İspaniya hökuməti Kataloniya vilayətinin rəhbərliyinə daha bir ultimatum verib.
Novator.az-ın məlumatına görə, baş nazirin müavini Sorayya Saens de Santamariya hökumətin Kataloniya vilayətinin başçısı Karles Puçdemonta oktyabrın 19-dək vaxt qoyduğunu açıqlayıb. O vaxtacan Kataloniya lideri bölgənin müstəqil dövlət elan olunub-olunmaması sualına konkret cavab verməlidir.
Baş nazirin müavini Karles Puçdemontun İspaniyanın baş naziri Mariano Rahoya oktyabrın 16-da verdiyi cavabı qəbuledilməz adlandırıb: “Bu cavab Madridin tələblərinə uyğun gəlmir. “Hə” və ya “yox” cavabı vermək bir o qədər də çətin deyildi. Qəsdən yaradılmış dolaşıq vəziyyət davam etdirilir”.
Sorayya Saens de Santamariya rəsmi Madridin Kataloniya ilə dialoqunun mümkün olduğunu vurğulayıb, ancaq qeyd edib ki, bu proses qanun çərçivəsində aparılmalıdır.
Ərazisi 32,1 min kvadrat kilometr olan Kataloniya 1979-cu ildə muxtar vilayət statusu alıb. Bu il oktyabrın 1-i Kataloniyada keçirilmiş referenduma qatılanların 90 faizindən çoxu vilayətin müstəqil dövlət elan olunmasına tərəfdar çıxıb. İspaniya hökuməti referendumun qanunsuz olduğunu, nəticələrinin heç bir hüquqi qüvvə daşımadığını bəyan edib.
Kataloniya başçısı Karles Puçdemont oktyabrın 10-da bölgənin müstəqil dövlət elan olunması barədə bəyannamə imzalayıb. Mərasim Barselonada, yerli parlamentin iclasında keçirilib. Sənədə Karles Puçdemontun müavini, parlamentin spikeri, həmçinin müstəqilliyi dəstəkləyən deputatlar da qol çəkib.
Parlamentin iclasında çıxış edən separatçı lider bölgənin müstəqil dövlət elan olunmasına, bu haqda qanun qəbul etməyə tələsməməyi məsləhət görüb, rəsmi Madridlə dialoqa başlamağı təklif edib.
Oktyabrın 11-də İspaniyanın baş naziri Mariano Rahoy Kataloniya rəsmilərindən muxtariyyətin müstəqil dövlət elan olunub-olunmamasına aydınlıq gətirməyi tələb edib.
Müstəqillik elan olunub, ya yox? 11 oktyabr bəyanatında Mariano Rahoy Kataloniya rəsmilərini oktyabrın 16-dək bu suala dəqiq cavab verməyə çağırıb və qeyd edib ki, bu, ölkə konstitusiyasının 155-ci maddəsinin işə salınıb-salınmaması üçün zəruridir.
155-ci maddə Kataloniyanın muxtariyyətinin qismən dayandırılması mexanizmini nəzərdə tutur.
Oktyabrın 16-da Karles Puçdemont ölkə rəhbərliyinin ultimatumuna cavabında İspaniya rəsmilərini dialoqa çağıran təklifini təkrarlayaraq deyib: “Dialoq təklifimiz səmimidir. Yaxın iki ayda bir nömrəli vəzifəmiz dialoqa başlamaqdır”.
Karles Puçdemont baş nazir Mariano Rahoyu bölgədəki durumu müzakirə etmək üçün görüşə çağırıb.