AŞPA bürosu İlqar Məmmədovla bağlı çağırış edib
- 14 Oktyabr 2017
- comments
- Novator.az
- Posted in Xəbər
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bürosu oktyabrın 13-də Avropa İnsan Hüquqları Məhkəməsini Azərbaycanın İlqar Məmmədovun işi üzrə bu məhkəmədə çıxarılmış qərarı yerinə yetirib-yetirmədiyi ilə bağlı mümkün qədər tez rəy verməyə çağırıb. Məlumatı “Amerikanın səsi” yayıb.
Məlumata görə, bununla bağlı AŞPA-nın saytında yerləşdirilmiş açıqlamada deyilir ki, Azərbaycan İlqar Məmmədovun işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etmir və ona görə də AŞPA bürosu Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsində nəzərdə tutulmuş proseduru mümkün qədər tez tətbiq etməyə çağırır.
Konvensiyanın 46-cı maddəsində deyilir ki, Avropa Şurasının Nazirlər Komitəsi ölkənin Avropa Məhkəməsinin qərarını yerinə yetirməkdən boyun qaçırdığını hesab edirsə və məhkəmə bunun pozuntu olduğunu təsdiqləyirsə, onda iş tədbir görülməsi üçün Nazirlər Komitəsinə göndərilir.
Tədbirlərdən biri ölkənin Avropa Şurasından çıxarılması ola bilər.
İlqar Məmmədov Respublikaçı Alternativ (REAL) Hərəkatının lideridir. O, 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb. Hökmü Şəki Ağır Cinayətlər Məhkəməsi çıxarıb, Şəki Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb.
2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti ilə bağlı qərar verib. Avropa Məhkəməsi İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir sıra hüquqlarının pozulduğunu tanıyıb, Azərbaycana 22 min avro cərimə kəsib.
2015-ci il oktyabrın 13-də Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov barəsindəki qərarını ləğv edib, iş həmin instansiyaya qaytarılıb. 2016-cı il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb, beləliklə, İlqar Məmmədov həbsdə qalıb. 2016-cı il noyabrın 18-də Ali Məhkəmə İlqar Məmmədovun Şəki Apellyasiya Məhkəməsindən şikayətini təmin etməyib.
2017-ci il sentyabrın 21-də Avropa Şurasının Nazirlər Komitəsi İlqar Məmmədovun işi üzrə qərar çıxarıb. Qərar Avropa İnsan Hüquqları Məhkəməsinin hökmünün icrasız qalması ilə bağlıdır. Qərarda katibliyə aralıq qətnamə layihəsi hazırlamaq tapşırılıb. Həmin qətnamədə Azərbaycana öhdəliyini yerinə yetirməməsi, hökmü icra etməməsi ilə bağlı rəsmi xəbərdarlıq (məsələnin Avropa Məhkəməsində qaldırılacağı xəbərdarlığı) yer alacaq. İlqar Məmmədovun azadlığa buraxılması üzrə heç bir irəliləyiş əldə olunmasa, qətnamə layihəsi oktyabrın 27-də Nazirlər Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Avropa Şurası Nazirlər Komitəsinin bu qərarından təxminən iki həftə sonra, oktyabrın 4-də Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşərkən deyib ki, son vaxtlar Avropa Şurasının bəzi rəsmiləri ölkəyə qarşı yeni hücum təşkil ediblər: “Onlar bizi üzvlükdən məhrum etmək və bizə qarşı sanksiya tətbiq etməklə hədələyirlər. Təbii ki, bizim siyasətçilər, parlamentarilər, jurnalistlər və insanlar adekvat reaksiya nümayiş etdirirlər”.
Dövlət başçısı əlavə edib ki, Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək: “Həyatımızda heç nə dəyişməyəcək, biz bundan sonra nə yaxşı, nə də pis, nə zəngin, nə də yoxsul yaşamayacağıq. İnsan haqları və demokratiya bundan sonra da diqqət mərkəzimizdə olacaq”.
