Milli Şuranın bu həftəyə nəzərdə tutduğu mitinqdə terror aktı törətmək istəyən, lakin oktyabrın 25-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində zərərziləşdirlən şəxslərin mənzilinə baxış keçirilib.
Mənzil Abşeron rayonunun Xırdalan şəhərində yerləşir.
DTX silahlı şəxslərin zərərsizləşdirilməsi ilə bağlı əməliyyatı həmin ünvanda keçirib.
Silahlıların sayı 3 nəfər olub. Onların müxtəlif dini etiqadlara mənsub olduğu və əməliyyat zamanı məhv edildiyi açıqlanıb.
Mənzilə baxış Abşeron Rayon Prokurorluğunun və Baş Prokurorluğun kriminalistika şöbəsinin prokuror-kriminalistlərinin iştirakı ilə keçirilib.
Abşeron Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, baxış zamanı mənzildən beş ədəd patronla birlikdə bir ədəd “Makarov” markalı tapança, iki ədəd partlayışa hazır vəziyyətdə olan əl qumbarası, yeddi ədəd hazır vəziyyətdə şüşə butulkalarda kustar üsulla hazırlanmış “Molotov kokteyli”, həmin partlayıcı-yandırıcı predmetlərin alışdırılması üçün nəzərdə tutulmuş xeyli sayda alışdırıcı, “Molotov kokteyli”nin hazırlanması üçün nəzərdə tutulmuş dörd ədəd alışdırıcı maye ilə dolu beş litrlik plastik qablar aşkar edilərək müvafiq qaydada qablaşdırılıb və maddi sübut kimi götürülüb.
Faktla bağlı hazırda Abşeron Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Xatırladaq ki, Milli Şura oktyabrın 28-i saat 15-dən 17-dək Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (“İnşaatçılar” metro stansiyasının yanı) mitinq keçirməyi planlaşdırır.
DTX oktyabrın 25-də həmin mitinqdə terror aktı törətmək planı quran şəxslərə qarşı əməliyyat keçirib.
DTX-nin ictimai əlaqələr şöbəsinin 25 oktyabr açıqlamasında deyilir ki, bir qrup şəxsin partlayıcı maddələr əldə edib dini ekstremizm zəminində terror aktları planlaşdırdıqları barədə məlumat araşdırmalarla təsdiqlənib, təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti yaranıb. Açıqlamaya görə müəyyən edilib ki, Azərbaycandan kənarda fəaliyyət göstərən dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxs ölkədə sabitliyi və təhlükəsizliyi pozmaq, ictimai-siyasi qarışıqlıq yaratmaq məqsədilə oktyabrın 28-də Bakı şəhərində keçiriləcək mitinqdə terror aktı törətmək barədə razılığa gəliblər: “Dövlət Təhlükəsizliyi Xidmətində başlanmış cinayət işi üzrə barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılmış şəxslərin saxlanması üçün oktyabrın 25-də kompleks əməliyyat tədbirləri keçirilib. Xırdalan şəhəri ərazisində həyata keçirilən əməliyyat zamanı Azərbaycan vətəndaşları Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlu, Əbu-Yunis ləqəbli Məsimli Anar Mehman oğlu, Əbu-Vakkaz ləqəbli Hüseynli Cavid Hüseyn oğlu odlu silahlardan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla məhv ediliblər”.