, əmtəə dövriyyəsinin artımı da bizim iqtisadiyyatımızın bərpasının, qarşılıqlı marağın göstəricisidir.
Bizim Rusiya ilə münasibətlərimiz strateji xarakter daşıyır və həmin münasibətləri elə bu cür səciyyələndiririk. Bütün istiqamətlərdə – humanitar, iqtisadi, energetika, nəqliyyat, hərbi-texniki sahələrdə əməkdaşlıq edirik. Bu, dostlar, qonşular, yaxın tərəfdaşlar arasında tammiqyaslı münasibətlərdir.
Həmçinin çox şadam ki, bugünkü görüş üçtərəfli sammit müstəvisində keçir. Bu da qlobal miqyaslı çox mühüm hadisədir. Çünki bu əməkdaşlıq dərin tarixi köklərə və bizim ölkələrimizin beynəlxalq arenada göstərdikləri qarşılıqlı maraqlara, qarşılıqlı dəstəyə əsaslanır. Yeni görüşümüzə və əminəm ki, əlaqələrimizin möhkəmlənməsinə yeni təkan verəcək mühüm məsələləri müzakirə edəcəyimizə çox şadam”.
Həmin gün İlham Əliyev İran İslam Respublikasının ali rəhbəri Seyid Əli Xamneyi ilə də bir araya gəlib. AZƏRTAC-ın məlumatına görə, görüşdə iki xalq arasındakı tarixi, mədəni və dini bağlılığın ölkələri bir-birinə daha da yaxınlaşdırdığı qeyd edilib, əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib.
Sonra İlham Əliyevin, İran prezidenti Həsən Ruhaninin və Vladimir Putinin üçtərəfli zirvə görüşü keçirilib.
İlham Əliyev çıxışında qeyd edib ki, sammitin böyük əhəmiyyəti var: “Bu görüş keçən il yaradılmış üçtərəfli, yüksək səviyyəli əməkdaşlıq formatının möhkəmləndirilməsi işində mühüm addımdır. Keçən ilin avqust ayında Bakıda İran, Rusiya, Azərbaycan prezidentlərinin ilk zirvə görüşü keçirildi. Görüşün gözəl nəticələri üçtərəfli əməkdaşlığın dərinləşməsinə xidmət edib. Əminəm ki, bugünkü görüş də bir çox önəmli məsələlərin həllində öz rolunu oynayacaq.
Azərbaycan dünyada yeganə ölkədir ki, onun həm İran, həm də Rusiya ilə sərhədləri var. Ölkələrimizin coğrafi vəziyyəti əməkdaşlığımızın önəmli amilidir. Xalqlarımızın tarixi əlaqələri isə üç ölkə arasında tərəfdaşlığın möhkəm təməlini təşkil edir.
Azərbaycan İran və Rusiya ilə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq həyata keçirir. İranla İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Rusiya ilə MDB, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə fəaliyyətimizi qeyd etmək istərdim. Biz BMT çərçivəsində də fəal əməkdaşlıq edirik”.
Azərbaycan prezidenti Qarabağ məsələsinə toxunub: “Bu gün dünyada beynəlxalq hüququn normalarının bərqərar olması gündəlikdə duran ən önəmli məsələlərdən biridir. Əfsus ki, bir çox hallarda bu normalar işləmir və kobudcasına pozulur. Dağlıq Qarabağ münaqişəsi buna əyani misaldır. Ermənistan Azərbaycanın əzəli torpağı, ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və ətraf 7 rayonu 20 ildən çoxdur işğal altında saxlayır. İşğal edilmiş torpaqlarda Azərbaycan əhalisi etnik təmizləmə siyasətinə məruz qalıb, 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Nüfuzlu beynəlxalq təşkilatlar bu münaqişə ilə bağlı müvafiq qərar və qətnamələr qəbul edib. Bunların sırasında dünyanın aparıcı qurumu olan BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrini, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər təşkilatların qəbul etdiyi oxşar qərar və qətnamələri göstərmək olar. Ancaq Ermənistan buna məhəl qoymur, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmir, işğalçı siyasətini davam etdirir. Erməni işğalına tezliklə son qoyulmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri dərhal icra edilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş qətnamələr isə 20 ildən çoxdur kağız üzərində qalır. Bu, ikili standartların göstəricisidir. Bugünkü status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bizim qaçqın və köçkünlərimiz öz ata-baba torpaqlarına qayıtmalı və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir”.
