Mərkəzi qərargahı ABŞ-da olan “Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı azərbaycanlı jurnalist Fikrət Hüseynlini dərhal azadlığa buraxmağa çağırıb. Azadliq.info-nun məlumatına görə, təşkilatın 17 oktyabr bəyanatında deyilir: “Ukrayna hökuməti Fikrət Hüseynlini dərhal azad etməli və ona qarşı bütün təqibləri dayandırmalıdır. Fikrət Hüseynlinin saxlanması hər hansı cinayət əməli ilə bağlı deyil, Azərbaycan hakimiyyətinin jurnalistləri təqib etməsi ilə bağlı məsələdir. Təcrübədən yaxşı bəllidir ki, Azərbaycan hökuməti və buna bənzər avtoritar rejimlər öz opponentlərini, jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını təqib etmək üçün İnterpol servisindən sui-istifadə edirlər. İnterpol bu cür hallara qarşı həssas olmalı və sorğularla məsələləri daha ciddi araşdırmalıdır”.
Hollandiyada yaşayan Fikrət Hüseynli oktyabrın 14-də Kiyevin Borispol hava limanında tutulub. O, Ukraynaya bundan bir neçə gün qabaq gəlibmiş. Fikrət Hüseynlini Kiyevdən Almaniyanın Düsseldorf şəhərinə getmək istəyərkən Ukrayna Sərhəd Xidmətinin əməkdaşları saxlayıblar və jurnalisti Borispol hava limanında polis nəzarətinə veriblər.
Məlumatlara görə, Fikrət Hüseynli Azərbaycanın İnterpola verdiyi sorğu əsasında saxlanıb. Jurnalist Borispol hava limanının polis bölməsində olduğu vaxt mediaya açıqlamasında bildirib ki, onu mühacirətə gedərkən Azərbaycan sərhədini qanunsuz keçmədə və dələduzluqda ittiham edirlər. Jurnalistin sözlərinə görə, bir neçə il əvvəl Bakının Nəsimi Rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 178-ci (dələduzluq) maddələri ilə cinayət işinə başlanıb.
Oktyabrın 17-də Kiyevin Borispol Rayon Məhkəməsində Fikrət Hüseynlinin məhkəməsi olub. Prosesdə Fikrət Hüseynli barəsində 18 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Fikrət Hüseynli son vaxtlar xaricdən yaylan “Turan TV” ilə əməkdaşlıq edir. “Turan TV”nin Azerbaycansaati.com saytı Azərbaycan Respublikası ərazisində məhkəmə qərarı ilə bloklanıb.
41 yaşlı Fikrət Hüseynli vaxtilə “Azadlıq” qəzetinin əməkdaşı olub. 2006-cı il martında o, Bakının Badamdar qəsəbəsi ərazisində naməlum şəxslərin hücumuna məruz qalıb, bıçaqlanıb.
Fikrət Hüseynli Azərbaycanı 2008-ci ilin əvvəlində tərk edib. Həmin vaxtdan Niderland Krallığında yaşayır. Onun bu ölkədə vətəndaşlıq aldığı bildirilir.