AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Vəkil Elçin Sadıqov “Azadlıq” radiosuna deyib ki, müdafiə tərəfi istintaq materialları ilə tanış olandan sonra iş məhkəməyə göndəriləcək.
İşə Qazax Rayon Məhkəməsində baxılacaq.
Gözəl Bayramlı Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə qaçaqmalçılıqda ittiham olunur. Ona qarşı cinayət işi Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində başlanıb. Sonradan istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.
Gözəl Bayramlı mayın 25-i axşam Gürcüstandan Azərbaycana gələrkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində saxlanıb. Rəsmi məlumata görə, onun üstündən bəyan edilməmiş 12 min ABŞ dolları çıxıb.
Mayın 26-da Gözəl Bayramlı Bakıya gətirilib, mayın 27-nə keçən gecə Səbail Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
Mayın 26-da Gözəl Bayramlının yaşadığı və qeydiyyatda olduğu ünvanlarda axtarış aparılıb. Gözəl Bayramlının Bakının Qaraçuxur qəsəbəsində yaşadığı evdən və Nərimanov rayonunda qeydiyyatda olduğu qohumlarının evindən bəzi sənədlər və əşyalar götürülüb.
AXCP, bir sıra digər müxalifət təmsilçiləri, hüquq müdafiəçiləri Gözəl Bayramlının həbsini siyasi sifariş sayır.