İqtisadiyyat Nazirliyində struktur bölmələrin və tabe qurumların rəhbərlərinin iştirakı ilə kollegiya iclası keçirilib. Oktyabrın 17-də yayılan rəsmi məlumata görə, iclasda çıxış edən nazir Şahin Mustafayev 2017-ci ilin doqquz ayında qeyri-neft iqtisadiyyatının 2,5%, qeyri-neft sənayesinin 3,1%, kənd təsərrüfatının 2,8%, xarici ticarət dövriyyəsinin 7% (4,4 milyard dollarlıq müsbət saldo ilə) yüksəldiyini, valyuta ehtiyatlarının 4,5 milyard dollar artaraq 42 milyard ABŞ dollarına çatdığını deyib.
Şahin Mustafayev qeyd edib ki, dövlət başçısı valyuta ehtiyatlarının artırılması, qeyri-neft sektorunun inkişafı, Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş məsələlərin həlli, infrastruktur layihələrinin icrası, sahibkarlığın inkişafı, Sahibkarlığa Kömək Milli Fondunun kreditləşməni tam həcmdə təmin etməsi, heyvandarlıq, pambıqçılıq, baramaçılıq, tütünçülük fındıqçılıq, çəltikçilik, sitrusçuluq, çayçılıq sektorlarının və digər sahələrin inkişafı, yeni iş yerlərinin yaradılması barədə tapşırıqlar verib. Kollegiya iclasında İqtisadiyyat Nazirliyi qarşısında qoyulan vəzifələrin icrası üçün struktur bölmələrə konkret göstərişlər verilib, tədbirlər planının hazırlanması qərara alınıb.
İqtisadiyyat naziri deyib ki, dövlət başçısı milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində dövlət qurumları üçün nəzərdə tutulan bütün tədbirlərin 2020-ci ilə qədər öz həllini tapmalı olduğunu vurğulayıb. Kollegiya iclasında nazirliyin strateji yol xəritələrində icraçılardan olduğu 364 tədbir, o cümlədən əsas icraçı olduğu 135 tədbir üzrə görülmüş işlər barədə hesabat məruzələri dinlənib, digər icraçı qurumların nümayəndələrinin də iştirakı ilə yaradılmış 64 işçi qrupun fəaliyyəti barədə məlumat verilib. Nəzərdə tutulan tədbirlərin tam, vaxtında və keyfiyyətlə icrasına nəzarətin daha da gücləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyində müvafiq struktur bölmənin yaradılması qərara alınıb.