Dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş, heç bir yerdə işləməyən məcburi köçkünlərə 20 ildən çoxdur verilən orta aylıq (dondurulmuş) əmək haqları dayandırılıb.
Bu əmək haqları qısaca olaraq dondurulmuş maaşlar da adlanır.
Dondurulmuş maaşlar Nazirlər Kabinetinin 10 may 1994-cü il qərarına əsasən verilirdi. Həmin qərar “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” adlanır.
Qərarda göstərilir ki, hərbi təcavüz nəticəsində 1000-ə yaxın təhsil və 700-dən çox səhiyyə müəssisəsi, 2000-dən artıq mədəniyyət ocağı və digər humanitar istiqamətli sosial obyektlər işğal altında qalıb, burada işləyən on minlərlə qulluqçu və fəhlə iş yerindən məhrum olaraq acınacaqlı vəziyyətə düşüb. Bu qəbildən olan məcburi köçkünlərin ağır həyat şəraitini yaxşılaşdırmaq, onlara mütəmadi olaraq əmək haqqı vermək məqsədilə Nazirlər Kabineti qərarın 2-ci bəndində Maliyyə Nazirliyinə və müvafiq icra hakimiyyəti orqanlarına dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin edilməmiş məcburi köçkünlərə orta aylıq əmək haqlarının verilməsini təmin etməyi tapşırıb.
İşğal olunmuş torpaqlar hələ azad edilmədiyinə görə qərarın 2-ci bəndi ildən ilə uzadılıb. Yəni dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş, heç bir yerdə işləməyən məcburi köçkünlər bu illər ərzində orta aylıq əmək haqlarını ala biliblər.
1994-cü ildəki qərarın 2-ci bəndini sonuncu dəfə Nazirlər Kabineti 2016-cı ilin martında verdiyi qərarla 2017-ci il yanvarın 1-dək uzadıb. Bundan sonra oxşar qərar olmayıb. Nəticədə 2017-ci il yanvarın 1-dən məcburi köçkünlərə “dondurulmuş maaşlar”ın verilməsi dayandırılıb.
Novator.az dondurulmuş maaşların dayandırılmasının səbəbini və bu əmək haqlarının bərpa edilib-edilməyəcəyini öyrənmək üçün Nazirlər Kabinetinə informasiya sorğusu ilə müraciət edib.
Sorğunu Nazirlər Kabinetinin göndərişi əsasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi cavablandırıb.
Komitənin Beynəlxalq Əlaqələr, İnformasiya və Mətbuat Xidməti Departamentinin direktoru Elçin Qədimovun imzaladığı cavab məktubunda dondurulmuş maaşların verilməsinin 2017-ci ilin yanvarından dayandırıldığı təsdiqlənib.
Məktubda bildirilib ki, bu il Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Nazirlər Kabinetinin dondurulmuş əmək haqlarına dair qərarının müddətinin uzadılması ilə bağlı aidiyyəti dövlət orqanları ilə müzakirələr aparıb: “Lakin qərarın müddətinin uzadılması məqsədəuyğun hesab edilməyib. Odur ki, 2017-ci il yanvarın 1-dən məcburi köçkünlərə orta aylıq (dondurulmuş) əmək haqlarının verilməsi dayandırılıb”.
Məktubda deyilir ki, dondurulmuş əmək haqlarının verilməsi üçün vəsait işğal altında olan rayonların illik büdcələrində nəzərdə tutulurdu, bu vəsaitin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə aidiyyəti olmayıb.
İnformasiya sorğusuna verilən cavabda o da qeyd olunub ki, komitə dondurulmuş əməkhaqqı alan şəxslərin ünvanlı sosial yardımla və işlə təmin edilməsi üçün aidiyyəti dövlət orqanlarına məktub göndərib.
Novator.az məsələ ilə bağlı Qarabağ Azadlıq Təşkilatına da müraciət edib. Təşkilatın sədri Akif Nağı sayta deyib ki, onlar bir müddətdir bu məsələ ilə məşğuldurlar, çünki dondurulmuş maaşdan məhrum olan məcburi köçkünlərdən 150 nəfərə yaxını təşkilata şikayətlə üz tutub.
Akif Nağının sözlərinə görə, ölkədə dondurulmuş əməkhaqqı alan məcburi köçkünlərin ümumi sayı 6 min 951 nəfər olub: “Onların 4 mindən çoxu müəllimdir. Qalanlarının əksəri tibb işçisi, kitabxanaçı, icra qurumlarında, maliyyə şöbələrində işləmiş şəxslərdir”.
Akif Nağı qeyd edib ki, Qarabağ Azadlıq Təşkilatına müraciət edənlərin iştirakı ilə müdafiə komitəsi yaradılıb: “Çünki vaxtilə dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatlarda çalışmış, lakin özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş, heç bir yerdə işləməyən məcburi köçkünlərə verilən orta aylıq əmək haqlarının qəfil kəsilməsi onları ağır vəziyyətə salıb. Bu onların dolanışığına çox pis təsir edib. Bizim araşdırmalarımız göstərir ki, dondurulmuş maaşları əksərən qadınlar, həm də ailə başçısını itirmiş qadınlar alıb. Həmin maaşlar faktiki onların yeganə gəlir mənbəyi olub.
Bu insanlar öz işlərini və yaşadıqları yerləri könüllü tərk etməyiblər, ərazilər işğal edilib, işdən də buna görə məhrum olublar. Ona görə torpaqlar azad olunana və məcburi köçkünlər öz yuvalarına qayıdana qədər dövlət dondurulmuş əmək haqları ilə bağlı imtiyazı saxlamalıdır. Əks halda ortaya sual çıxır: heç yerdə işləməyən bu insanlar necə dolansınlar?”
Sədr Qarabağ Azadlıq Təşkilatının məsələ ilə bağlı ölkə prezidentinə müraciət ünvanladığını söyləyib: “Biz bu problemlə əlaqədar dəyirmi masa keçirmişdik. Dəyirmi masa iştirakçıları adından da dövlət başçısına müraciət göndərilib. Müraciətlərdə dondurulmuş əmək haqlarının verilməsi prosesinin bərpa edilməsi xahiş olunub. Bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsait elə də böyük həcmli deyil. Hesablamalarımıza görə, bundan ötrü ildə 10-12 milyon manat tələb olunur. Fikrimizcə, bu həcmdə vəsait dövlət büdcəsi üçün ağır yük sayılmamalıdır. Ona görə də ödəmə bərpa olunmalıdır. Hökumət bunu etmirsə, onda dondurulmuş əməkhaqqı almaq hüququ olmuş şəxsləri ixtisasına uyğun işlə təmin etməlidir.
Biz bu ay Nazirlər Kabinetinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sorğular göndərmişik, xahiş etmişik ki, dondurulmuş əmək haqlarının niyə kəsildiyi barədə rəsmi izahat verilsin, bu ödəmənin hansı sənəd əsasında dayandırıldığı açıqlansın. Hələ ki, sorğularımıza cavab almamışıq”.