Azərbaycanla Avropa Şurası arasında gərginlik son günlərin əsas mövzularından biridir.
Sentyabrın 21-də Avropa Şurasının Nazirlər Komitəsi REAL Hərəkatının məhbus lideri İlqar Məmmədovun azadlığa buraxılmayacağı təqdirdə oktyabrın 27-dən sanksiyalar olacağının anonsunu verib.
Oktyabrın 11-də isə Avropa Şurasının Parlament Assambleyası (AŞPA) “Azərbaycanda demokratik təsisatların vəziyyəti” və “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” məruzələr üzrə iki qətnamə qəbul edib. Qətnamələrdə Azərbaycanın məhkəmə-hüquq sisteminin Avropa standartlarına uyğun gəlmədiyi, siyasi motivli həbslərin davam etdiyi, Avropa İnsan Hüquqları Məhkəməsinin məhbus siyasətçi İlqar Məmmədovla bağlı qərarının icra olunmadığı vurğulanır, jurnalistlərin, ictimai-siyasi fəalların təqib olunduğu qeyd edilir.
Avropa Şurasının bu addımları rəsmilərin Azərbaycanın qurumdan çıxmaq hədələri səsləndirməsinə gətirib. Ekspertlər bu məsələ barədə nə düşünür? Novator.az hüquqçu Erkin Qədirli, siyasi təhlilçilər Elxan Şahinoğlu və Şahin Cəfərlinin sosial şəbəkədə yaydığı şərhləri təqdim edir.
Erkin Qədirli hesab edir ki, Ermənistanın Avropa Şurasında Azərbaycansız qalmasına yol verilməz: “Azərbaycanın Avropa Şurasından çıxacağına və ya çıxarılacağına inanmıram. Hökumətin Avropa Şurasına qarşı dediyi sözlərin ünvanı öz toplumumuzdur. Avropa Şurası da bunu anlayır. İşğalçını üzvlükdə saxlayıb işğala məruz qalanı üzvlükdən çıxarmaq Avropa üçün böyük mənəvi problem olar, böhran yaradar”.
Elxan Şahinoğlu yazır ki, Avropa Şurasından aralanmaq Azərbaycanın Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramında iştirakı ilə suallar yarada bilər: “İkincisi, bu addımdan Rusiya faydalanar. Moskva bölgə ölkələrinin Avropanın siyasi, iqtisadi və hərbi strukturlarına inteqrasiyasından narahatdır. Kremlin əsas hədəfi bölgə ölkələrinin Avropa ilə deyil, Rusiya ilə yaxınlığına nail olmaqdır.
Azərbaycan Avropadan uzaqlaşa bilməz. Əsas ticarət tərəfdaşlarımız Avropa İttifaqı ölkələridir, yeni tikilən boru xətləri ilə daşınacaq Azərbaycan qazının son ünvanı da köhnə qitədir. Odur ki, Azərbaycanın Avropa Şurasından çıxması Rusiyanın Azərbaycandakı mövqelərinin güclənməsinə səbəb olar. Bu, Azərbaycanın milli mənafelərinə və təhlükəsizlik maraqlarına ziddir.
Digər yandan Azərbaycanın Avropa Şurasından çıxması Ermənistanın və dünyadakı erməni lobbisinin maraqlarına cavab verər. Yəni Azərbaycanın Avropa Şurasını tərk etməsi doğru qərar olmayacaq.
Münasibətlərdəki gərginliyə son qoymaq üçün hər iki tərəf geri addım atmalıdır. Avropa Şurası rəsmiləri Azərbaycan hakimiyyəti əleyhinə sərt açıqlamalardan çəkinməli, hər hansı qətnamə qəbul etmədən əvvəl Bakı ilə dialoqu genişləndirməlidirlər. Rəsmi Bakı isə mübahisəli sayılan məhbusların azad olunması imkanlarını nəzərdən keçirməlidir”.
Şahin Cəfərli yazır ki, Avropa Şurası və Avropa İttifaqı kimi qurumlar siyasi baxımdan bir-biri ilə əlaqəlidir və birinin qərarının zəncirvari şəkildə digərinə də təsiri var: “İnsan haqları məsələsinə görə Avropa Şurasından çıxacaq, yaxud çıxarılacaq ölkənin Avropa İttifaqı ilə münasibətlərinin inkişafını gözləmək olmaz. Qurumdan çıxmaq hər şeydən əvvəl ciddi reputasiya itkisidir və Avropa İttifaqının belə bir dövlətlə oturub təntənəli şəkildə strateji tərəfdaşlıq haqqında saziş imzalaması problemli görünür.
Xarici ticarətimizin yarısından çoxu Avropanın payına düşür, əsas ixrac borularımız Qərbə doğru yönəlib. Bu əlaqələrin siyasi və təhlükəsizlik baxımından önəmi də böyükdür. Ümumiyyətlə, Avropadan, Qərbdən uzaqlaşmaq müasir, mədəni dünyadan təcrid olunaraq “izqoy”a çevrilmə təhlükəsi yaradır. Avropa Şurasından aralanmaq Dağlıq Qarabağın gələcəkdə reinteqrasiyası ehtimalının tamamilə aradan qalxması, erməni separatizminin tam legitimlik qazanması, müstəqilliyimizin real təhlükə altına düşməsi də daxil olmaqla bir sıra fəlakətli nəticələr doğura bilər. Dövləti və xalqı bu aqibətə düçar etməyə kimsənin haqqı yoxdur”.