Oktyabrın 26-da AFFA 2014-cü ildən Azərbaycan milli futbol komandasının baş məşqçisi postunu tutan xorvat Robert Prosineçki ilə vidalaşdı. Novator.az bildirir ki, milli komanda Robert Prosineçkinin baş məşqçiliyi altında 24 oyun (biri klub komanda ilə) keçirib, 6 oyunda qalib gəlib, 6 görüşü heç-heçə başa vurub, 12 dəfə məğlub olub. Qələbələr 2015-ci ildə Malta ilə (Avropa çempionatının seçmə oyununda 2:0), Moldova ilə (yoldaşlıq görüşündə 2:1), 2016-cı ildə San Marino və Norveçlə (dünya çempionatının seçmə oyunlarında 1:0), 2017-ci ildə Qətərlə (yoldaşlıq oyununda 2:1), San Marino ilə (dünya çempionatının seçmə oyununda 5:1) görüşlərdə əldə edilib.
İdman icmalçıları Novator.az saytına açıqlamalarında Robert Prosineçkinin fəaliyyətini qiymətləndirib, baş məşqçi postuna namizəd məsələsi haqqında fikir yürüdüblər.
Aydın Bağırov:
– Prosineçkinin fəaliyyətinə normal qiymət verərdim. Amma indi Azərbaycanda futbolun durumu yaxşı deyil və istənilən məşqçinin rəhbərliyi altında Avropa və ya dünya çempionatının final mərhələsinə düşməyimiz gerçəklikdən uzaq olardı.
AFFA-nın son qərarının doğru olub-olmadığını isə ilin sonuna kimi görəcəyik. Əgər milli komandanın sükanı yerli məşqçiyə, daha dəqiqi, Qurban Qurbanova verilsə, deməli, Prosineçki ilə müqavilənin uzadılmaması doğru qərar olub. Yox, milliyə yenə də xarici məşqçi gətirilsə, deməli, dünən verilən qərar kökündən səhvdir və növbəti əcnəbi məşqçinin gətirilməsi bizim üçün ən azı iki il vaxt itkisi olacaq.
İndiki halda millini və Azərbaycan futbolunu yerli məşqçilərdən Qurban Qurbanov, əcnəbilərdən isə Robert Prosineçkidən yaxşı tanıyan yoxdur. Prosineçki ilə əməkdaşlıq bitdiyi üçün məntiqlə bu vəzifə “Qarabağ”ın baş məşqçiliyində də qalmaqla Qurban Qurbanova həvalə edilməlidir. Millinin əsasını “Qarabağ”ın oyunçuları təşkil edir. Qurbanov Prosineçkidən fərqli olaraq yerli çempionatı və futbolçuları daha yaxından izləyir və onun millimizə çox faydası ola bilər.
Rövşən Binnətli:
– Robert Prosineçkinin rəhbərliyi altında milli komandanın keçirdiyi oyunların 16-sı rəsmi görüşdür. Dünya və Avropa çempionatlarının seçmə mərhələ oyunlarında 4 qələbə qazanılıb, 8 qarşılaşmada isə yığmamız məğlubiyyətə uğrayıb. Futbolçularımız DÇ-2018-in təsnifat dövrünü rekord göstərici – 10 xalla yekunlaşdırdı. Bəziləri bunu inkişafın göstəricisi, bəziləri isə, sadəcə, nəticənin yaxşılaşması kimi qiymətləndirir. Hər iki tərəfin arqumentlərini əsaslı saymaq olar. Çünki yığmanın qrupdakı beş rəqibin üçündən xal alması, qrup ikincisi olmaq imkanı yaxalaması da faktdır, xalların yarıdan çoxunu (6 xal) San-Marino ilə görüşlərdə əldə etməsi də.
Yeni baş məşqçinin kimliyi məsələsinə gəlincə, təcrübə göstərir ki, milli komandalarda adətən yerli mütəxəssislər daha çox uğur qazanır, nəinki əcnəbilər. Bu mənada azərbaycanlı məşqçiyə üstünlük verilməsi daha məqsədəuyğun olar.
