Tehran bəyanatları
- 02 Noyabr 2017
- comments
- Novator.az
- Posted in Xəbər
AZƏRTAC xəbər verir ki, noyabrın 1-i Tehranda zirvə görüşü keçirən İran, Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.
İran prezidenti Həsən Ruhani üçtərəfli görüşün üç ölkənin dostluğuna və qonşuluğuna əsaslandığını deyib: “Bu dostluq, səmimiyyət və coğrafi qonşuluğumuz, mədəni əlaqələr üç ölkə arasında səbəb olub ki, biz əlaqələrin genişləndirilməsi üçün daha əzmkar olaq və mövcud imkanlardan istifadə edək. Həm Bakı, həm də Tehran görüşündə çox mühüm məsələləri müzakirə etdik. Biz o məsələləri bundan sonra da həll etməyə çalışacağıq.
Birinci məsələ üç ölkə arasında tranzit məsələsidir. Eləcə də Asiya regionu ilə Avropa regionu arasında tranzitin yaradılmasıdır. Əslində bu iki qitəni Şimal-Cənub nəqliyyat dəhlizi birləşdirəcək. Biz qərar qəbul etmişik ki, Bəndərabbas limanı Helsinkiyə birləşsin və Asiyanı Avropaya birləşdirək. Bu tranzit marşrutu Azərbaycan, Rusiya, Şərqi və Şimali Avropadan keçir. Eləcə də avtomobil yolları və dəniz nəqliyyatı sahəsində də əməkdaşlığın genişləndirilməsini istəyirik. Biz Xəzərin sahilində yerləşən üç ölkə bu dənizin regionda sülh dənizi olaraq imkanlarından istifadə edib ölkələrimizin inkişafına nail olmalıyıq.
Eləcə də qərar qəbul etmişik ki, iqtisadi sahədə üç ölkənin əlaqələrini daha da gücləndirək. Biz bu sahədə çox önəmli bir addım atmışıq. Avrasiya İttifaqına birləşmək üçün biz mühüm bir addım atmışıq. Bu, İranla Avrasiya İttifaqı arasında əlaqələrin genişləndirilməsi üçün çox mühüm bir addımdır.
Həmçinin biz üç ölkə arasında yaşıl gömrük zonasının yaradılmasını və vahid gömrük standartlarının tətbiq edilməsini istəyirik.
Bankçılıq sahəsində də əməkdaşlığın genişləndirilməsi, milli valyutadan istifadə olunması məsələsinə toxunduq. Biz İranla Azərbaycan, İranla Rusiya, eləcə də üç ölkənin bir-biri ilə ikitərəfli və üçtərəfli ticari mübadilələrdə özlərinin milli valyutalarından istifadə imkanlarını müzakirə etdik.
Enerji sahəsində əməkdaşlıq üçün çox yaxşı imkanlar var. Hər üç ölkə neft və qaz ehtiyatlarına, regionda çox imtiyazlı bir mövqeyə malikdir. Bizim bir-birimizlə texnoloji sahədə, neft-qaz istehsalı və ixracı sahələrində əməkdaşlığımız və bu sahələrə müştərək investisiyaların yatırılması çox önəmlidir.
Biz üç ölkənin elektrik enerjisi şəbəkələrinin bir-birinə birləşdirilməsini çox vacib hesab edirik. Biz üç ölkənin elektrik enerjisindən qarşılıqlı olaraq istifadə etməliyik.
Biz Xəzər dənizində ekoloji sahədə əməkdaşlığı da çox istəyirik. Xəzər dənizinin üç sahil ölkəsi olaraq biz əməkdaşlığı genişləndirməliyik. Eləcə də Xəzər dənizinin hüquqi statusunun təyin olunmasını tezliklə sona çatdırmalıyıq ki, bu dənizin imkanlarından istifadə edək.
Biz üç ölkə arasında əməkdaşlıqdan əlavə regional əməkdaşlıq, regional təhlükəsizlik sahəsində əməkdaşlıq barədə də danışdıq. Hər üç ölkənin regionun təhlükəsizliyində, xüsusən də terrorizm və radikalizmlə mübarizədə rolu çox önəmlidir. Xüsusilə də Rusiya ilə bizim əməkdaşlığımız çox səmərəli olub. İranın, Türkiyənin və Rusiyanın Astanada keçirilən müzakirələri Suriyada sülhün bərqərar olması üçün çox önəmli idi. Bu görüşümüzdə də hər üç ölkənin regional təhlükəsizlik, terrorizmlə, radikalizmlə, narkotik qaçaqmalçılığı ilə mübarizə sahələrində əməkdaşlığı ilə bağlı müzakirələr apardıq”.
Azərbaycan prezidenti İlham Əliyev üçtərəfli əməkdaşlıq formatının regional təhlükəsizlik üçün böyük əhəmiyyəti olduğunu deyib: “Hesab edirəm ki, bizim uğurlu əməkdaşlığımız regionda sabitliyin, təhlükəsizliyin təmin edilməsində çox mühüm rol oynayır. Keçən zirvə görüşündən ötən dövr ərzində çox önəmli hadisələr baş verib. Cəmi bir ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq ötən il əldə edilmiş razılaşmalar bu gün həyatda öz əksini tapır. Xüsusilə iqtisadi sahədə əməkdaşlığı qeyd etməliyəm. Zirvə görüşü zamanı rəqəmlər səsləndi, bizim Rusiya ilə bu il ticarət dövriyyəmiz 60 faizdən çox artıb, İranla 30 faizdən çox artıb. Keçən il İran-Azərbaycan ticarət dövriyyəsi isə 70 faiz artıb. Bu ilk növbədə onu göstərir ki, üç ölkə arasında çox səmimi dostluq münasibətləri var. Təbii ki, iqtisadi sektor, biznes dairələri bunu görür və bundan faydalanır.
