Respublikaçı Alternativ Partiyasının (qısa adı: REAL Partiya) təşəbbüs qrupu oktyabrın 29-na təyin etdiyi təsis qurultayını təxirə salıb. Xəbəri “Report” yayıb.
Təşəbbüs qrupunun üzvləri oktyabrın 27-də keçirdikləri mətbuat konfransında deyiblər ki, qurultayın təxirə salınmasına səbəb tədbirə yer ayrılmamasıdır.
Təşəbbüs qrupu noyabr ayında qurultaya yer ayrılması üçün dövlət orqanlarına yenidən müraciət edəcək.
Qrup Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinə müraciət etmək və qurultay üçün paytaxtın Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına mədəniyyət sarayının ayrılmasını istəmək niyyətindədir.
Qrup oktyabrın 29-na təyin etdiyi qurultayı “Təbriz” və “Bakı” kinoteatrlarından birində, ya da Səttar Bəhlulzadə adına mədəniyyət sarayında keçirmək istəyirdi. Ancaq oktyabrın 26-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi belə bir cavab verib ki, “Təbriz” və “Bakı” kinoteatrları idarənin balansında deyil, Səttar Bəhlulzadə adına mədəniyyət sarayında isə oktyabrın 29-u film nümayiş olunacaq.
Novator.az bildirir ki, Respublikaçı Alternativ Partiyasının təşəbbüs qrupuna Respublikaçı Alternativ (REAL) Hərəkatının üzvləri daxildir.
REAL Hərəkatı 2008-ci ildə yaradılıb. Hərəkatın lideri İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb.
2016-cı ildə hərəkat partiyaya çevrilmək niyyətini elan edib, həmin ilin martında partiya quruculuğu üzrə təşkilat komitəsi yaradılıb. 2017-ci ildə isə REAL hərəkatdan partiyaya çevrilmək üçün qurultay keçirməyi qərara alıb.