Avropa ilə üzülüşmək?
- 13 Oktyabr 2017
- comments
- Novator.az
- Posted in AktualManşetŞərh
Avropa Şurasının Nazirlər Komitəsi sentyabrın 21-də REAL Hərəkatının məhbus lideri İlqar Məmmədovun işi üzrə qərar çıxarıb. Qərar Avropa İnsan Hüquqları Məhkəməsinin hökmünün icrasız qalması ilə bağlıdır. Katibliyə aralıq qətnamə layihəsi hazırlamaq tapşırılıb. Həmin qətnamədə Azərbaycana öhdəliyini yerinə yetirməməsi, hökmü icra etməməsi ilə bağlı rəsmi xəbərdarlıq (məsələnin Avropa Məhkəməsində qaldırılacağı xəbərdarlığı) yer alacaq. İlqar Məmmədovun azadlığa buraxılması üzrə heç bir irəliləyiş əldə olunmasa, qətnamə layihəsi oktyabrın 27-də Nazirlər Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Bu qərardan sonra Azərbaycanda Avropa Şurasından çıxmaq təklifləri səslənir. Ölkə 2001-ci ildən üzv olduğu Avropa Şurasından çıxa və ya çıxarıla bilərmi?
Ekspert baxışı
REAL Hərəkatının üzvü, politoloq Azər Qasımlı Novator.az-a deyib ki, nəzəri olaraq hər iki tərəfin imtina qərarı mümkündür: “Azərbaycan da təşkilatdan çıxmaq haqqında qərar verə bilər, Avropa Şurası da ölkəni üzvlükdən çıxarar. Amma məncə, Azərbaycan bu addımı atmaz. Hakimiyyət gözəl anlayır ki, Avropa Şurasından aralanan ölkə xarici siyasətdə strateji dəyişikliklər etmək məcburiyyətində qalacaq. Bu da iqtidarın iqtisadi maraqlarına uyğun gəlmir”.
Novator.az-a danışan hüquqşünas Ələsgər Məmmədlinin fikrincə, Avropa Şurasından çıxmaq çağırışları daha çox daxili auditoriyaya hesablanıb: “Çünki Azərbaycan bu təşkilata öz istəyi ilə daxil olub. Azərbaycan bir dövlət olaraq onun legitimliyini beynəlxalq miqyasda təmsil edən bir quruma qoşulub. Həm də hüquq və azadlıqlar baxımından Avropa standartına uyğunlaşmaq istəyi ilə doğru addım atıb. Azərbaycanın beynəlxalq mühitə inteqrasiyası, qanunvericiliyin təkmiləşdirilməsi, ölkədə hüquq sisteminin problemlərinin həlli baxımından Avropa Şurasının önəmli rolu var.
Azərbaycan günahsızlığı Avropa İnsan Hüquqları Məhkəməsində də təsbit olunmuş müxalif lider İlqar Məmmədovu israrla həbsdə saxlamaq istəyir və qarşılığında ölkənin beynəlxalq imicinə zərər vurur, Avropa Şurasındakı üzvlüyünü təhlükə altına salır. Bu mövqedən geri çəkilmək gərəkdir”.
Azərbaycanın təşkilatdan çıxma ehtimalına gəlincə, hüquqşünas bunu mümkün addım hesab etmir: “Proseslər onu göstərir ki, hökumət əslində Avropa Şurasına üzvlükdən yorulub, israrla qərarlara dirənir. Ardıcıl məhkəmə qərarları gəlir, kompensasiyalar ödənir, ona görə bir az danlaqdan qaçmaq istəyir. Amma reallığa gələndə bu mümkündürmü? Mümkün deyil, çünki özünü təcrid edən rejim uzun müddət ayaq üstə qala bilməz. Avropa Şurasından uzaqlaşmaq Azərbaycanın beynəlxalq sistemdə təcridinə aparıb çıxarar. Beynəlxalq maliyyə institutları daha çox beynəlxalq proseslərə inteqrasiyası olan dövlətlərdə investisiyaları təşviq edir, böyük layihələrə dəstək verir. Azərbaycan Avropa Şurasından çıxsa, ölkənin beynəlxalq nüfuzu sıfıra enər.
