“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin 60 yaşı tamam olub.
1957-ci il oktyabrın 26-da doğulan Mehman Əliyev Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. “Molodyoj Azerbaydjana” qəzetinin, “Azərinform” agentliyinin müxbiri, “Xazar” jurnalının məsul katibi olub, prezidentin mətbuat xidməti rəhbərinin müavini vəzifəsində çalışıb. “Turan” informasiya agentliyini 1990-cı ildə təsis edib.
Bu il avqustun 24-də Mehman Əliyev Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin “Turan”a qaldırdığı cinayət işi üzrə həbs edilib, sentyabrın 11-də başqa yerə getməmək iltizamı ilə azadlığa buraxılıb. Vergi ödəməkdən yayınma üzrə cinayət işi çərçivəsində “Turan”ın fəaliyyəti məhdudlaşıb.
Oktyabrın 27-də Azadliq.org-a danışan Mehman Əliyev deyib ki, azadlığa buraxılması yarımçıq xarakter daşıyır:
– Bakıdan çıxmağım qadağandır, cinayət işi bağlanmayıb, Vergilər Nazirliyi vaxtaşırı xəbər göndərir ki, 38 min manat cərimə ödəməlisiniz. Maliyyə və təsərrüfat fəaliyyətimizi bərpa etməmişik. Sentyabrın 1-dən Vergilər Nazirliyinə məlumat göndərmişik ki, biz fəaliyyətimizi dayandırırıq. Fəaliyyətimiz yarımçıqdır, işçilərin bir hissəsi gəlir, nəsə yazırıq, amma işin tam bərpasından söhbət getmir.
– Sizcə, niyə prosesi belə uzadırlar?
– Bu prosesdə məqsəd “Turan”ı yox etməkdir. Bu gün də o fikirdən əl çəkməyiblər. Ona görə də məsələ uzanır.
– Sizin həbsdən çıxmazdan öncə prezidentə müraciətiniz birmənalı qarşılanmadı. Mehman Əliyevi bəzi zaman kəsiyində birləşdirici fiqur, hətta müxalifətin vahid namizədi kimi təqdim etməyə cəhdlər olub. Bəlkə bu səbəbdən də sizin dövlət başçısına müraciətiniz çoxlarını, yumşaq desək, təəccübləndirdi, incik saldı, qınaqlara yol açdı. Nə baş verdi ki, siz o müraciəti yazdınız?
– Birincisi, heç kəs bu vaxta qədər dəqiq bilmir ki, orda nə yazılmışdı. Nə yazmışam ki? Mən yazmışam ki, filan informasiya agentliyi filan vaxtdan fəaliyyət göstərir, heç vaxt peşə kodeksini pozmayıb, heç vaxt məhkəməyə verilməyib.
İkinci hissədə yazılıb ki, “Turan”a qarşı vergidən yayınma ittihamı ilə cinayət işi qaldırılıb və mən rəhbər olaraq istintaqdan yayınmamışam, lazımi sənədləri onlara təqdim etmişəm. Yazmışam ki, xahiş edirəm bunu nəzərə alaraq barəmdəki həbs qətimkan tədbirinin dəyişdirilməsinə yardımçı olasınız.
İkincisi, mənimlə bu haqda söhbət aparanda deyildi ki, prezidentə informasiyanı müəyyən dərəcədə yanlış veriblər, narahatdırlar, xahiş edirlər, belə bir məktub yazılsın, çatdıraq, məsələ də həll olunsun.
Belə bir şey olub. Burda da bir problem görmürəm. Mən prezidentə məktubda günahımı, səhvimi boynuma almıram ki. Kimsə deyir ki, əfv ərizəsi yazıb. Mən məhkum olunmamışam ki, əfv ərizəsi yazım. Bu müraciət durumu düzəltmək üçün tərəflərə imkan idi. Vəziyyət də yarımçıq düzəlib. Məndə olan məlumata görə, beynəlxalq təşkilatlardan birinin nümayəndəsi ilə söhbətdə prezident deyib ki, onu aldadıblar, yanlış informasiya verməklə pis vəziyyətdə qoyublar. Söhbət ondan getmir ki, qərarı o verib, bu məsələ ilə bağlı onu pis vəziyyətdə qoyublar.
– Kimlərdir sizin həbsinizi istəyən?