Mahir Rüstəmli:
– Söhbət ümumi qiymətdən gedirsə, təbii ki, yığma oyun planında Berti Foqtsun dövrü ilə müqayisədə daha yaxşı təsir bağışladı, komanda lazım gələndə hücum futbolu oynamağı bacardığını da göstərdi. Bununla belə, son seçmə mərhələdə yığmadan daha artığını gözləyirdim. Təəssüf ki, Robert Prosineçki həlledici anda – Şimali İrlandiya ilə iyunun 10-da keçirilən ev oyunu ərəfəsində, yığmanın daha böyük hədəflər uğrunda mübarizə aparmaq, yəni qrupda yüksək yerlər tutmaq imkanı olan vaxt komandanı toparlaya, ilk üç oyundan sonra böyük sevinc yaşayan ölkə üçün uğurların davamını gətirə bilmədi.
Fikrimcə, yığmanın növbəti baş məşqçisi əcnəbi yox, yerli çalışdırıcı olmalıdır. Ölkənin indiki futbolçu resursu böyük turnirlərin final mərhələsinə qatılmağa imkan vermirsə, əcnəbiyə və onun məşqçi korpusuna çox pul xərcləməyin mənası yoxdur. Komandanı indiki səviyyəsindən ən azı bir addım irəli apara biləcək yerli məşqçilər var ki, onların da önündə Qurban Qurbanov gəlir. Adam artıq 45 yaşı arxada qoyub, ortada uğurlu “Qarabağ” nümunəsi var, yığmanı çalışdırmaq istəyini də heç vaxt gizlətməyib. Sadəcə, AFFA nəyi gözləyir, anlamıram.
Rasim Mövsümzadə:
– Hər məşqçinin fəaliyyətinə obyektiv qiyməti elə onun göstərdiyi nəticələr verir. Düzdür, Azərbaycan millisi Prosineçkinin rəhbərliyi ilə dünya çempionatı-2018-in seçmə mərhələsində uğurlu start götürüb sonra tarixinin ən böyük qələbəsini qazandı (San Marinonu 5:1 uddu), ümumilikdə 3 oyunda qalib gəlib, 10 xal toplayıb, Avro-2012-də olduğu kimi 10 qol vurdu, bu da komandamız üçün rekord göstəricilərdir. Amma nə faydası? Rəqiblərimiz əvvəlki yarışlarla müqayisədə çox zəif idi və belə qrupda ən azı 3-cü yeri tutmaq mümkün idi, bu da Avro-2020 ərəfəsində komandamız üçün stimul olardı. Amma yekunda qismətimiz yenə sonuncudan əvvəlki mövqe oldu. Millimiz tarixində 7-ci dəfə qrup mərhələsini 5-ci pillədə başa vurdu və həmin nəticəni də, təbii, uğurlu saymaq olmaz.
Komandanın Prosineçkinin dövründə oyun baxımından inkişaf etdiyini iddia edənlərə cavab olaraq elə əvvəlki baş məşqçi Foqtsun dövründə də millimizin bəzi matçlarda yaxşı oyun göstərdiyini xatırlatmaq istərdim (məsələn, 2010-da Türkiyəyə 1:0, 2013-də Şimali İrlandiyaya 2:0 qalib gəlmişik).
Konkret ad çəkmək istəmirəm, amma yeni baş məşqçi yaxın keçmişdə diqqətçəkən uğurlara imza atmış mütəxəssis olmalıdır – nisbətən gənc, amma təcrübəli, həm də ambisiyalı, eyni zamanda böyük məbləğ tələb etməyən.
Prosineçkinin ən böyük uğurları isə 2 dəfə “Srvena Zvezda” ilə o qədər də güclü olmayan Serbiya çempionatında 2-ci yeri tutmaq və ölkə kubokunu qazanmaq olub, Avropa Liqasındasa qrup mərhələsinə düşə bilməyib.