Azərbaycanda həbsdə olan jurnalist Əfqan Muxtarlının layiq görüldüyü mükafat (“Pavel Şeremet jurnalist mükafatı – 2017”) onun həyat yoldaşı Leyla Mustafayevaya təqdim olunub.
Contact.az xəbər verir ki, təqdimat mərasimi Estoniyanın paytaxtı Tallində, Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramı ilə bağlı konfrans çərçivəsində reallaşdırılıb.
Mərasimdə çıxış edən Leyla Mustafayeva Əfqan Muxtarlının həbsinin təkcə Azərbaycan üçün yox, Gürcüstan üçün də problem olduğunu bildirib. O vurğulayıb ki, həyat yoldaşının oğurlanmasına və həbsinə görə Şərq tərəfdaşlığı proqramına üzv olan Gürcüstan da məsuliyyət daşıyır.
Leyla Mustafayeva deyib ki, Azərbaycanda siyasi motivlərlə həbs edilənlər arasında 10-a yaxın jurnalist var və onların hamısının azadlığa buraxılmasını tələb etmək gərəkdir: “Avropa öz iqtisadi maraqlarına görə Azərbaycanda insan hüquqlarının pozulmasına göz yummamalıdır”.
Əfqan Muxtarlını “Pavel Şeremet jurnalist mükafatı – 2017” mükafatına bu ilin iyul ayında Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu layiq görüb.
Əfqan Muxtarlı 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.
Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. O, 2017-ci il may ayının 31-də tutulub.
Azərbaycanın Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi jurnalisti Cinayət Məcəlləsinin 318.1-ci (dövlət sərhədini sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham edir.
Əfqan Muxtarlı bildirir ki, o, mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Müdafiəçiləri və ailə üzvləri də bunu təsdiqləyirlər. Ancaq Azərbaycanın rəsmi qurumları bəyan edir ki, Əfqan Muxtarlı Gürcüstandan Azərbaycana qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.
Həbsdə olduğu vaxt Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Əfqan Muxtarlının vergi qeydiyyatına alındığı dövrdən sonrakı fəaliyyətinin yoxlanması barədə qərar çıxarıb. Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti həmin qərar əsasında səyyar vergi yoxlaması keçirib. Nəticədə Əfqan Muxtarlıya 110 manat 95 qəpik əlavə vergi hesablanıb.
Oktyabrın 11-də Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva 4 yaşlı qızı Nurayla birgə Gürcüstanı tərk edərək Almaniyaya pənah aparıb. Onlar hazırda Berlin şəhərində yaşayırlar. Leyla Mustafayeva yaxın vaxtda Almaniya hökumətindən sığınacaq istəyəcəyini bəyan edib. O, Gürcüstanı tərk etməsinin səbəbini həmin ölkədə özünü təhlükəsiz duymaması və izlənməsi ilə əlaqələndirib.