Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ictimaiyyəti maraqlandıran standartların şərh edilməsinə və tələblər haqqında maarifləndirici məlumatların verilməsinə başlayıb.
Novator.az xəbər verir ki, komitə vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq AZS 599-2015 “Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər” standartının tələbləri haqqında məlumat yayıb.
Adıçəkilən dövlət standartını Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin kollegiyası 2015-ci il oktyabrın 27-də təsdiq edib. Standart 2015-ci il noyabrın 11-də qüvvəyə minib.
Bu standart avtomobil, avtobus, motosikl, motoroller, motoaraba, traktor və avtomobil traktor qoşqularının, eləcə də onlara bərabər tutulan nəqliyyat vasitələrinin tanınması üçün istifadə olunan dövlət qeydiyyat nişanlarına şamil olunur.
Standarta əsasən, dövlət qeydiyyat nişanları bir və iki sıralı olmaqla 4 tipə bölünür.
Bir sıralı I tip – avtonəqliyyat vasitələrinə aiddir:
İki sıralı II tip – avtonəqliyyat vasitələri və onların qoşqularına aiddir:
İki sıralı III tip – I tip nişanların tətbiqi mümkün olmayan avtomobillər, hərəkət sürəti 20 km/saatdan artıq olmayan elektrik mühərrikli avtomobillər, hərəkət sürəti 30 km/saatdan artıq olmayan daxili yanma mühərrikli nəqliyyat vasitələri, traktorlar və onların qoşqularına aiddir:
İki sıralı IV tip – motonəqliyyat vasitələrinə aiddir:
Standartda “ağ fon”lu dövlət qeydiyyat nişanları ilə yanaşı, “göy fon”lu nişanlar, avtonəqliyyat vasitələrinə müvəqqəti olaraq verilən “tranzit” nişanları, fəxri konsulların nəqliyyat vasitələrinə verilən “qırmızı fon”lu nişanlar, diplomatik nümayəndəliklər və konsulluqların, diplomatik nümayəndələrin statusuna malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalının və bu personalın ailə üzvlərinin xidməti və şəxsi nəqliyyat vasitələrinə verilən “qırmızı fon”lu nişanlara olan tələblər də əks olunub.
Standarta əsasən dövlət qeydiyyat nişanında 21×42 millimetr ölçüdə Azərbaycan Respublikasının üçrəngli bayrağı düzbucaqlı şəkildə həkk olunur.
Dövlət standartının tələbləri məcburidir.