Oktyabrın 17-də Ukrayna paytaxtı Kiyevin Borispol Rayon Məhkəməsində azərbaycanlı jurnalist Fikrət Hüseynlinin məhkəməsi olub.
Hollandiyada yaşayan Fikrət Hüseynli oktyabrın 14-də Kiyevin Borispol hava limanında tutulub.
O, Ukraynaya bundan bir neçə gün qabaq gəlibmiş. Fikrət Hüseynlini Kiyevdən Almaniyanın Düsseldorf şəhərinə getmək istəyərkən Ukrayna Sərhəd Xidmətinin əməkdaşları saxlayıblar və jurnalisti Borispol hava limanında polis nəzarətinə veriblər.
Məlumatlara görə, Fikrət Hüseynli Azərbaycanın İnterpola verdiyi sorğu əsasında saxlanıb. Jurnalist Borispol hava limanının polis bölməsində olduğu vaxt mediaya açıqlamasında bildirib ki, onu vaxtilə mühacirətə gedərkən Azərbaycan sərhədini qanunsuz keçmədə və dələduzluqda ittiham edirlər. Jurnalistin sözlərinə görə, bir neçə il əvvəl Bakının Nəsimi Rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 178-ci (dələduzluq) maddələri ilə cinayət işinə başlanıb.
Novator.az “Turan” agentliyinə istinadla xəbər verir ki, oktyabrın 17-də Borispol Rayon Məhkəməsində keçirilən prosesdə Fikrət Hüseynli barəsində 18 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Jurnalistin ukraynalı vəkili Dmitro Mazurok “Turan”a deyib ki, bu müddətdə Fikrət Hüseynli Kiyevdəki müvəqqəti saxlama təcridxanasında saxlanacaq.
Fikrət Hüseynlinin müdafiəsini Ukrayna Helsinki İnsan Haqları Birliyi təmin edir.
Müdafiə tərəfi Borispol məhkəməsinin çıxardığı qərarla razılaşmır. Onlar hesab edirlər ki, Fikrət Hüseynli dərhal azadlığa buraxılmalı, onun vətəndaşı olduğu Hollandiyaya getməsi təmin edilməlidir.
Vəkil deyib ki, qərardan ən qısa zamanda apellyasiya şikayəti veriləcək. Dmitro Mazurok qeyd edib ki, 17 oktyabr prosesində müdafiə tərəfi Fikrət Hüseynlinin Azərbaycanda jurnalist fəaliyyətinə görə təzyiqlərə məruz qaldığı üçün Hollandiyadan siyasi sığınacaq aldığı barədə lazım olan məlumatları məhkəməyə təqdim edə bilməyib. Vəkilin sözlərinə görə, Niderland Krallığının Ukraynadakı konsulluğu apellyasiya məhkəməsinədək həmin məlumatların müdafiə tərəfinə verilməsini təmin edəcək.
Fikrət Hüseynli son vaxtlar xaricdən yaylan “Turan TV” ilə əməkdaşlıq edir. “Turan TV”nin Azerbaycansaati.com saytı Azərbaycan Respublikası ərazisində məhkəmə qərarı ilə bloklanıb.
Fikrət Hüseynli 1976-cı ildə Qərbi Azərbaycanın Ağbaba mahalında, Düzkənd kəndində doğulub. 1988-ci ildə Ermənistanda etnik təmizlənmə zəmində başlanmış deportasiya nəticəsində ailəsi ilə birlikdə Azərbaycana köçüb.
1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı yazdığı ilk şeir onun mətbuatda ilk çıxışı olub. Şeir 20 Yanvar faciəsinin ildönümündə, 1991-ci ilin yanvarında “Daşkəsən” qəzetində çap edilib.
15 yaşından mətbuatda çıxış etməyə başlayan Fikrət Hüseynli o dövrlərdə Türk-Oğuz, Vahid Azərbaycan Uğrunda Mübarizə kimi tələbə-gənclər təşkilatlarının iştirakçılarından olub.
Azərbaycanın müstəqilliyi dövründə, 1993-1998-ci illərdə hərbi jurnalist kimi AzTV-nin hərbi vətənpərvərlik proqramı, Müdafiə Nazirliyinin “Salnamə” və “And” studiyaları ilə əməkdaşlıq edib.
1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kultrologiya fakültəsinin bakalavr, 2000-ci ildə magistr pilləsini bitirib.
Həmin illərdə və sonrakı dövrdə “Millət”, “P.S.”, “Ulus” qəzetlərində, “Space” televiziyasının ABŞ Milli Demokratiya İnstitutu ilə birgə layihəsi olan, seçkilərə həsr edilmiş proqramında çalışıb.
2003-cü ilin prezident seçkisindən sonra Fikrət Hüseynli ölkəni tərk edib. 2004-cü ilin fevralında Azərbaycana dönüb, “Bakı xəbər” qəzetində jurnalist fəaliyyətini davam etdirib.
O, 2004-cü ilin dekabrından “Azadlıq” qəzetində çalışıb. “Azadlıq”ın əməkdaşı olduğu vaxt, 2006-cı il martında Bakının Badamdar qəsəbəsi ərazisində naməlum şəxslərin hücumuna məruz qalıb, bıçaqlanıb. Həmin ilin sonlarında yenidən Azərbaycanı tərk edib. 2007-ci ilin əvvəlində yenə ölkəyə dönüb və jurnalist fəaliyyəti göstərib.
Fikrət Hüseynli sonuncu dəfə Azərbaycanı 2008-ci ilin əvvəlində tərk edib. Həmin vaxtdan Niderland Krallığında yaşayır. Onun bu ölkədə vətəndaşlıq aldığı və Niderland Əmək Partiyasının üzvü olduğu bildirilir.