Əhalisinin sayı 10 milyon nəfərə yaxın olan Azərbaycanda gündəlik ictimai-siyasi qəzetlərin tirajı 10 min nüsxəyə çatmır. Məsələn, “Azərbaycan” qəzetinin tirajı 8 min 600-dür. “Yeni Müsavat” qəzeti 5 min 100 tirajla çıxır. Rusdilli “Exo” qəzeti 6000 nüsxə ilə işıq üzü görür.
Novator.az bildirir ki, qonşu Rusiyada (əhalisinin sayı 147 milyon nəfərə yaxın) “Komsomolskaya pravda” qəzeti 775 min 700 (həftənin dördüncü günü 1,5 milyon), “Moskovski komsomolets” 700 min, “Rossiyskaya qazeta” 402 min 230, “Moskovskaya pravda” 400 min, “İzvestiya” 234 min 500, “Trud” 220 min tirajla yayılır.
Dünyanın başqa ölkələrinə gəlincə, ən böyük tirajlı nəşr Yaponiyanın (əhalisinin sayı 127 milyon nəfərə yaxın) “Yomiuri simbun” qəzetidir. Qəzet gündə iki dəfə 10 milyona yaxın tirajla çıxır.
“Asaxi simbun” (7,5 milyon), “Mayniti simbun” (3,3 milyon) növbəti sırada gəlir. Ümumiyyətlə, dünyanın ən böyük tirajlı 50 qəzetinin 10-u Yaponiyanın payına düşür.
Əhalisi 1 milyard 321 milyon nəfər olan Hindistanın ingilisdilli “Tayms of İndia” qəzetinin tirajı 3 milyondan yuxarıdır.
1 milyard 386 milyon adamın yaşadığı Çində isə ingilisdilli “Referens Nyus” qəzeti 3 milyon nüsxə ilə çıxır.
Cənubi Koreyanın (əhalisi 51 milyon nəfərdən çox) “Çason ilbo” qəzeti də nəhənglər sırasındadır: 1,8 milyon tiraj.
2,4 milyona yaxın tirajı olan “Uoll Strit Jurnal” Amerika Birləşmiş Ştatlarının (əhalisi 326 milyon nəfərə yaxın) ən böyük tirajlı gündəlik qəzetidir.
ABŞ-ın ən iri nüsxə ilə buraxılan ikinci qəzeti “Nyu-York Tayms”dır: 1,8 milyon nüsxə.
Avropada ən yüksək tirajla Almaniyanın (əhalisi 83 milyon nəfərə yaxın) “Bild”qəzeti çıxır: 2,6 milyon nüsxə.
Böyük Britaniyada (əhalisi 66 milyon nəfərə yaxın) ən iri tirajlı mətbu orqanları “San” (2 milyon nüsxədən çox), “Deyli Mail” (1,7 milyon), “Mail on Sandi” (1,3 milyona yaxın) qəzetləridir.
Türkiyədə (əhalisi 80 milyon nəfərə yaxın) “Hürriyyət” qəzeti 334 mindən çox tirajla birincidir.
Töhfə Əzimova