ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Desir “Turan” informasiya agentliyinə və onun direktoru Mehman Əliyevə qarşı cinayət işinə xitam verilməsini alqışlayıb. APA-nın məlumatına görə, noyabrın 2-də yayılan bəyanatda deyilir: “Mən bu müsbət addımı alqışlayıram, ümid edirəm ki, agentlik tezliklə öz vacib işini davam edəcək və gələcəkdə heç bir təzyiq olmadan işləyəcək”.
Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan” informasiya agentliyinə qarşı cinayət işinə oktyabrın 30-da xitam verib. Baş Prokurorluğun Vergilər Nazirliyində istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarəti həyata keçirən idarəsinin rəisi noyabrın 2-də Mehman Əliyevə işə xitam verildiyi barədə rəsmi məktub yazıb. Həmin məktub Mehman Əliyevə noyabrın 2-də təqdim olunub.
Mehman Əliyevin ölkədən çıxışına qoyulan qadağa götürülüb.
Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan”a qarşı cinayət işinə avqustun 7-də başlamışdı. Avqustun 24-də agentliyin direktoru Mehman Əliyev tutulmuş, Yasamal Rayon Məhkəməsi onu qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə təqsirləndirilən şəxs qismində 3 aylıq həbs etmişdi.
Sentyabrın 11-də Yasamal məhkəməsi Mehman Əliyev barəsində həbs qətimkan tədbirini başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz etdiyinə görə direktor azadlığa buraxılıb.
Vergi ödəməkdən yayınma üzrə cinayət işi başlanandan “Turan”ın fəaliyyəti məhdudlaşıb.
1957-ci il oktyabrın 26-da doğulan Mehman Əliyev Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. “Molodyoj Azerbaydjana” qəzetinin, “Azərinform” agentliyinin müxbiri, “Xazar” jurnalının məsul katibi olub, prezidentin mətbuat xidməti rəhbərinin müavini vəzifəsində çalışıb. “Turan” informasiya agentliyini 1990-cı ildə təsis edib.