Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov sosial şəbəkədə açıqlama yayaraq Ermənistan prezidentinin 16 oktyabr bəyanatına cavab verib: “Təəssüflər olsun ki, Serj Sərkisyan yenə öz ampluasındadır. Adətinə uyğun olaraq danışıqlar zamanı əldə edilən razılaşmanı pozmağı özünə şərəf sayır. Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı. Heç olmasa həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanaydı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir.
Ermənistan prezidenti bilir və unutmamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə də qalacaq. Sərkisyanın planı nə onun vaxtında, nə də ondan sonra gələnlərin vaxtında reallaşacaq. Nə qədər himayədarlarına quyruq bulasa da, yuxusu çin olmayacaq. Sadəcə olaraq, deyəsən, onun məqsədi Ermənistanda yaşayanları daim təşviş və zillət içərisində saxlamaqdır. Nə olar, qoy çalışsın”.
Oktyabrın 16-da Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyan İsveçrənin Cenevrə şəhərində görüşüblər. Görüşdə iki ölkənin xarici işlər nazirləri, ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri, ATƏT sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.
Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə bəyanatında görüşün konstruktiv mühitdə keçdiyi vurğulanıb. Qeyd olunub ki, prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar.
Serj Sərkisyan İlham Əliyevlə görüşdən sonra diaspor nümayəndələri ilə bir araya gəlib. Novator.az-ın məlumatına görə, Sərkisyan İsveçrədəki erməni diasporunun təmsilçilərinə deyib ki, Ermənistan üçün Dağlıq Qarabağın təhlükəsizliyini hansısa formada pozacaq həll variantı yoxdur: “Bizim üçün yeganə həll Qarabağın Azərbaycanın tərkibində olmamasıdır. Heç bir erməni rəhbər bunun əksinə qərar qəbul edib gerçəkləşdirə bilməz”.
1988-ci ildən Ermənistan Dağlıq Qarabağ bölgəsini Azərbaycandan qoparmaq üçün təcavüzə başlayıb. 1991-ci ildə erməni separatçılar Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca alovlanan işğalçı müharibədə Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Ermənistanın nəzarətinə keçib.
1994-cü ildə elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir. Hazırda sülh danışıqları Madrid prinsipləri əsasında aparılır. Minsk qrupu həmsədrlərinin 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılması şərti ilə bölgənin yekun statusunun müəyyənləşməsini nəzərdə tutur.