AZƏRTAC xəbər verir ki, oktyabrın 31-i Bakıda prezidentlər İlham Əliyev və Rəcəb Teyyub Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib.
İlham Əliyev iclasda deyib ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir: “Əlaqələrimizin inkişafı ilə bağlı bizim fikirlərimiz üst-üstə düşür. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının bugünkü toplantısı da əminəm ki, çox uğurlu nəticə verəcək. Gündəlikdə bir çox məsələlər var – siyasi əlaqələr, beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz, iqtisadi sahədə əməkdaşlıq, hərbi, hərbi-texniki əməkdaşlıq, təbii ki, enerji, nəqliyyat məsələləri. Yəni gündəlik kifayət qədər genişdir və bütün istiqamətlər üzrə çox yaxşı nəticələr var. Bizim qəbul etdiyimiz qərarlar icra edilir və hökumətlərarası birgə komissiya da çox uğurla fəaliyyət göstərir. Əminəm ki, bu gün geniş tərkibdə müzakirə ediləcək məsələlər də yaxşı nəticələrə gətirib çıxaracaq”.
Rəcəb Teyyub Ərdoğan qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini, atılan addımın nəticəsini görmək qürur verir: “Dünən 15 dəqiqəlik dəmir yolu səyahətimizi vətəndaşlarımız, xalqlarımız gördülər. İnşallah, onların tezliklə təkcə Qarsdan Bakıya deyil, Pekinə, Londona getdikləri günləri də hamımız birlikdə görəcəyik və dualarını eşidəcəyik”.
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası başa çatdıqdan sonra İlham Əliyev və Rəcəb Teyyub Ərdoğan protokol imzalayıblar. İmzalanan digər sənədlər bunlardır: “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”; “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”; “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişinin imzalanmasına dair Anlaşma Memorandumu”; “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”; “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında yem bitkiləri toxumu istehsalı və sertifikatlaşdırılması sahəsində əməkdaşlıq haqqında Saziş”.