Keçən zirvə görüşündən ötən dövrdə Azərbaycan öz dəmir yolu infrastrukturunu təkmilləşdirib və İran sərhədinə qədər qalan hissəni inşa edib. Həmçinin Astaraçay üzərində körpü də tikilib və birinci qatar Azərbaycan-İran sərhədini bu ilin mart ayında keçib. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan ərazisində olan hissəsi tam istismara hazırdır. Eyni zamanda İranla Azərbaycan arasında Astara-Rəşt dəmir yolunun maliyyələşdirilməsi ilə bağlı razılaşmalar əldə edilib, sənəd paraflanıb və indi daxili prosedurlar təşkil ediləndən, o prosedurlardan keçəndən sonra bu məsələ də öz həllini tapacaq.
Neft-qaz sahəsində əməkdaşlığımızın tarixi var. Bu əməkdaşlıq da təbiidir. Çünki üç ölkə dünya enerji təhlükəsizliyi məsələlərinə öz töhfəsini verir. Eyni zamanda neftin qiymətinin sabitləşməsində ölkələrimizin çox böyük rolu olub. Bu gün biz görürük ki, OPEK və qeyri-OPEK ölkələri bir-biri ilə səmimi əməkdaşlıq edirlər və bu əməkdaşlıq nəticəsində hazırda neftin qiyməti məqbul səviyyəyə qalxıb.
Biz həm İranla, həm Rusiya ilə elektrik xətlərimizi birləşdirmişik və bu da regional əməkdaşlıq üçün çox gözəl zəmin yaradır. Bir sözlə, bir il ərzində bir çox məsələlər öz həllini tapıb və bu gün əldə edilmiş razılaşmalar və Tehran bəyannaməsinin icra edilməsi nəticəsində əminəm ki, gələn zirvə görüşünə qədər biz daha da yaxşı nəticələr haqqında ictimaiyyəti məlumatlandıracağıq”.
Rusiya prezidenti Vladimir Putin birgə işin nəticələrindən məmnun olduğunu deyib: “Biz həqiqətən üçtərəfli formatın çox mühüm məsələlərini müzakirə etdik. Əminəm ki, bu minvalla işimiz aşkar xoşniyyətli, müsbət nəticəyə doğru səylərlə ölkələrimizə, dövlətlərimizə və xalqlarımıza fayda gətirəcək.
Biz sabitlik, cinayətkarlıqla, terrorizmlə mübarizə sahələrində mühüm məsələləri müzakirə etdik, amma əsas diqqət iqtisadi xarakterli problemlərə yönəlib. Burada haqqında danışılan çox mühüm Şimal-Cənub dəhlizi artıq sınaq rejimində işləyir. Ötən il Hindistandan İran vasitəsilə Rusiyaya və digər ölkələrə yüklər göndərilib. Bu marşrut öz iqtisadi məqsədyönlülüyünü və səmərəliliyini nümayiş etdirib.
Yaxşı məlumdur ki, Rusiya, İran və Azərbaycan iri karbohidrogen istehsalçılarıdır. Amma bu o demək deyil ki, biz rəqabət aparmalıyıq. Bu o deməkdir ki, biz öz səylərimizi əlaqələndirməliyik. Yeri gəlmişkən, OPEK çərçivəsində əlaqələndirmə artıq öz müsbət nəticələrini verib. Amma bu kartelə üzv olmayan ölkələr həmin işə qoşulmasaydılar bu, mümkün olmazdı. Qaz istehsalçıları təşkilatı çərçivəsində də eyni hadisə baş verir. Burada da biz əməkdaşlıq edirik və gələcəkdə də əməkdaşlıq edəcəyik.
Mən diqqəti ona yönəltmək istərdim ki, bizim ölkələrimizin hər birində karbohidrogenlərin böyük həcmdə istehsalına baxmayaraq bu xammalı bir-birimizə göndərməyə maraq var. Mən daxili logistikanı nəzərdə tuturam. Məsələn, biz İranın şimalına Azərbaycanın boru kəməri nəqliyyat sistemləri ilə qazı göndərməyə hazır olduğumuzu təsdiq edirik. Bu da bizim tərəfdaşlarımız üçün iqtisadi cəhətdən məqsədyönlü ola bilər.
Biz digər sektorlarda münasibətlərin inkişafından da danışmışıq. Bizim fikrimizcə, humanitar, təhsil, səhiyyə sahələrində əməkdaşlıq, dövlətlərimizin regionları arasında əlaqələr və təbii ki, mədəniyyət sahəsində əlaqələr olduqca mühümdür.
Biz hamımız Xəzəryanı dövlətlərik. Ümidvaram ki, biz Xəzər problematikası, Xəzərin statusu ilə bağlı yaxın vaxtlarda imzalanacaq razılaşmalarımızın bütün parametrlərini uyğunlaşdıracağıq”.
Sonra rəsmi ziyafət verilib, bununla da İlham Əliyevin İrana işgüzar səfəri başa çatıb.