– Mənə elə gəlir ki, media, informasiya siyasətini aparanlardır. Mən bu siyasəti həmişə tənqid etmişəm. Son zamanlar baş verənlərlə bağlı hakimiyyətin özündə də narahatlıq, narazılıq var. İnformasiya məkanında getdikcə böhtan, təhqir, qeyri-sağlam münasibət çoxalır. Bu prosesi idarə edə bilmirlər. Mən də dəfələrlə demişəm, yazmışam ki, bu siyasət nə dövlətə, nə millətə xeyir verəcək. Əlbəttə, informasiya siyasətini aparanları narahat edirdi ki, Mehman danışır, danışır… Məndən başqa danışan da yox idi. Ona görə də məni susdurmaq onların marağında idi.
– Siz prezidentin köməkçisi Əli Həsənovu nəzərdə tutursunuz?
– Əli Həsənov da var, başqaları da. Böyük bir komandadır.
– Mehman bəy, 60 yaşın hesabatını verəndə səhvləriniz, peşmanlıqlarınız və uğurlarınız haqda nə düşünürsüz?
– Ömrümün 30 ili birbaşa media ilə bağlıdır. Mən nə bacarmışamsa, onu etmişəm. Bir ona heyfsilənirəm ki, 20 ildir bu hakimiyyət mənim qabağımı kəsib. Ölkəyə daha çox fayda vermək imkanım olub, bu imkanı əlimdən alıblar. Biz çox şeydə pioner olmuşuq, birinci olmuşuq. Sonradan çoxları bizi təkrarladı. 20 ildir ki, bizim qabağımızı kəsiblər, istədiklərimizi gerçəkləşdirə bilməmişik.
Mən öz maraqlarımdan çıxış etmirəm, söhbət böyük məsələlərdən, millətdən, dövlətdən gedir. Bəlkə mən çox böyük danışıram? Amma mən bacardıqlarımı etmək istəmişəm. Vaxtilə bunu etmişik də. Prezident Aparatında işləyəndə Azərbaycan informasiya siyasəti tarixində yeganə hal olub ki, ermənilər bizə yüksək səviyyədə, rəsmi səviyyədə informasiya müharibəsini dayandırmağı, moratorium təklif etdilər. Mən də cavab verdim ki, biz informasiya müharibəsi aparmırıq, informasiya təminatı ilə məşğuluq. Bu, birinci və yeganə hal idi ki, ermənilər bizə bu sahədə uduzurdular. 1993-cü ildə mən, Arif Əliyev, bizim komanda Prezident Aparatında işləyəndə bunu bacardıq. Çox gözəl iş bacardıq. Bu iş uzana, gözəl, böyük nəticələrə apara bilərdi. Mütləq deyil ki, məsələni odla, raketlə həll edəsən, sözlə də həll etmək olardı. Mən buna inanıram. Bunu edə bilərdik. Bunu qoymadılar və buna görə heyfsilənirəm.
– Siz hər zaman nikbinliyinizlə seçilmisiniz. Amma hadisələri analiz edəndə nikbinlik üçün əsas varmı, ümidinizi itirmirsiniz? Ya da belə deyək, on il əvvəl daha çox ümidliydiniz, ya indi?
– Mən həmişə ümidliyəm. Elə indi də. 2015-ci ildə baş verənlərdə, Azərbaycanda yaşanan sistemli böhranda – bu təkcə iqtisadi böhran deyildi, sistemin yaşadığı böhran idi, orda MTN məsələsi də vardı, Beynəlxalq Bank və bank sistemi məsələsi də vardı – nə müxalifətin, nə medianın, nə də vətəndaş cəmiyyətinin rolu olub. Onlar 2015-ci il ərəfəsində neytrallaşdırılmışdılar. Bu böhrandan hələ də çıxmamışıq, ciddi islahatlar getməsə, dəyişikliklər baş verməsə, çıxma ehtimalı da çox azdır. Bu davam edəcəksə, ikinci dalğa gələcək və bu da dövlət, millət üçün böyük faciə ilə qurtaracaq. Bununla zarafat etmək olmaz. Genişmiqyaslı islahatlar aparılmalıdır, bu təkcə 12 dənə yol xəritəsi deyil. İnsanlara azadlıq vermək lazımdır ki, öz imkanlarını realizə edə bilsinlər.