Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan” informasiya agentliyinə qarşı başlanmış cinayət işinə xitam verib.
Novator.az bildirir ki, xitam qərarını oktyabrın 30-da işi aparan müstəntiq Vüsal İbadov imzalayıb.
“Turan” agentliyinin direktoru Mehman Əliyevi bu barədə Baş Prokurorluq məlumatlandırıb.
Baş Prokurorluğun Vergilər Nazirliyində istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarəti həyata keçirən idarəsinin rəisi Ramil Məcidov noyabrın 2-də Mehman Əliyevə işə xitam verildiyi barədə rəsmi məktub yazıb.
Həmin məktubu Mehman Əliyevə noyabrın 2-də baş prokurorun birinci müavini Rüstəm Usubov təqdim edib.
“Azadlıq” radiosuna açıqlamasında Mehman Əliyev deyib ki, o, noyabrın 1-i və 2-si Baş Prokurorluqda olub: “Noyabrın 2-də baş prokurorun birinci müavini Rüstəm Usubov məni qəbul etdi və Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində “Turan”a qarşı başlanmış cinayət işinə xitam verildiyi barədə məktubu təqdim etdi. Bu o deməkdir ki, bizim heç bir cinayət törətmədiyimiz təsdiq olundu.
İndi mən Vergilər Nazirliyindən də eyni addımı gözləyirəm. Nazirlik bizə 36 min 547 manat vergi borcu hesablayıb. Bunun 27 min 253 manatı əsas borc, 9 min 294 manatı hesablanmış faizlərdir. İndi biz gözləyirik ki, Vergilər Nazirliyinin bu qərarı da ləğv edilsin”.
Mehman Əliyevin sözlərinə görə, onun ölkədən çıxışına qoyulan qadağa da götürülüb.
Agentliyin direktoru qeyd edib ki, vergi sanksiyası haqda qərar ləğv edilsə, onlar Vergilər Nazirliyinə qarşı başlatdıqları məhkəmə prosesini dayandıracaqlar.
Mehman Əliyev bundan sonra “Turan”ın fəaliyyətinin tam bərpa olunacağına ümidini ifadə edib.
Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan”a qarşı cinayət işinə avqustun 7-də başlamışdı. Avqustun 16-da bununla əlaqədar agentliyin ofisində axtarış aparılmış, mühasibat sənədləri və maliyyə fəaliyyəti ilə bağlı elektron daşıyıcılar götürülmüşdü.
Avqustun 24-də agentliyin direktoru Mehman Əliyev nazirliyin “Turan”dakı yoxlamaları zəminində tutulmuş, Yasamal Rayon Məhkəməsi onu qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə təqsirləndirilən şəxs qismində 3 aylıq həbs etmişdi.
Sentyabrın 11-də Yasamal məhkəməsi Mehman Əliyev barəsində həbs qətimkan tədbirini başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz etdiyinə görə direktor azadlığa buraxılıb.
Vergi ödəməkdən yayınma üzrə cinayət işi başlanandan “Turan”ın fəaliyyəti məhdudlaşıb.
“Turan” agentliyi Vergilər Nazirliyinin apardığı yoxlamaların və agentliyə qarşı cinayət işinin başlanmasına səbəb olan vergi sanksiyalarının qanunsuz sayılması iddiaları ilə məhkəməyə üz tutub.
Vergilər Nazirliyinin Bakı Şəhər Lokal Gəlirlər Departamentinin 2010-2016-cı illər üçün “Turan”da vergi yoxlaması aparılması barədə qərarının qanunsuz sayılması barədə iddiaya oktyabrın 13-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb. İddia təmin edilməyib.
Agentliyə qarşı cinayət işinin başlanmasına səbəb olan vergi sanksiyalarının qanunsuz sayılması iddiasına 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin dekabrın 5-də baxacağı gözlənir.
Birinci iddia təmin edilmədiyinə görə “Turan” apellyasiya şikayəti verib.