“Əgər bu həqiqətən belədirsə, o zaman Dövlət Təhlükəsizliyi Xidmətinə alqış düşür”. Azadliq.org xəbər verir ki, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) oktyabrın 28-i Bakıda gözlənən mitinqdə terror törədilməsi cəhdinin qarşısının alındığı barədə məlumatına münasibət bildirərkən deyib.
Həmin məlumatı DTX oktyabrın 25-də yayıb.
Nurəddin Məmmədli bu məlumatla bağlı digər mülahizələrin, o cümlədən mitinqdə terror törədilməsinin ağlabatan görünmədiyi barədə mülahizənin olduğunu da vurğulayıb. O, həmin mülahizələrə əsasən deyib ki, belə bir xəbəri yaymaqda insanların şüuruna qorxu yeritmək məqsədi də güdülə bilər: “Burada kimlərinsə Milli Şuranın əleyhinə olduğunu və onların hətta terrordan da çəkinmədiyini göstərmək məqsədi də ola bilər”.
Oktyabrın 25-də Dövlət Təhlükəsizliyi Xidməti Demokratik Qüvvələrin Milli Şurasının Bakıda keçirəcəyi mitinqdə terror aktı törətmək planı quran şəxsləri məhv etdiyini açıqlayıb.
Milli Şura oktyabrın 28-i saat 15-dən 17-dək Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (“İnşaatçılar” metro stansiyasının yanı) mitinq keçirəcək.
DTX-nin ictimai əlaqələr şöbəsinin 25 oktyabr açıqlamasında deyilir ki, bir qrup şəxsin partlayıcı maddələr əldə edib dini ekstremizm zəminində terror aktları planlaşdırdıqları barədə məlumat araşdırmalarla təsdiqlənib, təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti yaranıb. Açıqlamaya görə müəyyən edilib ki, Azərbaycandan kənarda fəaliyyət göstərən dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxs ölkədə sabitliyi və təhlükəsizliyi pozmaq, ictimai-siyasi qarışıqlıq yaratmaq məqsədilə oktyabrın 28-də Bakı şəhərində keçiriləcək mitinqdə terror aktı törətmək barədə razılığa gəliblər: “Dövlət Təhlükəsizliyi Xidmətində başlanmış cinayət işi üzrə barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılmış şəxslərin saxlanması üçün oktyabrın 25-də kompleks əməliyyat tədbirləri keçirilib. Xırdalan şəhəri ərazisində həyata keçirilən əməliyyat zamanı Azərbaycan vətəndaşları Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlu, Əbu-Yunis ləqəbli Məsimli Anar Mehman oğlu, Əbu-Vakkaz ləqəbli Hüseynli Cavid Hüseyn oğlu odlu silahlardan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla məhv ediliblər”.