Demokratik Qüvvələrin Milli Şurasının liderlərindən olan AXCP sədri Əli Kərimli Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) oktyabrın 25-də keçirdiyi əməliyyatla bağlı yaydığı məlumata münasibət bildirib.
Oktyabrın 25-də DTX Milli Şuranın bu həftəyə nəzərdə tutduğu mitinqdə terror aktı törətmək istəyən 3 nəfər silahlı şəxsi zərərsizləşdirdiyini açıqlayıb.
Milli Şura mitinqi oktyabrın 28-i saat 15-dən 17-dək Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (“İnşaatçılar” metro stansiyasının yanı) keçirəcək.
DTX bəyan edib ki, mitinqdə terror törətməyi planlaşdıran silahlı qrup Azərbaycandan kənarda fəaliyyət göstərən dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş şəxslərdən ibarət olub. Qrup Bakının Lökbatan qəsəbəsində Abdullah ləqəbli Azərbaycan vətəndaşı Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlunun yaşadığı evdə toplaşaraq onu “əmir” seçib. Həmin şəxslər ardıcıl terror aktları törətmək məqsədilə əldə etdikləri maddə və ləvazimatlarla kustar üsulla partlayıcı-yandırıcı predmetlər hazırlayıb, oktyabrın 22-də Lökbatan qəsəbəsi ərazisində sınaqdan keçiriblər. Eyni zamanda onlar ölkədə sabitliyi və təhlükəsizliyi pozmaq, ictimai-siyasi qarışıqlıq yaratmaq məqsədilə Milli Şuranın 28 oktyabr mitinqində terror aktı törətmək barədə razılığa gəliblər.
DTX bəyan edib ki, qrupun keçirdiyi görüş əməliyyat-texniki yolla ətraflı qeydə alınıb. Dini ekstremizm zəminində terror aktlarının planlaşdırıldığı barədə məlumat araşdırmalarla təsdiqləndiyi üçün təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti yaranıb. DTX terroru planlaşdıran şəxslərin saxlanması üçün oktyabrın 25-də Xırdalan şəhəri ərazisində əməliyyat keçirib. Əməliyyat zamanı cinayətkar dəstənin üzvləri – Azərbaycan vətəndaşları Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlu, Əbu-Yunis ləqəbli Məsimli Anar Mehman oğlu, Əbu-Vakkaz ləqəbli Hüseynli Cavid Hüseyn oğlu odlu silahlardan atəş açmaqla birgə silahlı müqavimət göstəriblər. DTX əməkdaşları cavab tədbiri olaraq xidməti silahdan istifadə etməklə qrupun hər üç üzvünü məhv ediblər.
Oktyabrın 26-da prokurorluq əməkdaşları DTX-nin əməliyyat keçirdiyi ünvanda zərərziləşdirlən şəxslərin mənzilinə baxıblar. Baxış zamanı mənzildən beş ədəd patronla birlikdə bir ədəd “Makarov” markalı tapança, iki ədəd partlayışa hazır vəziyyətdə olan əl qumbarası, yeddi ədəd hazır vəziyyətdə şüşə butulkalarda kustar üsulla hazırlanmış “Molotov kokteyli”, həmin partlayıcı-yandırıcı predmetlərin alışdırılması üçün nəzərdə tutulmuş xeyli sayda alışdırıcı, “Molotov kokteyli”nin hazırlanması üçün nəzərdə tutulmuş dörd ədəd alışdırıcı maye ilə dolu beş litrlik plastik qablar aşkar edilərək maddi sübut kimi götürülüb.
Hazırda faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırmalar gedir.
Oktyabrın 26-da Əli Kərimli məsələ ilə bağlı Facebook şəbəkəsində yazdığı qeydində mitinqə terror təhlükəsinin olması barədə məlumatı “ideoloji təxribat” adlandırıb.
Əli Kərimlinin fikrincə, belə bir məlumatın yayılmasında məqsəd adamlarda qorxu, narahatlıq yaratmaq, mitinqə gələnlərin kütləviliyinə ziyan vurmaqdır: “Birincisi, Azərbaycan vətəndaşlarını məhkəməsiz-sübutsuz vurub öldürmək praktikasına son qoyulmalıdır. İkincisi, şükürlər olsun Allaha ki, bu ölkənin dindarı da (məzhəbindən asılı olmayaraq), radikalı da, liberalı da terrorun, qan tökülməsinin əleyhinədir. Üçüncüsü, hökumətin əlində terror hazırlığı haqda gerçəkdən də etibarlı məlumatlar varsa, buyursun, tәsdiqlәyici fotoları, video və səs yazılarını ictimaiyyətə təqdim etsin”.
AXCP sədri vaxtilə hakimiyyətin Milli Şuranı beynəlxalq terror təşkilatı olan İŞİD-lə bağlamağa cəhd göstərdiyini vurğulyaraq yazıb: “Nə oldu, alınmadı? Heç kim inanmadığı üçün bizi – dünənə qədər “İŞİD-çi” kimi təqdim etmək istədiklərinizi indi də terrorun hədəfi elan eləmisiniz?”
Əli Kərimli adamların rəsmi məlumatlardan qorxuya düşüb mitinqdən kənar duracağına inanmadığını bildirib. AXCP sədri Facebook qeydində yazıb: “Tam məsuliyyətlə bəyan edirəm ki, oktyabrın 28-i saat 15-dən 17-dək Bakı şəhərində ən təhlükəsiz yer “İnşaatçılar” metro stansiyası yaxınlığındakı stadion – mitinq meydanı olacaq. Əvvəla, mitinqdən öncә stadion minaaxtaranlar tərəfindən qarış-qarış axtarılır. İkincisi, mitinqə gələn adamların hamısının üstü axtarılır ki, heç kim (istəsə də) stadiona partlayıcı maddə və ya silah gətirə bilməsin. Üçüncüsü, mitinq razılaşdırılıb və təhlükəsizliyə dövlət özü təminat verib”.