Dövlət başçısı qeyd edib ki, üçtərəfli format iqtisadi əməkdaşlığı daha yüksək səviyyəyə qaldırılması üçün yaxşı imkan yaradıb: “Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu gündəlikdə olan vacib məsələlərdəndir. Azərbaycanın Rusiya və İranla ticarət dövriyyəsi 2017-ci ilin yanvar-sentyabr aylarında 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Gələcəkdə biz bu müsbət dinamikanı saxlamalı və artırmalıyıq.
İrandan və Rusiyadan Azərbaycan iqtisadiyyatına qoyulan sərmayənin həcmi artır. Keçənilki zirvə görüşündən sonra İran şirkətləri Azərbaycanda avtomobil və dərman preparatları zavodlarının tikintisinə iri həcmdə sərmayələr qoyub. Rusiya şirkəti isə daha bir dərman preparatları zavodunun tikintisinə böyük sərmayə yatırır.
Azərbaycan da öz növbəsində hər iki ölkəyə sərmayə qoyuluşunu artırır. Bu sərmayə layihələri qarşılıqlı dostluğun və inamın təzahürüdür. Üç ölkə arasında əlaqələrin uğurlu inkişafının nəticəsi olaraq biznes dairələri də daha inamla sərmayə qoymağa başlayıblar. Ümid edirəm ki, bugünkü zirvə görüşü də ölkələrimizin biznes dairələrinin daha da ruhlandırılmasına və qarşılıqlı sərmayə qoyuluşunun artırılmasına xidmət edəcək.
Ölkələrimiz neft-qaz sahəsində də uğurlu əməkdaşlıq həyata keçirirlər. İran və Rusiya şirkətləri 20 ildən artıqdır ki, Xəzərin Azərbaycan sektorunda neft-qaz yataqlarının işlənilməsində iştirak edirlər.
Elektroenergetika sahəsində əməkdaşlıq inkişaf edir. Azərbaycan həm İran, həm də Rusiya ilə öz enerji xətlərini birləşdirib.
Nəqliyyat sektorunda üçtərəfli əməkdaşlıq yaxşı nəticələr verir. Bu il Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər inşa edib. Biz eyni zamanda Astara çayı üzərində 82 metr uzunluğunda dəmir yolu körpüsü tikmiş və istifadəyə vermişik. İran ərazisində 1,4 kilometr yol və terminallar tikilməsi üçün 35 hektarlıq ərazi uzunmüddətli icarəyə götürülüb.
Bu il üç ölkə arasında dəmir yollarında daşınma tarifləri razılaşdırılıb. Beləliklə, Azərbaycan-Rusiya sərhədindən Azərbaycan-İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətə gətirilib. Bu yol Şimal-Cənub nəqliyyat dəhlizinin önəmli hissəsidir. Azərbaycan eyni zamanda İran ərazisində Astara-Rəşt dəmir yolunun tikintisinin maliyyələşdirilməsində iştirak etməyə hazırdır. Artıq İran tərəfi ilə Astara-Rəşt dəmir yolunun tikintisi və avadanlıqla təchiz olunması layihəsi üzrə 500 milyon dollar dəyərində kredit sazişi ilə bağlı danışıqlar bu yaxınlarda uğurla başa çatıb.
Gələn il Bakı-İran sərhədi müasir magistral avtomobil yolu istismara veriləcək. Bakı-Rusiya sərhədi magistral avtomobil yolunun son hissəsinin inşası da gələn il ən yüksək səviyyədə başa çatdırılacaq.
Beləliklə, Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin yaradılması prosesi son mərhələyə qədəm qoyub. Şimal-Cənub nəqliyyat dəhlizi bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir”.
İlham Əliyev əlavə edib ki, İran, Rusiya, Azərbaycan üçtərəfli əməkdaşlığı regionda təhlükəsizliyin, sabitliyin, iqtisadi inkişafın təmin olunmasına xidmət edir: “Bu əməkdaşlıq əyani şəkildə göstərir ki, qonşular arasında münasibətlər necə qurulmalıdır. Biz dostluq və mehriban qonşuluq nümunəsi göstəririk. Əlaqələrimiz qarşılıqlı hörmət, anlaşma, xoş niyyət və dostluq prinsiplərinə əsaslanır. Əminəm ki, üçtərəfli əməkdaşlığımız gələcəkdə də uğurla davam etdiriləcək”.
Görüşün sonunda İlham Əliyev, Həsən Ruhani və Vladimir Putin zirvə görüşünün birgə bəyannaməsini imzalayıblar.