İspaniyanın Kataloniya vilayətində yerli parlamentin Rəyasət Heyəti oktyabrın 26-na plenar iclas təyin edib. Həmin iclasda vilayətin müstəqil dövlət elan olunması gözlənir.
Novator.az xatırladır ki, ərazisi 32,1 min kvadrat kilometr olan Kataloniya muxtar vilayətində oktyabrın 1-də keçirilmiş referenduma qatılanların çoxu bölgənin müstəqil dövlət elan olunmasına tərəfdar çıxıb. Rəsmi Madrid referendumun qanunsuz olduğunu, nəticələrinin heç bir hüquqi qüvvə daşımadığını bəyan edib.
Kataloniya başçısı Karles Puçdemont oktyabrın 10-u Barselonada, yerli parlamentin iclasında bölgənin müstəqil dövlət elan olunması barədə bəyannamə imzalayıb. Ancaq bölgənin müstəqil dövlət elan olunması barədə qanun qəbul edilməyib.
Oktyabrın 21-də İspaniya hökuməti Kataloniya hökumətinin buraxılması, idarəçilik səlahiyyətlərinin mərkəzi orqanlara ötürülməsi, 6 ay ərzində vilayətdə yeni parlament seçkisinin keçirilməsi barədə təqdimatla çıxış edib. Təqdimata İspaniya parlamentinin yuxarı palatası olan Senat oktyabrın 27-də baxılacaq.
Kataloniya vilayətində son parlament seçkisi 2015-ci il sentyabrın 27-də keçirilib. Həmin seçkini bölgənin İspaniyadan ayrılmasının tərəfdarı olan qüvvələr udub.