Avropa Şurasının Nazirlər Komitəsi oktyabrın 25-də Azərbaycanla bağlı yeni qərar qəbul edib. Qərara görə, dekabrın 5-də azərbaycanlı siyasətçi İlqar Məmmədovun işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunacaq. Azərbaycana məsələ ilə bağlı öz mövqeyini noyabrın 29-na kimi bildirmək təklif edilib.
Xəbəri Azadliq.org yayıb.
Avropa Şurasının müxtəlif qurumları çoxdan bəyan edir ki, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarını icra etmir və buna görə cəza tətbiq olunmalıdır.
Avropa İnsan Hüquqları Konvensiyasına görə, Avropa Şurasının Nazirlər Komitəsi ölkənin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməkdən boyun qaçırdığını hesab edirsə və məhkəmə bunun pozuntu olduğunu təsdiqləyirsə, onda iş tədbir görülməsi üçün Nazirlər Komitəsinə göndərilir. Tədbirlərdən biri ölkənin Avropa Şurasından çıxarılması ola bilər.
İlqar Məmmədov Respublikaçı Alternativ (REAL) Hərəkatının lideridir. O, 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb. Hökmü Şəki Ağır Cinayətlər Məhkəməsi çıxarıb, Şəki Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb.
2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti ilə bağlı qərar verib. Avropa Məhkəməsi İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir sıra hüquqlarının pozulduğunu tanıyıb, Azərbaycana 22 min avro cərimə kəsib.
2015-ci il oktyabrın 13-də Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov barəsindəki qərarını ləğv edib, iş həmin instansiyaya qaytarılıb. 2016-cı il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb, beləliklə, İlqar Məmmədov həbsdə qalıb. 2016-cı il noyabrın 18-də Ali Məhkəmə İlqar Məmmədovun Şəki Apellyasiya Məhkəməsindən şikayətini təmin etməyib.
2017-ci il sentyabrın 21-də Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsinin hökmünün icrası üçün oktyabrın 27-dək tədbir görməyə səsləyən qərar qəbul etmişdi.
Novator.az bildirir ki, 1949-cu ildə yaradılan Avropa Şurasının başlıca məqsədi insan hüquqlarının, demokratiyanın, qanunun aliliyinin müdafiəsidir. Təşkilat 47 ölkəni birləşdirir.
Qurumun əsas institutları üzv ölkələrin xarici işlər nazirlərindən ibarət Nazirlər Komitəsi; milli parlament üzvlərindən ibarət Parlament Assambleyası və hakimləri üzv ölkələrdən seçilən Avropa İnsan Hüquqları Məhkəməsidir. Avropa Şurasının insan haqları komissarı müstəqil vəzifəli şəxsdir. Şuranın konstitusiya hüququ üzrə məşvərətçi qurumu olan Venesiya Komissiyası fəaliyyət göstərir. Digər məşvərətçi orqan Yerli və Regional Hakimiyyətlər Konqresidir. Avropa Şurasına 5 ildən bir Parlament Assambleyasında seçilən baş katib rəhbərlik edir.
Hazırda Avropa Şurasının 13 üzvü, o cümlədən quruma 2001-ci ildə qoşulan Azərbaycan Parlament Assambleyasının monitorinqi altındadır.