Oktyabrın 31-də Yasamal Rayon Məhkəməsində həbsdə olan gənc fəal Qiyas İbrahimovun və onun atası Həsən İbrahimovun məhkəməsi başlayıb.
Qiyas İbrahimov 2016-cı il mayın 10-da həbs olunub. Oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu külli miqdarda narkotik vasitə saxlamaqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib.
Müdafiəçiləri Qiyas İbrahimovun və onunla birgə tutularaq eyni ittihamla 10 il müddətinə azadlıqdan məhrum edilən gənc fəal Bayram Məmmədovun həbsini siyasi sifariş sayırlar. Onlar bildirirlər ki, 2016-cı il mayın 10-na keçən gecə Heydər Əliyevin Bakının mərkəzindəki abidəsinə etiraz şüarları yazılıb, gənclər bu şüarlara görə tutulublar.
2017-ci ilin iyun ayının 5-də Bakı Apellyasiya Məhkəməsi Qiyas İbrahimovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi şikayəti təmin etməyib, cəza qüvvədə qalıb.
Şikayətə baxılarkən məhkəmə zalında insident baş verivb. Belə ki, şüşə qəfəsdə olan Qiyas İbrahimov prokuror çıxış edərkən dəfələrlə sədrlik edən hakim Vüqar Məmmədova əlləri ilə eşidə bimədiyini işarə edib. Hakim ona məhəl qoymadıqda gənc fəal şüşə qəfəsdəki mikrofonu çıxararaq yerə atıb və sərt şəkildə etiraz edib. Bu zaman məhkəmə nəzarətçiləri şüşə qəfəsdə Qiyas İbrahimovun qollarını arxadan qandallayıblar.
Bu zaman məhkəmə zalında olan Həsən İbrahimov hakimləri qarğıyıb. Qiyas İbrahimov da hakimlərə bir daha etiraz bildirib.
Hakim məhbusun və onun atasının işlətdiyi ifadələri aktlaşdırmağı tapşırıb, sonradan isə Ədliyyə Nazirliyinə təqdimat verilib. Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Qiyas və Həsən İbrahimovlara Cinayət Məcəlləsinin 289.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Cinayət Məcəlləsinin 289-cu maddəsi məhkəməyə hörmətsizlik etmə barədədir. Bu maddənin 2-ci bəndinə (289.2) əsasən, hakimi təhqir etməklə məhkəməyə hörmətsizlik etmə 300 manatdan 500 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qiyas və Həsən İbrahimovların işinə Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərov baxır.
Oktyabrın 31-də məhkəmənin hazırlıq iclası keçirilib. “Azadlıq” radiosunun məlumatına görə, İbrahimovların vəkili Elçin Sadıqov müdafiənin qurulması, vəsatətlər və başqa məsələlərin müzakirəsi üçün Qiyasın şüşə kabinədən çıxarılıb onun yanında əyləşməsini istəyib. Hakim bu şifahi vəsatəti təmin edib – gənc fəal öz vəkilinin yanında əyləşib.
Ardınca vəkil bu işə Yasamal Rayon Məhkəməsində baxılmasına etiraz edib. Elçin Sadıqov yazılı şəkildə verdiyi etirazını belə əsaslandırıb: “Qiyas və Həsən İbrahimovlardan Bakı Apellyasiya Məhkəməsinin hakimləri Vüqar Məmmədov, Əflatun Qasımov və Əmir Bayramov şikayət ediblər. Onların üçünün də iş üzrə istintaqa ifadələri eynidir. Üçü də bəri başdan Qiyas və atasının cinayət törətdiyini iddia edir. Yasamal Rayon Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxildir. Yasamal məhkəməsinin çıxardığı hökm və qərarlardan verilən şikayətlərə Bakı Apellyasiya Məhkəməsi baxıb qiymət verir. Bu səbəbdən Yasamal məhkəməsinin hökm və qərarlarını sorğulamaq səlahiyyəti olan hakimlərlə bağlı işə obyektiv baxıb, ədalətli hökm çıxaracağı şübhəlidir. Ona görə də biz bu işə Bakı Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olmayan məhkəmədə baxılmasını xahiş edirik”.
Hakim Hüseyn Səfərov vəsatəti baxılmamış saxlayıb. Məsələ ilə əlaqədar qərar vermək üçün müşavirədə olanda hakim Qiyas İbrahimovla bağlı fikrini də dəyişib. Belə ki, Hüseyn Səfərov müşavirə otağından göstəriş verib ki, Qiyas yenidən şüşə kabinəyə qaytarılsın.
Vəkilin digər iki vəsatəti İbrahimovlar haqqında cinayət işinə xitam verilməsi və onlara münasibətdə təqsirsizlik prezumpsiyası hüququnun pozulması barədə olub.
Qiyas və atasından şikayətçi olan hakimlər ifadələrində deyiblər ki, gənc fəal onları “marionet” adlandırmaqla təhqir edib. Vəkil isə deyir ki, Azərbaycan məhkəmələrinin müstəqil olmadığı, icra hakimiyyətindən asılılığı, sifarişlər əsasında qərarlar çıxarılmasını təkcə Qiyas söyləmir, bu məsələlər çoxsaylı yerli və beynəlxalq təşkilatların hesabatlarında da əksini tapıb.
Elçin Sadıqovun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin hakimləri ifadələrində İbrahimovlar haqda bəri başdan hökm verərək, Qiyasın şüşə kabinədəki mikrofonu qəsdən qopardığını, ata və oğulun məhkəməyə hörmətsizlik etdiyini demələri təqsirsizlik prezumpsiyası hüququnu pozur.
Hakim Hüseyn Səfərov bu vəsatətlərin də baxılmamış saxlanması haqda qərar verib.
Bundan sonra iş üzrə məhkəmə istintaqının başlanması məsələsi müzakirəyə çıxarılıb. Dövlət ittihamını müdafiə edən prokuror Vüsal Abdullayev cinayət işinin məhkəmə baxışına verilməsi məsələsinə fikir bildirmək üçün bir həftə vaxt istəyib. Hakim Hüseyn Səfərov növbəti iclası noyabrın 7-nə təyin edib.