Bundan bir həftə sonra, oktyabrın 11-də AŞPA “Azərbaycanda demokratik təsisatların vəziyyəti” və “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” məruzələr üzrə iki qətnamə qəbul edib. Qətnamələrdə Azərbaycanın məhkəmə-hüquq sisteminin Avropa standartlarına uyğun gəlmədiyi, siyasi motivli həbslərin davam etdiyi, Avropa İnsan Hüquqları Məhkəməsinin məhbus siyasətçi İlqar Məmmədovla bağlı qərarının icra olunmadığı vurğulanıb, jurnalistlərin, ictimai-siyasi fəalların təqib olunduğu qeyd edilib.
Sənədlərə münasibət bildirən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib: “Subyektiv mülahizələrə əsaslanan bu tipli qərəzli sənədlərin qəbulu, təzyiq cəhdlərinin artması Azərbaycanı Avropa Şurası ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edir”.
Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov da məsələyə münasibət bildirib. O, “Twitter”də yazıb: “AŞPA-da oturanların bəziləri özlərini az qala inkvizisiya məhkəməsinin üzvləri kimi aparır və vəzifələrini cəza müəyyən etməkdə görürlər. Məgər AŞPA-da belə siyasətin Avropanı hara gətirib çıxardığını görmürlər? AŞPA hesab edirsə ki, onun əsas missiyası tərəfdarlarına cəza müəyyən etməkdir, özünün heç bir öhdəliyi yoxdur, onda bu qurum kimə və nəyə lazımdır?”
Novator.az bildirir ki, 1949-cu ildə yaradılan Avropa Şurasının başlıca məqsədi insan hüquqlarının, demokratiyanın, qanunun aliliyinin müdafiəsidir. Təşkilat 47 ölkəni birləşdirir. Baş qərargahı Fransanın Strasburq şəhərində olan qurumda 6 müşahidəçi ölkə də (Vatikan, İsrail, ABŞ, Kanada, Meksika, Yaponiya) var.
Qurumun əsas institutları üzv ölkələrin xarici işlər nazirlərindən ibarət Nazirlər Komitəsi; milli parlament üzvlərindən ibarət Parlament Assambleyası və hakimləri üzv ölkələrdən seçilən Avropa İnsan Hüquqları Məhkəməsidir. Avropa Şurasının insan haqları komissarı müstəqil vəzifəli şəxsdir. Şuranın konstitusiya hüququ üzrə məşvərətçi qurumu olan Venesiya Komissiyası fəaliyyət göstərir. Digər məşvərətçi orqan Yerli və Regional Hakimiyyətlər Konqresidir. Avropa Şurasına 5 ildən bir Parlament Assambleyasında seçilən baş katib rəhbərlik edir.
Hazırda Avropa Şurasının 13 üzvü Parlament Assambleyasının monitorinqi altındadır: Bosniya və Herseqovina, Makedoniya, Serbiya, Monteneqro, Albaniya, Bolqarıstan, Türkiyə, Moldova, Ukrayna, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan.
Gürcüstan və Ukrayna torpaqlarını işğal etdiyi üçün Rusiyanın nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasında səs hüququndan məhrumdur.
47 yaşlı İlqar Məmmədov Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində siyasi elmlər üzrə magistr dərəcəsinə yiyələnib. Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Bakı nümayəndəliklərində, ABŞ-ın Azərbaycandakı səfirliyində çalışıb. Beynəlxalq Böhran Qrupunun Azərbaycanda təmsilçisi, Avropa Şurasının Siyasi Biliklər Proqramının Azərbaycan üzrə direktoru olub. 5 il Milli İstiqlal Partiyası sədrinin müavini postunu tutub. REAL Hərəkatını 2008-ci ildə yaradıb.
2016-cı ildə hərəkat partiyaya çevrilmək niyyətini elan edib, bu məqsədlə həmin ilin martında partiya quruculuğu üzrə təşkilat komitəsi yaradılıb. 2017-ci ildə isə REAL hərəkatdan partiyaya çevrilmək üçün qurultay keçirməyi qərara alıb. Qurultay oktyabrın 29-na təyin olunub. Tədbirə yer ayrılması üçün artıq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib.
Qurultayda müzakirə olunacaq nizamnamə layihəsində Respublikaçı Alternativ Partiyasının (qısa adı REAL Partiya olacaq) ali orqan kimi Məclis nəzərdə tutulub. Layihəyə əsasən, partiyanın cari fəaliyyətinə İdarə Heyəti rəhbərlik edəcək.