Noyabrın 2-də rəsmi bilgi yayan Əmlak Məsələləri Dövlət Komitəsi qeyd edir ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdiyi “Doing Business 2018” hesabatında Azərbaycan əmlakın qeydiyyatı sisteminin inkişafına görə 190 ölkə arasında ilk yerlərdən birini tutur: “Hesabatda bildirilir ki, Azərbaycan mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı prosedurların sayının azlığına, müddətin qısalığına və qeydiyyat xərclərinin azlığına görə dünyanın və MDB-nin əksər ölkələrini qabaqlayır.
Əmlakın qeydiyyatının sadəliyinə görə Azərbaycan ötən illə müqayisədə daha bir pillə irəliləyərək 21-ci yerdə qərarlaşıb. Bu göstərici ilə ölkə Avropanın bir çox ölkəsindən və Mərkəzi Asiya ölkələrindən öndədir.
“Doing Business 2018” hesabatına əsasən, Azərbaycanda əmlakın qeydiyyatı üçün cəmi 3 prosedurdan keçmək tələb olunur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olan ölkələrdə 4,6, Avropa və Mərkəzi Asiya regionunda isə 5,3 prosedur var. Bu göstəriciyə görə ölkə ABŞ, Almaniya, Türkiyə, Finlandiya, İsveçrə, Hollandiya, Yaponiya və İspaniyanı qabaqlayır.
Azərbaycanda qeydiyyat müddəti 5,5 gündür. Ötən illə müqayisədə qeydiyyat müddəti 3 gün azalıb. İƏİT ölkələri üzrə bu müddət 22,3 gün, Avropa və Mərkəzi Asiya regionu üçün 20,4 gündür. Başqa sözlə, Azərbaycanda əmlakın qeydiyyatı müddəti Avropa üzrə ümumi göstəricidən 4 dəfə daha sürətlidir.
Azərbaycan əmlakın qeydiyyatı zamanı tələb olunan xərclərin azlığına görə də dünya və Avropa ölkələrinin əksəriyyətini qabaqlayır. Hesabata əsasən, Azərbaycanda əmlakın qeydiyyatı üçün tələb olunan məbləğ əmlakın dəyərinin cəmi 0,2%-ni təşkil edir. İƏİT ölkələri üzrə bu göstərici əmlakın dəyərinin 4,2%-i qədər, Avropa və Mərkəzi Asiya regionu üçün 2,5%-i qədərdir.
30 ballıq şkala illə qiymətləndirilən torpaq idarəetmə sisteminin keyfiyyət göstəricisinə görə ölkə 14,5 bal toplayıb. İƏİT ölkələri üzrə bu göstərici 22,7, Avropa və Mərkəzi Asya regionu üzrə isə 19,8-dir”.
Novator.az xatırladır ki, biznes mühitini qiymətləndirən “Doing Business 2018” hesabatında Azərbaycan ötən illə müqayisədə 8 pillə irəliləyərək 190 ölkə arasında 57-ci yerə yüksəlib.
Qiymətləndirmə biznesə başlama, tikintiyə icazə verilməsi, elektrik enerjisinə əlçatanlıq, daşınmaz əmlakın qeydiyyatı, kreditə əlçatanlıq, kiçik sərmayəçilərin hüquqlarının qorunması, vergilərin ödənməsi, sərhəddə ticarət, müqavilələrin icrası, müflisləşmənin həlli meyarlarına əsaslanır.
Qonşu Gürcüstan hesabatda 9-cu pillədə dayanır.
Rusiya 35-ci, Ermənistan 47-ci, Türkiyə 60-cı, İran 124-cü yerdə göstərilir.
Keçmiş SSRİ məkanından Estoniya 12-ci, Litva 16-cı, Latviya 19-cu, Qazaxıstan 36-cı, Belarus 38-ci, Moldova 44-cü, Özbəkistan 74-cü, Ukrayna 76-cı, Qırğızıstan 77-ci, Tacikistan 123-cü sıradadır.
Biznes mühiti reytinqinə Yeni Zelandiya başçılıq edir, Somali isə sonuncu pillədir.