Avropa Şurasının Azərbaycanı üzvlükdən çıxarması da real görünmür. Amma Azərbaycan hökuməti ölkəni Avropa ictimaiyyətinin təmsil olunduğu məkandan kənarda qoymamaq üçün addımlar atmalıdır. Avropa Şurasından çıxarılmağımız Ermənistanın əlinə böyük fürsət verər, bu da ərazi bütövlüyümüzlə bağlı təhlükəni bir az da dərinləşdirər. Ona görə siyasi dairələr ən qısa müddətdə yanlış yoldan çəkinməlidirlər”.
Rəsmi mövqe
Oktyabrın 4-də Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşən prezident İlham Əliyev Avropa Şurasından çıxmaq çağırışlarının səslənməsinə toxunaraq deyib ki, son vaxtlar Avropa Şurasının bəzi rəsmiləri Azərbaycana qarşı yeni hücum təşkil ediblər: “Onlar bizi üzvlükdən məhrum etmək və bizə qarşı sanksiya tətbiq etməklə hədələyirlər. Təbii ki, bizim siyasətçilər, parlamentarilər, jurnalistlər və insanlar adekvat reaksiya nümayiş etdirirlər”.
Dövlət başçısı əlavə edib ki, Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək: “Həyatımızda heç nə dəyişməyəcək, biz bundan sonra nə yaxşı, nə də pis, nə zəngin, nə də yoxsul yaşamayacağıq. İnsan haqları və demokratiya bundan sonra da diqqət mərkəzimizdə olacaq”.
Oktyabrın 11-də Avropa Şurasının Parlament Assambleyası (AŞPA) “Azərbaycanda demokratik təsisatların vəziyyəti” və “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” məruzələr üzrə iki qətnamə qəbul edib. Qətnamələrdə Azərbaycanın məhkəmə-hüquq sisteminin Avropa standartlarına uyğun gəlmədiyi, siyasi motivli həbslərin davam etdiyi, Avropa İnsan Hüquqları Məhkəməsinin məhbus siyasətçi İlqar Məmmədovla bağlı qərarının icra olunmadığı vurğulanır, jurnalistlərin, ictimai-siyasi fəalların təqib olunduğu qeyd edilir.
Sənədlərə münasibət bildirən prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib: “Subyektiv mülahizələrə əsaslanan bu tipli qərəzli sənədlərin qəbulu, təzyiq cəhdlərinin artması Azərbaycanı Avropa Şurası ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edir”.
Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov da məsələyə münasibət bildirib. O, “Twitter”də yazıb: “AŞPA-da oturanların bəziləri özlərini az qala inkvizisiya məhkəməsinin üzvləri kimi aparır və vəzifələrini cəza müəyyən etməkdə görürlər. Məgər AŞPA-da belə siyasətin Avropanı hara gətirib çıxardığını görmürlər? AŞPA hesab edirsə ki, onun əsas missiyası tərəfdarlarına cəza müəyyən etməkdir, özünün heç bir öhdəliyi yoxdur, onda bu qurum kimə və nəyə lazımdır?”
13 üzv təftiş olunur
1949-cu ildə yaradılan Avropa Şurasının başlıca məqsədi insan hüquqlarının, demokratiyanın, qanunun aliliyinin müdafiəsidir. Təşkilat 47 ölkəni birləşdirir. Baş qərargahı Fransanın Strasburq şəhərində olan qurumda 6 müşahidəçi ölkə də (Vatikan, İsrail, ABŞ, Kanada, Meksika, Yaponiya) var.
Qurumun əsas institutları üzv ölkələrin xarici işlər nazirlərindən ibarət Nazirlər Komitəsi; milli parlament üzvlərindən ibarət Parlament Assambleyası və hakimləri üzv ölkələrdən seçilən Avropa İnsan Hüquqları Məhkəməsidir.
Avropa Şurasının insan haqları komissarı müstəqil vəzifəli şəxsdir.
Şuranın konstitusiya hüququ üzrə məşvərətçi qurumu olan Venesiya Komissiyası fəaliyyət göstərir. Digər məşvərətçi orqan Yerli və Regional Hakimiyyətlər Konqresidir.
Şuraya 5 ildən bir Parlament Assambleyasında seçilən baş katib rəhbərlik edir.
Hazırda Avropa Şurasının 13 üzvü Parlament Assambleyasının monitorinqi altındadır: Bosniya və Herseqovina, Makedoniya, Serbiya, Monteneqro, Albaniya, Bolqarıstan, Türkiyə, Moldova, Ukrayna, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan.
Gürcüstan və Ukrayna torpaqlarını işğal etdiyi üçün Rusiyanın nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasında səs hüququndan məhrumdur.
Töhfə Əzimova