10 gün əvvəl həbsdən qaçmış Etibar Ələkbər oğlu Məmmədov öldürülüb. Xəbəri noyabrın 2-də Report.az yayıb.
Etibar Məmmədov oktyabrın 23-də Astaradan Bakıya etap olunan zaman digər məhbus Əli Rasim oğlu Ağami ilə birgə Biləcəri qəsəbəsi ərazisində xüsusi təyinatlı vaqondan qaçmışdı. Bununla əlaqədar Penitensiar Xidmətin xeyli əməkdaşı vəzifədən azad olunub, bir neçə nəfər həbs edilib.
Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən bəzi şəxslər də tutulub. Onların içində müğənni Fədayə Laçın da var.
Oktyabrın 26-da Əli Ağami Şirvan şəhərində həbs olunub.
Report.az bildirir ki, noyabrın 2-nə keçən gecə Bakının Qaradağ rayonunda keçirilmiş xüsusi əməliyyatda Etibar Məmmədov polisə silahlı müqavimət göstərdiyi üçün öldürülüb. Atışmada Etibar Məmmədovla birgə olmuş daha bir nəfərin öldürüldüyü, iki nəfərin yaralandığı bildirilir.