Dövlət Təhlükəsizliyi Xidməti Demokratik Qüvvələrin Milli Şurasının Bakıda keçirəcəyi mitinqdə terror aktı törətmək planı quran şəxsləri zərərsizləşdirdiyini bəyan edib.
Novator.az xatırladır ki, Milli Şura oktyabrın 28-i saat 15-dən 17-dək Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (“İnşaatçılar” metro stansiyasının yanı) mitinq keçirəcək. Bakı Şəhər İcra Hakimiyyəti mitinqə razılıq verib.
DTX-nin ictimai əlaqələr şöbəsinin 25 oktyabr açıqlamasında deyilir ki, bir qrup şəxsin partlayıcı maddələr əldə edib dini ekstremizm zəminində terror aktları planlaşdırdıqları barədə məlumat araşdırmalarla təsdiqlənib, təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti yaranıb: “Müəyyən edilib ki, Azərbaycandan kənarda fəaliyyət göstərən dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxs Bakının Lökbatan qəsəbəsində “Abdullah” ləqəbli Azərbaycan vətəndaşı Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlunun yaşadığı evdə toplaşaraq sonuncunu qeyd olunan cinayətkar birliyin tərkibində özlərindən ibarət dəstənin “əmir”i seçiblər. Həmin şəxslər ardıcıl terror aktları törətmək məqsədilə əldə etdikləri maddə və ləvazimatlarla kustar üsulla partlayıcı-yandırıcı predmetlər hazırlayıb, oktyabrın 22-də Lökbatan qəsəbəsi ərazisində sınaqdan keçiriblər.
Əməliyyat-texniki yolla ətraflı qeydə alınmış görüşlərində onlar ölkədə sabitliyi və təhlükəsizliyi pozmaq, ictimai-siyasi qarışıqlıq yaratmaq məqsədilə oktyabrın 28-də Bakı şəhərində keçiriləcək mitinqdə terror aktı törətmək barədə razılığa gəliblər.
Dövlət Təhlükəsizliyi Xidmətində başlanmış cinayət işi üzrə barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılmış şəxslərin saxlanması üçün oktyabrın 25-də kompleks əməliyyat tədbirləri keçirilib. Xırdalan şəhəri ərazisində həyata keçirilən əməliyyat zamanı cinayətkar dəstənin üzvləri – Azərbaycan vətəndaşları Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlu, Əbu-Yunis ləqəbli Məsimli Anar Mehman oğlu, Əbu-Vakkaz ləqəbli Hüseynli Cavid Hüseyn oğlu odlu silahlardan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla məhv ediliblər”.
DTX istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyini bildirir.
Məlumata əlavə: