“Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməz ki, bizim tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın”. Oktyabrın 31-i Bakıda türkiyəli həmkarı Rəcəb Teyyub Ərdoğanla birgə brifinqdə danışan prezident İlham Əliyev belə deyib.
Dövlət başçısı Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısında Qarabağ münaqişəsinə də toxunulduğunu vurğulayıb: “Region üçün ən ağrılı problemlərdən olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə edildi. Mən prezident Ərdoğana danışıqlarla bağlı son vəziyyət haqqında məlumat verdim. Əfsus ki, bu münaqişə hələ də öz həllini tapmayıb. Azərbaycanın tarixi torpağı Dağlıq Qarabağ və digər 7 rayon işğal altındadır. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma torpağında köçkün vəziyyətinə düşüb. Beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası münaqişə ilə bağlı qətnamələr qəbul edib. O qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Əfsus ki, bu qətnamələr kağızda qalır, Ermənistan buna məhəl qoymur və münaqişə öz həllini tapmır. Bu, bizə qarşı göstərilən ikili standartlar siyasətidir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Bizə gəldikdə isə iyirmi ildən çoxdur ki, bu qətnamələr, qərarlar icra olunmamış qalır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməz ki, bizim tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Mən prezident Ərdoğana Türkiyənin bu məsələ ilə bağlı Azərbaycana verdiyi dəstəyə görə bir daha öz minnətdarlığımı bildirmişəm. Türkiyə bütün zamanlarda, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqq işini dost kimi, qardaş kimi dəstəkləyir.
Biz hərbi sahədə əməkdaşlıq haqqında geniş müzakirə apardıq. Bu məsələ gündəlikdə duran məsələlərdəndir. Bu il Azərbaycanda üç dəfə – iki dəfə Bakıda, bir dəfə Naxçıvanda birgə hərbi təlimlər keçirildi. Bu da hərbi sahədə bizim əməkdaşlığımızı gücləndirən amildir. Eyni zamanda hərbi texniki sahədə birgə fəaliyyətimiz davam edir. Türkiyənin gündən-günə inkişaf edən hərbi sənaye kompleksi bizim üçün böyük maraq kəsb edir. Biz Türkiyədən hərbi təyinatlı məhsulları alırıq və bundan sonra da alacağıq”.