Ermənistan prezidenti Serj Sərkisyan oktyabrın 16-sı Cenevrədə Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşdən sonra diaspor nümayəndələri ilə bir araya gəlib. Novator.az-ın məlumatına görə, Serj Sərkisyan İsveçrədəki erməni diasporunun təmsilçilərinə İlham Əliyevlə görüş barədə bunları deyib: “Problemin həll variantları üzrə hər hansı razılaşma əldə olunmadı. Ancaq biz ön xətdə itkilərin qarşısını almaq üçün gərginliyin bir qədər də azaldılması istiqamətində səy göstərməyə qərar verdik. Həm Azərbaycan prezidenti, həm də mən buna çox can atırıq”.
Serj Sərkisyan Qarabağ probleminin həllinin çətin iş olduğunu vurğulayıb: “Amma istərdim bir şeyə arxayın olasınız. Bizim üçün Dağlıq Qarabağın təhlükəsizliyini hansısa formada pozacaq həll variantı yoxdur. Bizim üçün yeganə həll Qarabağın Azərbaycanın tərkibində olmamasıdır. Heç bir erməni rəhbər bunun əksinə qərar qəbul edib gerçəkləşdirə bilməz”.
İlham Əliyevlə Serj Sərkisyan İsveçrənin BMT-nin mənzil-qərargahında və başqa beynəlxalq təşkilatlardakı nümayəndəsinin iqamətgahında görüşüblər. Görüşdə iki ölkənin xarici işlər nazirləri, ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri, ATƏT sədrinin xüsusi nümayəndəsi iştirak ediblər. Prezidentlər təkbətək də bir araya gəliblər.
Bu, Azərbaycan və Ermənistan prezidentlərinin 2017-ci ildə ilk görüşü olub.
Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə bəyanatında görüşün konstruktiv mühitdə keçdiyi vurğulanıb. Qeyd olunub ki, prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar.
1988-ci ildən Ermənistan Dağlıq Qarabağ bölgəsini Azərbaycandan qoparmaq üçün təcavüzə başlayıb. 1991-ci ildə erməni separatçılar Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca alovlanan işğalçı müharibədə Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Ermənistanın nəzarətinə keçib.
Serj Sərkisyan işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən Ermənistanın müdafiə naziri olub.
1994-cü ildə elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir. Hazırda sülh danışıqları Madrid prinsipləri əsasında aparılır. Minsk qrupu həmsədrlərinin 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılması şərti ilə bölgənin yekun statusunun müəyyənləşməsini nəzərdə tutur.